Türkmən qazı Tehranı Bakı ilə dostluğa məcbur etdi – “Ehtiyatlı olmalıyıq...”

"Regionda əsaslı geosiyasi dəyişikliklər baş verir. Rəsmi Tehran gec də olsa başa düşür ki, atdığı yanlış addımlar onun regionda təklənməsinə gətirib çıxara bilər”.

Bu sözləri Sfera.az-a açıqlamasında siyasi analitik, politoloq Turab Rzayev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüş haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Bakı ilə yaşadığı son gərginlik İranın regiondakı müttəfiqləri ola biləcək ölkələri (Türkiyə, Pakistan və Rusiyanı) ondan uzaqlaşdırdı:

"İran anlayır ki, regionda fərqli siyasi proseslər yaşanır. Misal üçün, türk ölkələrinin son zamanlar aktivləşməsi və ya İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısında Pakistan, Türkiyə və Azərbaycanın regiona dair yeni layihələrin ərsəyə gəlməsində razılaşmasını İran yaxından izləyir. Tehran başa düşür ki, ya bu proseslərdən kənarda qalacaq, ya da özü də iştirak edəcək. İran buna görə də Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Digər tərəfdən, Tehran anlayır ki, gərginliyin böyüməsini Bakı da istəmir”.

T. Rzayevin sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin normallaşmasında Türkmənistan qazının da payı var:

"Türkmənistan uzun müddətdir ki, təbii qazını Azərbaycan üzərindən Avropa bazarına çıxarmaq istəyir. Bu istiqamətdə bir müddətdir rəsmi Bakı və Aşqabad arasında danışıqlar gedir. Dünənki Aşqabad görüşündə isə artıq razılaşma əldə olundu. Razılaşmaya görə, türkmən qazı İran üzərindən Azərbaycana daşınacaq. Göründüyü kimi, bu razılaşmada İrana da pay düşür.  Nəzərə almaq lazımdır ki, 1.5, 2 milyard kubmetr qaz az deyil. Bu gün Azərbaycanın Türkiyəyə ixrac etdiyi qazın ümumi həcmi 5 milyarda yaxındır. Bu mənada mövcud İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasında türkmən qazı faktorunu da qeyd etmək lazımdır”.

Siyasi analitikin sözlərinə görə, İranın Azərbaycana qarşı nə qədər səmimi olacağını zaman göstərəcək:

"İran hazırda ciddi maliyyə sıxıntısı çəkir. Buna görə də region ölkələri ilə, xüsusilə də Azərbaycanla münasibətləri normallaşdırmağa məcburdur. Lakin bu da bir gerçəkdir ki, gələcəkdə İran əvvəlki gücünə çatsa, mövqeyi dəyişə bilər. Bu mənada rəsmi Tehranla münasibətlərdə hər zaman ehtiyatlı olmaq lazımdır ".

Turan Rzayev

0
2231
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar