Rusiya hərbi texnika üzrə ixrac sifarişlərini yerinə yetirə bilməyəcək. Onun Ukraynadakı ordusunun texnikaya ehtiyacı var və Qərbin sanksiyaları da istehsala təsir edir. Eyni zamanda, hərbi uğursuzluqlar Rusiyanın tərəfdaşlarının onun hərbi sənaye kompleksinə inamını sarsıdıb.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

"Rusiya uzun müddətdir ki, müdafiə sənayesini özünün ən mühüm ixrac uğurlarından biri hesab edir. Bununla belə, ölkənin hərbi-sənaye potensialı hazırda ciddi təzyiq altındadır və onun etibarı bir çox silah sistemlərinin zəif işləməsi ilə əlaqələndirilərək sarsılıb”.

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bankın reytinqlərini təsdiq edib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Axar.az xəbər verir ki, agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2 səviyyəsinə, ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) reytinqini isə b1-dən ba3-ə yüksəldib. Kapital Bankın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq təsdiqlənib. Agentliyin hesabatında bildirilir ki, Kapital Bankın BCA reytinqinin yüksəldilməsi onun kredit portfelinin sağlam, gəlirlilik və likvidlik səviyyəsinin yüksək olmasını əks etdirir.

“Kapital Bankın 2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı 3,5% təşkil edib. Bankın kapitallaşması (2021-ci ilin sonuna TCE/RWA göstəricisi 13,6% olub), eləcə də yüksək xalis faiz marjası və səmərəlilik hesabına əldə olunan yüksək ehtiyatdan əvvəl gəlirliliyi (vergi və ehtiyatdan əvvəlki mənfəətin risk dərəcəsi üzrə ölçülmüş orta aktivlərə nisbəti 2021-ci ildə 8,6% təşkil edib) kredit itkilərini “udmaq” üçün banka yaxşı bufer yaradır. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını gözləyir”, — deyə hesabatda qeyd olunur.

Ölkənin birinci bankı olan Kapital Bank "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

4 uşağı olan ana Ağdam rayon icra başçısı Vaqif Həsənova yardımla bağlı dəfələrlə müraciət edib, başçı ilə şəxsən görüşüb, amma hələ də bir nəticə yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

“Baş verənlər haqda artıq Ailə Qadın Uşaq problemləri Dövlət komitəsinə məlumat verilib. O ailə 1 aydan çoxdur ki, mənə müraciət edir. Mən hər dəfə İcra Hakimiyyətinə yönləndirirəm, amma nəticə olmur. Qadın Prezident Adminstrasiyasına məktub ünvanlayıb. Adminstrasiya da İcra Hakimiyyətinə tapşırıb ki, ailənin problemi ilə məşğul olsunlar. Lakin qadın başçının yanına getsə də, qəbul etmirlər. Qadın özü ilə bərabər 4 uşağını da İcra Hakimiyyətinin qarşısında yandıracağını bildirib. Deyir, özünü öldürsə, 4 balası yetim qalacaq. Ona görə də elə 4 uşaqla bərabər özünü yandırmağı düşünür”, - Ağazadə bildirib.

Sutka ərzində Rusiya hərbçiləri Sum vilayətinin ərazisində 200 mina və mərmi atıb.

Axar.az xəbər verir ki, bu barədə Sum hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski deyib.

O bildirib ki, hücum nəticəsində xəsarət alan olmayıb.

İndoneziya hakimiyyəti Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında G20 sammiti çərçivəsində görüş keçirməkdə maraqlıdır.

Axar.az xəbər verir ki, bu barədə İndoneziyanın Moskvadakı səfiri Xose Tavares məlumat verib.

"İndoneziya lideri Coko Vidodo Rusiya və Ukrayna başçılarına çoxdan dəvət göndərib. Əgər onlar Balidə keçiriləcək G20 sammitində iştirak etsələr, o zaman, əlbəttə ki, görüş təşkil etmək imkanı olacaq. İndoneziya artıq hazırdır. Putin və Zelenski gəlsə , biz bunu istərdik”, - o,bildirib.

Qeyd edək ki, G20 sammiti noyabrın 15 və 16-da baş tutacaq.

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva güləşçilərimizin V İslam Həmrəyliyi Oyunlarındakı çıxışlarına baxıb.

Axar.az xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışların medal uğrunda görüşlərini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və MOK-un baş katibi Azər Əliyev izləyiblər.

Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), qadın güləşçimiz Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq), Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (50 kq) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov çıxış etdiyi İsveçrənin "Qrasshopper" klubunda 2-ci qolunu vurub.

Axar.az-ın məlumatına görə, 23 yaşlı hücumçu səfərdə "Lütsern"ə qarşı keçirilən İsveçrə Super Liqasının I turundan təxirə salınmış oyunda fərqlənib.

38-ci dəqiqədə rəqib qapısına yol tapan forvard komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada fasilədir. İlk hissədən sonra hesab 1:1-dir.

Azərbaycan-İran-Rusiya hökumət rəsmilərinin üçtərəfli görüşünün müzakirə mövzuları açıqlanıb. Üç ölkə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini müzakirə edəcəklər.

Axar.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib.

“İran-Azərbaycan-Rusiya arasında keçiriləcək üçtərəfli görüşdə tranzit və gömrük məsələləri, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi marşrutlarının şaxələndirilməsi, eləcə də İranın nəqliyyat naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin görüşundə dəmir yolu terminalı, yeni sərhəd körpüsü layihələrin son vəziyyəti nəzərdən keçiriləcək”, - səfir vurğulayıb.

Səfir görüşün vaxtını açıqlamayıb.

Seyid Abbas Musəvi Astara (İran) şəhərinin meri və bu şəhərin İran parlamentindəki deputatı ilə Astaraçay çayı üzərindəki körpü və yük dəmir yolu stansiyasına baş çəkib. İran-Azərbaycan sərhədindəki bu obyektlər hazırda inşa olunmaqdadır.

Qeyd edək ki, Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsasını təşkil edir.

Bildirilir ki, nəqliyyat dəhlizi yaxın vaxtlarda İran, Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkələrini birləşdirəcək. Astaraçay çayı üzərindən keçən körpü də Şimal-Cənub dəhlizinə birləşdiriləcək.

Türkiyə və İsrail iqtisadiyyat və ticarət əlaqələri üzrə konfrans keçirməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə İsrailin adı açıqlanmayan yüksək çinli məmuru deyib.

Onun sözlərinə görə, iki ölkə münasibətləri yoluna qoymaq üçün payızda belə bir konfrans keçirməyi düşünür.

Bildirilib ki, İsrailin iqtisadiyyat naziri Orna Barbivai Matan Şafranı Türkiyəyə yeni iqtisadiyyat üzrə attaşe təyin edib.

Barbivai bildirib ki, İsrailin iyul ayında İstanbulda iqtisadi və ticarət əlaqələri ofisini yenidən açması İsrailin münasibətləri dərinləşdirməyə sadiqliyini əks etdirir.

Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik.

Axar.az xəbər verir ki, bu, Kanada xarici işlər nazirinin ölkənin Azərbaycanla diplomatik əlaqələrinin qurulmasının 30 illiyi ilə bağlı bəyanatında yer alıb.

“Bu gün Kanadanın müxtəlifliyi, firavanlığı və uğurunun mühüm hissəsini təşkil edən fəal Azərbaycan icması da daxil olmaqla, insanlar arasında xoş əlaqələrə əsaslanan münasibətlərin, Azərbaycan ilə diplomatik münasibətlərimizin 30-cu ildönümü tamam olur.

“Ölkələrimiz otuz il ərzində beynəlxalq arenada ümumi dəyərləri daha da möhkəmləndirmək üçün güclü işgüzar əlaqələr inkişaf etdiriblər. Biz həm Ukraynaya humanitar yardım göstərməyə kömək edirik, həm də Əfqanıstanda birlikdə işləmişik və bu, ehtiyacı olanlara kömək etmək üçün qarşılıqlı öhdəliyimizə sübutdur. Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi forumlarda qlobal miqyasda qadınların səlahiyyətlərinin artırılması və ətraf mühitə nəzarətin təşviqində, eləcə də Qafqaz regionunda qaydalara əsaslanan beynəlxalq nizamın və demokratiyanın möhkəmləndirilməsində əməkdaşlıq etmişik.

“Biz bu mühüm günü qeyd edərkən Azərbaycanla əlaqələri möhkəmləndirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Biz gələcək illərdə bu mühüm dostluğu möhkəmləndirərək daha dərin əlaqələr yaratmağı səbirsizliklə gözləyirik”.

“Azərbaycanla multikulturalizmə birgə sadiqliyimiz güclü olaraq qalır”, - bunu isə Kanada xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant tviter hesabında yazıb.

“Bu gün Kanadanın və Azərbaycanın diplomatik əlaqələrinin 30-cu ildönümüdür. Bizim multikulturalizm və müxtəlifliyə birgə sadiqliyimiz güclü olaraq qalır. İnkişaflı və genişlənən Azərbaycan-Kanada icması ölkələrimizə böyük töhfələr verməkdə davam edir”, - Kanadanın Xarici İşlər Nazirliyinin rəsmisi vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi avqustun 3-də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisini intensiv atəşə tutması nəticəsində əsgər Anar Kazımovun həlak olması faktını pisləyən bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda bildirilir ki, İƏT Ermənistanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat üzrə öhdəliklərini yerinə yetirməyə və qanunsuz silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarmağa çağırır.

Baş Katiblik bu il martın 22-23-də Pakistan İslam Respublikasının İslamabad şəhərində keçirilən 48-ci sessiyasında İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnaməyə istinad edərək, eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşılıqlı tanıma, suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında nizamlanmasına çağırıb.

İƏT Baş Katibliyi azərbaycanlı şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Şri-Lankanın sabiq prezidenti Qotabaya Racapaksa sabah Tailanda gedəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, o, Tailanddan müvəqqəti siyasi sığınacaq almağa çalışır.

Qeyd edək ki, Racapaksa 14 iyulda kütləvi etirazlar səbəbindən ölkəni tərk edərək Sinqapura qaçmışdı.

Türkiyənin Afyon şəhərində ferma ərazisində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, təyyarədə olan iki nəfər xəstəxanaya yerləşdirilib.

“Birinci Kanal”ın canlı yayımında Ukraynadakı müharibəyə etiraz edərək gündəmə gələn redaktor Marina Ovsyannikovanı 10 ilədək həbs gözləyir.

Axar.az xəbər verir ki, bu barədə onun vəkili Dmitri Zaxvatov məlumat verib.

Məlumata görə, polis Ovsyannikovanın evində axtarış aparıb.

Qadına qarşı Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salma maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün Moskva məhkəməsi Rusiya ordusunu nüfuzdan saldığını əsas gətirərək redaktoru 40 min rubl məbləğində (1 000 manat) cərimələyib.

Məlumat üçün əlavə edək ki, M.Ovsyannikova sonuncu dəfə Kreml sarayının yaxınlığında “352 uşaq ölüb, sizin dayanmağınız üçün daha neçə uşaq ölməlidir?” yazılan plakatla etiraz aksiyası keçirib.

ABŞ təqaüddə olan məmurlar da daxil olmaqla, ölkə vətəndaşlarının həyatına qəsd etməyə cəhd etdiyi təqdirdə İrana ağır zərbə vurmağa hazırdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.

"Biz bunu əvvəllərdə bildirmişik və indi də deyirik: Co Bayden administrasiyası bütün Amerika vətəndaşlarını zorakılıq və terror təhdidlərindən qorumaqdan imtina etməyəcək. Əgər İran vətəndaşlarımızdan hər hansı birinə zərər verərsə, o zaman ölkə ağır nəticələrlə üzləşəcək”, - Sullivan bildirib.

Qeyd edək ki, bu gün ABŞ SEPAH üzvünü Donald Trampın hakimiyyəti dövründə prezidentin milli təhlükəsizliyi üzrə köməkçisi olmuş Con Boltona qarşı sui-qəsd planlaşdırmaqda ittiham edib.

Rusiya hərbi bölmələri Xarkov vilayətinin Starıy Saltov qəsəbəsini atəşə tutub, nəticədə 2 dinc sakin ölüb.

Axar.az xəbər verir ki, Xarkov polisi məlumat yayıb.

Məlumata görə, ruslar ərazini kasetli sursatlarla atəşə tutub.

Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.

Axar.az xəbər verir ki, dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb.

Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb.

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də idmançıları tək qoymadı və bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm.

Axar.az xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) jurnalistlərə müsahibəsində deyib.

“2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım. Dörddəbir final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşdim. Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim”, - deyə güləşçi əlavə edib.

Əsas hədəfinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu deyən H.Əliyev bildirib ki, qarşıda dünya çempionatı var:

“Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü Olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.

Azərbaycanın Ukraynaya gizli silah verməsinə dair iddia ortaya atılıb. İddianın İraq mediasında peyda olması ilk baxışdan qəribə görünə bilər, hərçənd, bu, əvvəl də istifadə edilmiş mexanizmdir və infotəxribatın arxasında İranın dayandığı bəllidir.

2019-cu ildə İsrail İraqda İrana bağlı Həşdi-Şəbi qruplaşmasına zərbələr endirəndə “PUA-ların Azərbaycandan qalxdığı” iddiası ortaya atıldı, ardınca İran, Rusiya və Ermənistan mediasında tirajlandı, daha sonra Qərbdə müəyyən media resurslarına yol tapıldı və nəhayət, region ölkələrinin mediası Qərb mediasına istinadən “etibarlı” informasiya kimi yayımladı. Bu, Bakıya qarşı siyasi təzyiq oyunlarının bir hissəsi idi.

Azərbaycanın Ukraynaya “silah göndərməsi” iddiası da eyni mexanizmlə yayımlanır.

İraqın “Sabereen News” saytı – media resursunun İrana yaxınlığı bəllidir - bu iddianı əldə etdiyi “məxfi fayl” olaraq yayımlayıb: Rusiyada erməniyönümlü media resurları, həmçinin, Ermənistan mediası sayta istinadla tirajayır.

Bu infotəxribatın təşkilatçısı olan İranın və tirajlanmasını həyata keçirən Ermənistanın hədəfi var: Rusiya-Azərbaycan münasibətlərini baltalamaq, Moskvanı Bakıya qarşı addımlara sövq etmək; xüsusilə Moskvada Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyin formalaşmasına nail olmaq, yaxud ən azı prosesi ləngitmək;

İddianın Qərbdə erməni diasporu/lobbisinin təsir edə bildiyi media resurslarına “yol tapacağı”, daha sonra “etibarlı məlumat” kimi yenidən “idxal” ediləcəyi də istisna deyil.

Fransa hakimiyyəti ölkənin cənub-qərbində meşə yanğınları səbəbindən 10 minə qədər insanı təxliyə edib.

Axar.az xəbər verir ki, bu barədə ölkə rəsmiləri məlumat yayıb.

Bildirilib ki, Jironda departamentində tüğyan edən yanğınlar 6,2 min hektarlıq yaşıllıq ərazini məhv edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Qarabağdan doğan Günəş və Ay – Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” adlı kitabın Ankarada, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının – TÜRKSOY-un Mərkəzi qərargahında keçirilən ilk təqdimatında çıxış edib.

Axar.az xəbər verir ki, Şuşa şəhəri də daxil olmaqla, Qarabağın təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini diqqətə çatdıran Qənirə Paşayeva bu kitabın ilk təqdimatının mədəniyyət diplomatiyası sahəsində uğurlu layihələr həyata keçirən TÜRKSOY-da baş tutmasını çox yerində və məntiqli hadisə kimi qiymətləndirib.

Q.Paşayeva vurğulayıb ki, Faiq Ələkbərli ilə birgə hazırladığı kitabın Türkiyədə nəşri və TÜRKSOY-da təqdimatı Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairlərinin yaradıcılığına verilən dəyərin ifadəsi olub, hər iki xanımın tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.

Q.Paşayeva Şuşanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu illərdə mədəni irsə qarşı vandallıqlardan da söz açıb, Natəvanın heykəli daxil olmaqla, heykəllərin belə güllələndiyini bildirib.

“Əgər qərinələr öncə Şuşada Xurşidbanu Natəvan, Fatma xanım Kəminə kimi tarixi şəxsiyyətlər yetişibsə, bu Şuşadakı mədəni mühiti, Şuşada, Qarabağda, ümumən Azərbaycanda qadına bəslənən münasibəti ifadə edir. Və biz qürur hissi keçiririk ki, 1918-ci ildə Yaxın Şərqdə ilk, ümumən dünyada ilklərdən biri olaraq qadına seçmək, seçilmək hüququ verən Cümhuriyyətin Azərbaycanda qurulması təsadüfi olmayıb, bunun tarixi, mədəni əsasları, kökləri olub”.

Q.Paşayeva TÜRKSOY rəhbərliyinə, təşkilatçı qurumların bütün mənsublarına, kitabın hazırlanmasında, nəşrində və təqdimatında zəhməti olan hər kəsə könül dolusu təşəkkür edib.

Qeyd edək ki, MM-in Mədəniyyət Komitəsi, TÜRKSOY və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankaranın Keçiörən rayon bələdiyyəsinin sədri Turqut Altınok, Türkiyə Cümhurbaşqanlığı yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri Aygün Attar, kitabın nəşrinə dəstək göstərmiş qurumlardan biri - “UNİTY Company” şirkətinin təsisçisi Fikrət Əliyev, “UMAY– Türk dünyası qadınlarına dəstək” İB sədri Vəsilə Abulova, Yeganə Əliyeva, rejissor Elnurə Kazımlı və başqaları iştirak və çıxış edib, təqdim olunan kitabın önəmi barədə fikirlərini bölüşüb.

Sonda MM-in komitə sədri Q.Paşayeva və tədbirdə iştirak edən Azərbaycanın nümayəndə heyəti üzvləri TÜRKSOY-a Azərbaycanın xalq rəssamı, dünya şöhrətli sənətkar Sakit Məmmədovun “Türk dünyası qadınlar tablosu” rəsmlərini və Qarabağ motivli xatirə hədiyyələri təqdim ediblər.