BMT Baş Assambleyası səs çoxluğu ilə ABŞ-ın BMT İnsan hüquqları şurasına qayıtmasına səs verib. "Radio Svoboda” xəbər verir ki, Birləşmiş Ştatlar şuranın yeni tərkibinə qəbul edilməsi barədə fevralın 24-də müraciət etmişdi. "Biz BMT-nin bütün üzv dövlətlərindən Şuraya qayıtmaq cəhdimizi dəstəkləməyi acizanə xahiş edirik”, - deyə o zaman dövlət katibi Entoni Blinken demişdi. Bununla belə qeyd olunub ki, Co Bayden administrasiyası Donald Tramp administrasiyasının şuranı 2018-ci ildə tərk edərkən səsləndirdiyi tənqidləri qismən bölüşür. BMT İnsan hüquqları şurası Baş Assambleya tərəfindən seçilən 47 üzv-dövlətdən ibarətdir. Hər bir üzvün səlahiyyət müddəti 3 ildir və heç biri iki müddətdən artıq seçilə bilməz. Şurada yerlər regionlar üzrə bölüşülür. 13 yer Afrika üçün, 13 yer Asiya üçün, 6 yer Şərqi Avropa üçün, 8 yer Latın Amerikası və Karib hövzəsi ölkələri üçün, 7 yer isə Qərbi Avropa və başqa ölkələr üçün (ABŞ, Kanada və İsrail də daxil) nəzərdə tutulur.14:43
67 nəfər Nərmin Qaralovadan şikayətçidir
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdindəki Humanitar Kollecin 67 nəfərlik müəllim kollektivi direktor Nərmin Qaralovadan şikayətçidir.
"67 nəfər qeyri-qanuni işdən çıxarılıb”
Şikayət ərizəsi ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Ombudsman Səbinə Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Baş nazirə, təhsil nazirinə və digər qurumlara ünvanlanıb.
Surəti kütləvi informasiya vasitələrinə göndərilən şikayət məktubunda deyilir ki, Nərmin Qaralova içərisində əhalinin həssas qruplarının da olduğu böyük bir ziyalı kollektivinin başına min oyun açır: "Belə ki, ilkin mərhələdə 46 ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli müəllim, 5 şöbə müdiri olmaqla ümumilikdə 67 nəfəri qeyri-qanuni şəkildə işdən çıxarıb”.
Keçmiş Baş prokurorun qohumu, şöbə müdirinin rəfiqəsi...
Məktub müəlliflərinini iddiasına görə, keçmiş Baş prokuror Zakir Qaralovla qohumluq əlaqəsi olan Nərmin Qaralova əsasən təhsil naziri Emin Əmrullayevin və rəfiqəsi kimi təqdim etdiyi Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın adından istifadə edir: "Vəzifəyə gələr-gəlməz Humanitar Kollecin tələbələrini (keçirilən video konfransda) "şamtutan” adlandıraraq təhqir edən, bu kimi hərəkətləri ilə bütün Azərbaycanda "məşhurlaşan” direktor Nərmin Qaralovanın bu günə qədər cəzasız qalması bir daha sübut edir ki, ciddi psixi problemlərinin olması ehtimal edilən həmin qadın həqiqətən də kimlərsə tərəfindən himayə olunur”.Direktor həyat yoldaşından qorxur?
Şikayətçilər yazır ki, Nərmin Qaralova işə təyin olunduğu gündən kollektivlə kobud rəftar edir, tələbələri təhqir etməkdən çəkinmir. Həmçinin o, şikayətə gələn heç kimi qəbul etmir: "Kabinetində oturaraq əlaltıları vasitəsilə ağlına gələn gülünc əmrlər verən Qaralova, nə müəllim kollektivini, nə də vətəndaşları qəbul edir. Bunu belə əsaslandırır ki, guya onun hansısa telekanalda işıqçı vəzifəsində çalışan əri çox qısqanc və qaraqabaq insan olduğundan ailə üzvlərindən başqa onun digər şəxslərlə görüşməsinə icazə vermir”.
Müəllimlər deyir ki...
Şikayətçilərin sözlərinə görə, Nərmin Qaralova bütün prosesləri müavini Kamran Məsimov vasitəsilə həyata keçirib:
"Kamran Məsimov əlində müxtəlif sənədlər tutaraq 67 ziyalının işdən çıxması üçün əmrin şəxsən təhsil naziri Emin Əmrullayev tərəfindən verildiyini söylədi. Ancaq tələblərimizə baxmayaraq, həmin əmrin özü və ya surəti bizə göstərilmədi, rəsmi qaydada təqdim edilmədi. Təhsil Nazirliyi ilə əlaqə saxladıqda isə belə bir əmr verilmədiyi bildirildi”.
Meydan TV hazırda Humanitar Kollecdə çalışan 2 müəllimlə əlaqə saxlaya bilib. Adlarının açıqlanmasını istəməyən həmin müəllimlər şikayətçilərin dediklərini təsdiqləyib. Onların sözlərinə görə, Nərmin Qaralova kollektivə ixtisar olacağını söyləyib, bəzi şöbələrin ləğv ediləcəyini deyib. O, şöbə müdirlərinə təklif edib ki, öz istəkləri ilə vəzifədən gedib müəllim kimi fəaliyyət göstərsinlər. Həmin şəxslər işdən çıxmaq istədiklərinə dair ərizə yazdıqdan sonra isə onların fəaliyyətinə xitam verib, müəllim kimi ştatda saxlamayıb.
İş məhkəməyə gedə bilər
Bildirilir ki, ixtisara düşmüş təhsil işçilərinin bir neçəsi oktyabrın 8-də Prezident Administrasiyasına gedərək kollektiv şikayət ərizəsini bu quruma təqdim ediblər. Onlar şikayətləri araşdırılmadığı təqdirdə məhkəməyə müraciət edəcəklərini deyirlər.
Kollecin rəhbərliyi Meydan TV-nin yazılı sorğusunu cavablandırıb. Həmin cavab olduğu kimi dərc olunur:
"ADMİU nəzdində Humanitar Kollec publik hüquqi şəxsdə 67 nəfərin işdən çıxarılması ilə bağlı xəbərin həqiqətə uyğun olmaması ilə bağlı dəfələrlə açıqlama vermişik.
Suallarınıza cavab olaraq bildiririk ki, 67 nəfərin işdən çıxarılması yalan məlumatdır, qeyd etdiyiniz ərizədən məlumatımız yoxdur.
Aparılmış struktur optimallaşması, yeni qəbul planı, orta ixtisas müəssisələrində təhsilin bu ildən 2 illik olması ilə bağlı müəyyən fənlərin saatları azaldığına görə bəzi müəllimlərə dərs yükü çatmamışdır. Lakin onlardan bəziləri işlə təmin olunmuşdur. Struktur dəyişikliyi ilə bağlı ixtisara düşən əməkdaşlara digər vəzifələr təklif olunmuş, bəziləri razılaşmış, bir neçə nəfər isə imtina etmişdir. Həmçinin sabiq rəhbərliyin dövründə orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulandan artıq sayda və orta ixtisas təhsilli müəllimlərin işlə təmin olunması kimi hallar aşkar edilmişdir. Qeyd edək ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Lakin biz həmin müəllimlərin sosial durumlarını nəzərə alaraq, ixtisaslarına uyğun şəkildə dərs yükü ilə təmin edirik və bu istiqamətdə işlərimiz davam edir.
Kollecin direktoru bütün əməkdaşları həmişə (hətta pandemiya dövründə) qəbul edir və dinləyir. Bunun əksini sübut edəcək heç bir hal yoxdur. Ailəsi barədə deyilənlər absurddur.
Direktorun Təhsil Naziri Emin Əmrullayev və Fərəh Əliyeva ilə heç bir yaxın əlaqəsi yoxdur.QEYD: *ADMİU nəzdində Humanitar Kollec publik hüquqi şəxs barəsində böhtan xarakterli, yalan, heç bir hüquqi və faktiki əsası olmayan, kollecin və onun direktorunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada (cinayət və mülki qaydada) məhkəmələrə müraciət ediləcək”. Sənəd Mənbə: Meydan Tv Sənəd Mənbə: Meydan TV
"Ölkə necə idarə olunursa, məmur biznesi də o məntiqlə idarə edilir" Son 5 ildə Azərbaycanda yaradılmış və qısa zamanda paytaxtın hər yerində, bölgələrdə filialları açılmış "Bravo" mağazalarının zərərlə işlədiyi bildirilir. Bu barədə "Marja" saytı məlumat yayıb. Həmin məlumatda bildirilir ki, "Azərbaycan Supermarket” MMC son 3 ildə zərərlə işləyib. 2018-2020-ci illərdə şirkət 132 milyon 351 min manat zərər edib. 2018-ci ildə şirkətin xalis zərəri 43 milyon 646 min, 2019-cu ildə 41 milyon 776 min, 2020-ci ildə 46 milyon 929 min manat təşkil edib. Gəlirlərə gəlincə, 2018-2020-ci illərdə "Azərbaycan Supermarket” şirkətinin cəmi gəlirləri 1 milyard 146 miylon 945 min manat olub. İqtisadçı Natiq Cəfərli deyir ki, şirkət gəlir əldə etmiş ola bilər. Əgər o gəlirdən xərclər çıxanda yerdə xalis mənfəət qalmırsa, bu, ziyanla işlədiyi anlamına gəlir: "Xalis mənfəət gələn gəlirdən bütün xərclər çıxandan sonra yerdə qalan vəsaitə deyilir. Görünür, şirkətin gəliri olub, ancaq mənfəəti olmayıb”. Natiq Cəfərli Mənbə: Meydan TV İqtisadçı bildirib ki, ölkə necə idarə olunursa, məmur biznesi də o məntiqlə idarə edilir: "Məmurlar büdcədən necə oğurlayırlarsa, onların biznesində olan gənc, "canavar" kimi CEO-ları da onlardan oğurlayır, ziyan da belə yaranır. Çünki heç bir məmur şirkəti biznes məntiqi ilə idarə edə bilməz. Bilirsiniz niyə? İstənilən yüksək çinli məmur 1 saniyəyə çəkdiyi imza ilə biznesdə 1 ildə qazana biləcəyindən çox pul qazanır. Belə pul qazanmaq imkanları ilə məmur uğurlu biznesmen ola bilməz. Bu, mümkün deyil”. "Bravo" Marketlər şəbəkəsindən Meydan TV-nin suallarını cavablandırmaq istəməyiblər. Ancaq şirkətin zərərlə işlədiyi də inkar edilməyib. "Azərbaycan Supermarket" MMC 2015-ci il fevralın 27-də yaradılıb. Nizamnamə kapitalı 2 min manat olan şirkətin qanuni təmsilçisi Kevin Paul Landıdır. Azadlıq Radiosunun 2016-cı ildə yayımladığı bir araşdırmasında bildirilir ki, "Azərbaycan Supermarket" MMC "Paşa Holdinq” MMC-yə daxil olan çoxsaylı şirkətlərdən biridir.
"Qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırıq" "Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb". Bu bəyanatı Azərbaycan Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında səsləndirib. İlham Əliyev deyib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olan İranla dövlət sərhədinin 130 kilometrlik hissəsinə nəzarəti bərpa edəndən sonra bu addımı atıb: "Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”. Ölkə başçısı müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşının minaya düşdüyünü, onların bir çoxunun həlak olduğunu, bir çoxunun isə ciddi xəsarət aldığını deyib. Əliyev Ermənistanı mina xəritələrini verməməkdə ittiham edib: "Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir". O, işğaldan azad edilən ərazilərdə otuz il ərzində bütün binaların, tarixi abidələrin məhv edildiyini bildirib: "Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər". Prezident vurğulayıb ki, işğal edilmiş ərazilərdə evlər və binalar kərpic-kərpic sökülərək Ermənistana və İrana satılıb: "Təbiətə də böyük ziyan vurulub. 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb”. Dövlət başçısı Dağlıq Qarabağ müharibəsinin və münaqişənin tarixdə qaldığını bir daha vurğulayıb: "Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara, həmçinin Ermənistanla sülh sazişinə dair müzakirələrə başlamağa da hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümid edirik ki, Ermənistan bu tarixi şansı əldən verməyəcək”. 2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb. 44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.(Meydan TV)
Cəmil Həsənli: "Respublikanın alternativi monarxiyadır" "Mən bu qanunun əleyhinəydim və 28 Mayın Müstəqillik Günü adlandırılmasını doğru saymıram. Həmin qanunun da əleyhinə səs verdim". Bunu Meydan TV-yə ReAl Partiyasının Siyasi Komitəsinin üzvü, deputat Erkin Qədirli "Müstəqillik Günü haqqında” yeni qanuna münasibət bildirərkən deyib. Milli Məclis "Müstəqillik Günü haqqında” yeni qanun layihəsini III oxunuşda qəbul edib. Qanunverici orqanın 15 oktyabr tarixli iclasında 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Erkin Qədirli qeyd edib ki, 28 May - Respublika Gününün adının dəyişdilməsi ilə bağlı layihəyə plenar iclasın I və II oxunuşda münasibətini bildirib: "Republika Gününə münasibətim aydındır. Amma 18 oktyabr Müstəqillik Gününün bərpasını doğru sayıram”. Erkin Qədirli Mənbə: ReAL Partiyası Milli Şuranın sədri, keçmiş deputat Cəmil Həsənli isə deyir ki, 1918-ci il mayın 28-də Respublikanın (Cümhuriyyətin) elan edilməsi Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi: "Buna görə həmin gün millətimizin tarixinə Respublika günü kimi daxil olmuşdu. İndi onun adını dəyişdirib Müstəqillik Günü qoyurlar. Səbəbsiz deyil. Görünür, hansısa niyyətləri var. Ölkədə 1990-cı ildən indiyə qədər mayın 28-i Respublika Günü kimi qeyd edilib. İndi nə baş verib ki, "Respublika” ifadəsindən imtina etdilər. Respublikanın alternativi monarxiyadır: əlbəttə, Şərq monarxiyası. Respublika sözünün mənası xalqa xidmət deməkdir. Faktiki olaraq, Əliyevlər özlərinə, öz ailələrinə xidmət edir, ölkənin sərvətlərin şəxsi varlanmaq subyektinə çeviriblər, ofşor krallığı yaradıblar, xarici mülklərini belə kral ailəsinə satır, ölkədə ailə monarxiyası qurublar. Gənc şahzadənin artıq Londonda qiyməti yüz milyonlarla ölçülən 17 mülkü var. Hakim ailənin millətdən oğurladığı pullar hesabına aldığı London mülkələrinin aşkarlanan dəyəri 700 milyon dollar ətrafındadır. Respublika quruluşu məhz belə oğurluqların qarşısını almaq üçündür. Respublikada belə şey ola bilməz. Respublika sistemində belə böyük oğurluq əməlinin hesabını sorarlar. Belə şeylərin qarşısını almaq üçün monarxiyaya gedən yolu təmizləmək lazımdır. Bu yolda ilk və böyük maneə respublikadır. Məhz bu ifadəni və onun atributlarını xalqın yaddaşından silmək istəyirlər”. Cəmil Həsənli Mənbə: Meydan TV Cəmil Həsənli deyib ki, hakimiyyət milləti ailə monarxiyasına adaptasiya etmək istəyir: "Bir şəxsin prezidentliyinə qoyulan məhdudiyyətləri də addım-addım bu formada qaldırıb ömürlük bir şəxsin idarəçiliyə yol açdılar, bir ailənin əbədi idarəçiliyinə "hüquqi" zəmin yaratdılar. 28 May ölkəmizin taleyində və tarixində Respublika üsul idarəsinin doğuşu günüdür, Respublikanın ad günüdür, təvəllüd tarixidir. İndi ölkəni bu tarixdən məhrum etdilər. Respublika ifadəsindən imtina monarxiyanın rəsmiləşdirilməsinə yol aça bilər. Əlbəttə, bunu etmək olmazdı, buna getmək yolverilməz idi. Amma etdilər və etdikləri üçün də monarxiyay gedən yolda ən böyük maneə olan RESPUBLİKANI şübhə altına aldılar”. Bu gündən, oktyabrın 15-dən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Həmin günlər hər il bayram kimi qeyd olunacaq. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
"İcra başçısı Mehdi Səlimzadə "get növbəni gözlə” deyərək məni başından edir” "Bu il mayın 30-da elektrik qısaqapanmasından evimiz alışdı, içindəki əşyaları ilə birlikdə tamamilə yanıb külə döndü. O gündən qapılarda qalmışam”. Bu sözləri Göyçay rayonunun İnçə kənd sakini Solmaz Heydər qızı Abdulxalıqova deyir. O, şəhid anası statusunu daşıyır. Oğlu Teymur Cayəddin oğlu Abdulxalıqov 7 yanvar 1994-cü ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə həlak olub. İndi evsiz qalan ana uzun illərdir mənzil növbəsində olduğunu söyləyir: "Atalar yaxşı deyib: "El-elə sığar, ev evə sığmaz”. Heç bir yerdən köməyim olmasa da, bir ümüdüm odur ki, dövlətimiz şəhid ailələrinə pulsuz mənzil verir və ya inşa edir. Mən uzun illər əvvəl həmin mənzil üçün qeydiyyata alınmışam. Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olmuşam. Hər dəfə də "get növbəni gözlə” deyərək məni başından edib. Vicdanı olan hər kəs başa düşər ki, çöllərdə qalmışam. Bunu başa düşüb, nəzərə almaq lazımdır, ancaq Mehdi Səlimzadə bunu başa düşmür”. "Mənim oğlum Birinci Qarabağ müharibəsində iştirak edib, qəhrəmancasına vuruşub, torpağı, milləti qoruyub. 80 yaşım var, uzun illər dişimlə, dırnağımla qazandığım, zəhmət çəkib tikdiyim evimin yanması həyatımı tamam məhv etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm, şəhid anası olmağımı, evimin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar mənzil verilməsinə, yaxud inşa edilməsinə köməklik göstərsin”, - Solmaz Abdulxalıqova deyir. Göyçay Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-yə məsələni araşdırıb məlumat verəcəklərini deyiblər.
Onlara yardım edən 6 Türkiyə vətəndaşının da saxlanıldığı deyilir Türkiyənin Van şəhərində əslən İrandan olan keçmiş əsgəri ölkəsinə qaçırtmaq istəyən 2 iranlı agent də daxil olmaqla 8 nəfər saxlanılıb. Əməliyyatı Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) və Van Təhlükəsizlik Müdirliyi birgə keçirib. Anadolu Agentliyi yazır ki, keçmiş İran əsgəri M.A Vanda yaşayır. Onu sentyabrın 24-cə İrana qaçırmaq istəyiblər. MİT İran kəşfiyyatçılarının M.A-nın oğurlanması üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqlarını müəyyən edib. Xəbərdə iddia edilir ki, İran kəşfiyyat məmurlarının göstərişi ilə MA -nın həyat yoldaşı ME-yə oğurluqda kömək etməsi müqabilində 10 min dollar təklif edilib. Ona bu təklifi qəbul etməyəcəyi təqdirdə ailəsinin təhlükə altına girəcəyi söylənib. Agentlik bildirir ki, İran kəşfiyyatının sentyabrın 24-də M.A-nı avtomobillə İrana qaçaqmalçılıq yolu ilə aparmaq üçün Vana 2 nəfər göndərib. Ancaq onların bu cəhdi uğursuz alınıb, çünki MİT və Van Təhlükəsizlik Müdirliyi şəbəkə üzvlərini cinayət başında yaxalayıb. İki İran vətəndaşı ilə bərabər onlara kömək edən 6 nəfər Türkiyə vətəndaşı da saxlanılıb. Fransa Xəbər Agentliyi isə yazır ki, 2 nəfər saxlanılıb. Onlardan biri İran, digəri Türkiyə vətəndaşıdır. Agentlik xəbəri yüksək rütbəli türk məmura əsasən yayıb. Əlavə edib ki, həmin iki nəfərə kömək edən daha 6 nəfər Türkiyə vətəndaşı da saxlanılıb. İranın İstanbuldakı Baş Konsulluğunda çalışan bir nəfər bu ilin fevralında iranlı mühəndis Mesut Mevlevinin öldürülməsinə görə həbs edilib. Mesut Mevlevi 2019-cu il noyabrın 14-də İstanbulun Şişli şəhərində qətl edilib. Fevralın 8-də diplomatik pasportla İstanbul Hava Limanına gələn Məhəmməd Rza Nəsirzadə də qətldə günahkar olduğu səbəbiylə tutularaq həbsxanaya göndərilib. İyulda ABŞ-da Tehran kəşfiyyatına işlədiyi iddia olunan dörd iranlı saxlanılıb. ABŞ prokurorluğu onların Nyu-Yorkda İranı tənqid edən İran əsilli amerikalı jurnalist Masih Alinejadı qaçırma planı hazırladıqlarını iddia edir. İran hökuməti bu ittihamları əsassız sayıb. Ancaq ABŞ şübhəlilərdən birinin İran kəşfiyyatının zabiti, digər üç nəfərinsə İranın kəşfiyyat şəbəkəsinin üzvləri olduğunu bildirib. ABŞ səlahiyyətliliəri iddia edirlər ki, son illərdə İran kəşfiyyat zabitləri bir neçə dəfə xarici aktivistləri qaçırıb.
Razi Hümmətov "Bandotdel”də işgəncəyə məruz qaldığını deyir "Facebook"dakı hesabından "İlham Əliyev, xalq səni sevmir" məzmunlu paylaşımından bir neçə gün sonra narkotik ittihamıyla həbs olunan Razi Hümmətovun məhkəməsi başlayıb. Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Telman Hüseynovun sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona məhkəmədəki hüquq və vəzifələri izah olunub. Razi Hümmətovun vəkili Cavad Cavadov müvəkkilinə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik daşıma, saxlama) maddəsilə irəli sürülən ittihamın əsassız olduğunu bildirərək, onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Razi Hümmətov narkotikin ona aidiyyəti olmadığını deyir. İş materiallarındakı pozuntular da onun dediklərinin doğru olduğunu düşünməyə əsas verir. Vəkil daha bir vəsatət qaldırıb ki, əgər cinayət işinə xitam verilməsə, heç olmasa, məhkəmə dövründə ev dustaqlığına buraxılsın. Razi Hümmətov vəkilinin qaldırdığı vəsatətləri müdafiə etməklə yanaşı, vurğulayıb ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel kimi tanınır) işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, ilkin dindirmə protokolundakı imzanı da fiziki təzyiqlər altında atıb. Məhkəmə bu vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı oktyabrın 21-nə təyin edilib. Razi Hümmətov ilahiyyatçı Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvüdür. Hərəkatın onun həbsindən sonra yaydığı bəyanatda bildirilir ki, Razi Hümmətov "Facebook" hesabından hökuməti tənqid edən paylaşımlarına görə cəzalandırılıb. Hərəkat bəyan edib ki, Razi Hümmətov özü narkomaniya və narkotik satışına qarşı mübarizə aparan fəal olub. Razi Hümmətovun ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.(Meydan TV)
"Sadiq Xan dəbdəbəli evlər tikib" deyən özünə inamlı görünən və xarici aksent ilə danışan adam kameraya baxaraq danışır: "Kam əlverişli evlər tikəcək".
Doqquz saniyəlik videoçarx Kam Balayevin bu il keçirilən 39-cu seçkilərdə Londonun məşhur bələdiyyə sədrini taxtından uzaqlaşdırmaq cəhdinin bir hissəsidir. Balayev seçki kampaniyası üçün yaradılan internet saytında tələbəlik illərində Azərbaycandan bura gəldikdən sonra şəhərə aşiq olduğunu deyib. İndi isə istəyi "bütün londonlular üçün çalışmaq"dır.
Ancaq Balayev arzuları olan hər hansı bir mühacirdən fərqlənir və Londonda dəbdəbəli daşınmaz əmlak mövzusu özü və köhnə qohumları üçün olduqca vacib məsələdir.
Kam Balayev bələdiyyə başçılığına namizəd kimi "Facebook”da öz kampaniyasını reklam edir Mənbə: Facebook / Kam Balayev
PANDORA Sənədləri
Bu sənədlər Beynəlxalq Araşdırma Jurnalistləri Konsorsiumuna (ICIJ) sızdırılan və OCCRP də daxil olmaqla dünyadakı bütün media tərəfdaşlarına göndərilən, ofşor şirkətlər üçün korporativ xidmət təmin edənlərə məxsus milyonlarla sənəddən ibarət Pandora Sənədlərinin bir hissəsidir.
Ümumilikdə, o vaxtdan bəri ən azı bir mülk satılsa da, Əsədovlar ailəsinin bu illər ərzində demək olar ki, 10 milyon dollar dəyərində aktivi olub. Ailə üzvlərinin naməlum gəlirlərini nəzərə aldırda, bu pulun mənbəyi suallar doğurur.
Oqtay Əsədov parlamentə rəhbərlik etdiyi 14 il ərzində rəsmi olaraq 30 min dollardan az maaş alıb. (Eyni zamanda Azərbaycan Tennis Federasiyasının prezidenti olub, orada maaş alıb -almadığı məlum deyil. Onun özəl sektorda pul qazanması qanunsuz olardı.)
Onun uzun illər bir dövlət bağçasında müdir vəzifəsində olan həyat yoldaşı daha az pul qazanıb. Ancaq hazırda Moskvada böyük bir kirayə əmlak sahibidir, lakin onun gəliri ailənin həyata keçirdiyi alqı -satqıları izah etməyə kifayət etmir və ilk növbədə onun bu mülkü satın ala bilməsi daha çox suallar ortaya çıxarır. Ailənin iki qızı birlikdə şəxsi uşaq bağçasının sahibidirlər. Onlarla əlaqəli digər şirkətlər böyük qızının əri tərəfindən qurulan iki köhnə türk şirkətidir.
Şərh istəklərinə cavab olaraq Kamran Balayevi müdafiə edən vəkil "vəzifə səlahiyyətlərindən sui -istifadə etməsi ilə bağlı iddiaları rədd etdiyini", qeyri -qanuni davranışları "absurd" kimi qiymətləndirdiyini və "uzun illərdir ki, cənab Əsədovla və ailəsi ilə birbaşa əlaqəsi olmadığını" qeyd edib.
Əsədov, həyat yoldaşı, qızları və digər kürəkəni jurnalistlərin müraciətlərini cavabsız qoyub.
Balayevin məsləhətləşdiyi, indi fəaliyyətini dayandıran Londondakı hüquq firması tərəfindən nəşr olunan tərcümeyi-halına görə, o vaxt Azərbaycan Ədliyyə Nazirliyində çalışan bir dövlət məmuru olub və gənc həyat yoldaşı ilə bu cür mülkləri necə əldə edə bildiyi sual doğurur.
Bənzər suallar ailəsinə də verilə bilər.
Balayevin on ilə yaxın evli qaldığı Nərminə Əsədova, vətəni Azərbaycanda ən nüfuzlu siyasətçilərdən biri, keçmiş parlament sədri Oqtay Əsədovun kiçik qızıdır.
Prezident İlham Əliyev, dövlət orqanının 2020-ci ildəki ilk plenar iclasında Azərbaycan parlamentindəki xidmətlərinə görə Oqtay Əsədova təşəkkür edib. Mənbə: president.az
Spikerin mənzili
Oqtay Əsədov, Sovet İttifaqından ayrılaraq müstəqillik əldə etdikdən sonra - 2005-ci ildən 2019-cu ilə qədər bu vəzifəni icra edib, Azərbaycan parlamentinin ən uzun müddətli sədri olub. O, hətta parlamentdə daha öncədən olub: ilk dəfə 2000-ci ildə seçilib və bu günə qədər oradadır.
Çalışdığı müddətdə bəzən digər millət vəkilləri ilə mübahisə edən, Avropa Birliyindəki həmkarlarını korrupsiyada ittiham edən kobud adam kimi tanınıb.
Bakıdakı mülkləri əhatə edən divarların arxasında dəbdəbəli yaşamalarına baxmayaraq, əksər hallarda özü və ailə üzvləri ictimaiyyətin gözündən kənarda qalıb. Şəxsi məkan Əsədovla o qədər eyniləşdirilir ki, bəzən onu "spiker bloku" adlandırırlar.
Əsədovlar ailəsinin Bakının şimal -qərb hissəsində yerləşən yaşayış kompleksi 2009-2012-ci illər arasında yeni bir villaya çevrilib. Burada tennis kortu var və ətrafı yüksək divarlarla örtülüb. Mənbə: Illustration by Edin Pasovic, OCCRP / Google Earth Pro
Əsədov parlamentdə spiker olduqdan iki il sonra, ailəsi xaricdə bilinən ilk daşınmaz əmlakın alqı-satqısını həyata keçirib: 2007-ci ildə həyat yoldaşı Zemfira Əsədova Moskvada "Triumph Palace”da, böyük bir neo-Stalin üslunubda tikilən göydələndə dəbdəbəli bir mənzil alıb.
Onun 57 mərtəbəli binadakı 1000 mənzildən biri olan 148 kvadratmetrlik mənzilə nə qədər pul ödədiyi məlum deyil. "Triumph Palace”da oxşar ölçülərdəki mənzillər hal -hazırda 1,4 ilə 1,7 milyon dollar arasında satılır.
Ancaq bu dövlət bağçası müdirinin Rusiyanın paytaxtında satın aldığı yeganə əmlak deyil. Sonrakı il o Moskvanın cənubundakı bir binanın zirzəmisində və birinci mərtəbəsində böyük ticarət obyektlərinə sahib olan "Arizarum Group” adlı bir şirkəti satın alıb.
"Kapriz” içərisində saunalar, hovuzlar, dincəlmək yeri və soyunma otağı olan kiçik bir spa və gözəllik salonudur. Əmlak qeydləri Əsədovanın bu mülkün sahibi olub -olmadığını və ya sadəcə buranı kirayə götürüb -götürmədiyini aydın şəkildə göstərmir. Mənbə: Sonya Savina
"Arizarum” şirkətinin maliyyə hesabatlarına əsasən, şirkət 2013-cü ildən bəri təxminən 800.000 dollar gəlir əldə edib. Rusiya Əmlak Reyestri, 2013-cü il üçün əmlakın dəyərini 2 milyon ABŞ dolları olaraq hesablayıb, lakin bu "kadastr dəyəri" çox vaxt həqiqi bazar dəyərinin altındadır.
Əsədovanın "Arizarum”u almaq şərtləri məlum deyil. Jurnalistlər onunla əlaqə saxladıqda, əvvəlki sahibi şirkət üçün nə qədər maaş aldığını xatırlamadığını söyləyib.Qızlar və kürəkənlər
Oqtay Əsədovun qızları Nərminə və Nigar gəlir mənbələrinin çox olması ilə məşhur deyillər. Hər iki bacı Bakıda özəl uşaq bağçası yaradıb və Nigar dövlətə məxsus doğum evində həkim kimi çalışır.
ABŞ-ın Qadın Tennis Assosiasiyası tərəfindən nəşr olunan qaydalar kitabında, Nigarın adı Bakı Tennis Akademiyasında dörd il müddətində keçirilən qadın tennis turniri "Baku Cup 2012”nin direktoru olaraq göstərilib.
"Triumph Palace” tikildikdən sonra Avropanın ən hündür yaşayış binası olub. Stalinin dövründə şəhərdə tikilmiş göydələn olan "Yeddi Bacı”ya bənzəyən "Səkkizinci Bacı" adlanır. Mənbə: Panther Media GmbH / Alamy Stock Photo
Federasiya kuklaları
Azərbaycanda bəzi idman federasiyaları dövlət rəsmiləri tərəfindən idarə olunur, lakin özəl fondlar hesabına maliyyələşdirilir. Bəziləri də dövlətdən dəstək alır.
Prezident İlham Əliyevin həyat yoldaşı Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, fövqəladə hallar naziri Azərbaycan Boks Federasiyasına rəhbərlik edir, Azərbaycan Şahmat Federasiyasının prezidenti isə Mərkəzi Bankın rəhbəridir.
Keçmiş spiker Əsədov 2004 -cü ildən bəri Azərbaycan Tennis Federasiyasına rəhbərlik edir. Dövlət rəsmiləri tərəfindən idarə olunan digər idman təşkilatları kimi, federasiyadan da maliyyə barədə açıqlama verməsi tələb olunmur.
"Bu sektorda şəffaflıq yoxdur", - deyən azərbaycanlı iqtisadçı Zöhrab İsmayıl qeyd edir: "Əlbəttə ki, bu pulların hardan gəldiyi və hara getdiyi məlum deyil. Bu, çox şübhələr yaradır".
2008-2011-ci illərdə inşa edilən Bakı Tennis Akademiyasının tikintisinin dəyəri məlum deyil. İqtisadiyyat Nazirliyindən OCCRP -yə məlumat veriblər ki, tikinti dövlət pulu ilə maliyyələşdirilməyib. Lakin açılış mərasimində Prezident Əliyev iştirak edib.
Nə Tennis Akademiyası, nə də Federasiya şərh və ya maliyyə məlumatı ilə bağlı məlumat almaq istəklərinə cavab verməyib.
"C4ADS” araşdırma təşkilatı tərəfindən OCCRP-yə verilən sızdırılmış məlumata görə, Nigar Əsədova 2016-2018-ci illər arasında Dubayda yerləşən "Al Bateen Residences”də ikiotaqlı mənzil alıb. Tikinti layihəsi "möhtəşəm 50 mərtəbəli yaşayış kompleksi" kimi təqdim olunur və birbaşa çimərliyə yaxındır, açıq hovuzu, 24 saat mühafizə xidməti var və digər imkanlara sahibir.
Nigarın həyat yoldaşı Mehman Qocayev də Dubayda daşınmaz əmlak satın alıb. Sızdırılmış eyni məlumata görə, elit "Jumeirah Park” bölgəsində üçotaqlı bir villanın sahibi olub. O, mülkü 2014-2016 -cı illər arasında 740.000 dollara satın alıb.
Mərhum keçmiş prezident Heydər Əliyevin anım mərasimi, Mehman Qocayev Bakı şəhərinin baş prokuroru İlqar Abbasovun sağ tərəfində oturub. Mənbə: genprosecutor.gov.az
Qocayev 2009-cu ildə Londonda qohumlarına yaxın nüfuzlu "Regent's Park” ərazisində 1,2 milyon dollara üçotaqlı mənzil almaqla Londonda da daşınmaz əmlak sahibi olub.
Qocayev ötən ilədək Bakı şəhər prokurorunun iki müavinindən biri idi.
Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Qanunu dövlət rəsmilərinin birbaşa və ya dolayı yolla, hətta "part-taym” şəkildə hər hansı bir bizneslə məşğul olmasına qadağa qoyur.
Qocayev biri metal ticarəti, digəri tikinti şirkəti kimi qeydiyyatdan keçmiş iki məşhur türk ailəsi ilə birlikdə iki türk şirkətinin ortağı, eyni zamanda şirkətlərdən birinin direktoru olub.
Şirkətlərin heç biri haqqında məlumata internetdə axtarış zamanı rast gəlinmir və gördükləri işlər məlum deyil. Qanun dövlət rəsmilərinin bir şirkətin "idarə heyətinə daxil olmasını" açıq şəkildə qadağan etsə də, bu şirkətlərə sahib olması korrupsiyaya qarşı mübarizə qanunlarını pozub-pozmadığı bəlli deyil.
Sağdakı "Al Bateen” kompleksi, 50 mərtəbəli yaşayış qülləsindən və Dubay sahilində yerləşən "DoubleTree” otelindən ibarətdir Mənbə: "Alain Holding”
Boşanma Ofşora aparır
Biri istisna olmaqla, bu araşdırmada adı çəkilən bütün mülklər Əsədovlar ailəsinin öz adlarına alınıb. Yeganə istisna, Nərminənin kiçik bacısı və onun keçmiş həyat yoldaşı, bələdiyyə başçısı kimi namizədliyini irəli sürən Kamran Balayevin Londonda satın aldıqları ikinci mənzildir.
Sənəd üzərində "Porchester Terrace”da yerləşən mülk, Britanyanın Vircin Adalarında qeydiyyatdan keçmiş, cütlüyün ortaq şəkildə yaratdığı "NNM Investment” adlı bir şirkətə məxsus olub.
Bu məlumatlar cütlüyün vəkilləri ilə "NNM” şirkətini yaradan Panamadakı "Alcogal” adlı hüquq firmasının nümayəndələri arasındakı e-mail yazışmalarında görünür.
Atasının nüfuzuna baxmayaraq, Əsədova və Balayev Britaniyanın Virgin Adalarında şirkətin səhmdarı olduqdan bir neçə həftə sonra doldurduqları sorğu anketində "siyasi əlaqələri olub-olmaması” sualına "yoxdur” cavabını işarələyiblər.
E-maillərdə həmçinin cütlüyün ictimaiyyət arasında yayılan boşanma xəbərindən sonra Balayevin iki fərqli arqument göstərərək şirkət üzərində daha çox nəzarəti ələ almağa çalışması ilə bağlı fikirlər də təqdim olunur.
"NNM” şirkətini birgə qurduqları halda, yalnız Nərminə direktor kimi təyin olunub. Lakin "Alkogal”-ın 2012 -ci ilin iyul ayında aldığı bir e-maildə qeyd olunur ki, Balayev indi idarəyə nəzarəti itirmədiyinə əmin olmaq istəyib.
Tom Stocks/OCCRP Mənbə: Nərminə və Kamran Londonda, "Porchester Terrace”də yerləşən bu binada mənzil alıb.
Adətən belə bir tələb şirkətin cari direktorunun qətnaməsi ilə nəticələnir. Amma heç bir şey çıxmayıb.
İki həftə sonra Balayev yenidən cəhd göstərib. Bu dəfə öz adından bir e-mail göndərib: "Mən şirkətin tənzimlənməsini dəyişdirmək istərdim ki, şirkətin maraqlarına toxunan hər hansı bir qərar, o cümlədən mülkiyyətlə bağlı (Porchester Terrace-da yerləşən mülkiyyət də daxil olmaqla) hər hansı bir qərar yalnız səhmdarların ortaq qərarı ilə alınsın",- deyə həyat yoldaşının ona verdiyi etibarnaməyə əsaslanaraq bu dəyişikliyi etmək səlahiyyətinə malik olduğunu da əlavə edərək yazıb.
Nəhayət, Əsədova həyat yoldaşının nə etmək istədiyini başa düşüb. 2013-cü ilin fevral ayında onun nümayəndələri Panama hüquq firmasına e-mail göndəriblər: "Öyrəndik ki, cənab Kamran Balayev sizə təlimat vermiş ola bilər. Bu e-maillə xanım Əsədova tərəfindən imzalanmış və ya imzalandığı iddia edilən etibarnamələrin ləğv edildiyini rəsmi olaraq sizə bildiririk".
Boşanmalarına baxmayaraq, əmlak qeydlərində görünür ki, cütlük hələ də birlikdə Londonun Kendal küçəsindəki bu binada ortaq mənzilin sahibidirlər Mənbə: Tom Stocks, OCCRP
Balayev İngiltərədə qaldı, nəticədə bələdiyyə başçılığına namizəd oldu, bir neçə şirkət açdı və hazırda fəaliyyətini dayandırmış London hüquq firmasına məsləhətçi kimi işlədi.
"Sərhədsiz Hüquqşünaslar" qeyri -kommersiya məqsədi daşıyan insan hüquqları təşkilatı qurduğu üçün Balayev, firma tərəfindən nəşr olunan tərcümeyi-halda "insan hüquqları qanunu mövzusunda arzuları olan" bir şəxs kimi təsvir edilib.
Bəlkə də təəccüblü deyil ki, 2013-2017-ci illər arasında fəaliyyət göstərən qrup Azərbaycan hökuməti tərəfindən təzyiqə məruz qalmış müxalifləri müdafiə edən bir neçə vəkilə qarşı ciddi insan haqları pozuntuları olmasından heç bəhs etməyib.
Balayev boşandıqdan sonra "Alcogal” tərəfindən yaradılan iki ofşor şirkətini istifadə edərək 3,1 milyon funt sterlinqə (5,2 milyon dollar) Londonda iki mülk satın alıb.
Olesya Shmagun (OCCRP), Tom Stocks (OCCRP), Sonya Savina (IStories), Nigar İsgəndər və Həbib Müntəzir (Meydan TV) araşdırmaya köməklik göstəriblər.
Mənbə: Meydan TV Müəllif: OCCRP
"Digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir" Göygöl rayonunda it döyüşləri üzrə "ölkə çempionatı” təşkil edən şəxslərin saxlanıldığı deyilir. Məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb. Nazirlik bildirib ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl naməlum şəxslərin it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülərin paylaşılıb. Bundan sonra polis məsələni nəzarətə götürüb: "Qısa zamanda həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib". İt döyüşlərini təşkil edən 5 nəfərin saxlanıldığı bildirilir: "Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüsey Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıb". "Onlar izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər", - DİN-in açıqlamasında belə deyilir. Məlumatda deyilir ki, saxlanılan şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün onlar barəsində toplanan materiallar məhkəməyə göndəriləcək: "İt yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir". Oktyabrın 10-da Göygöldə bir qrup şəxs tərəfindən it döyüşləri "çempionatı” keçirilib. Göygölün Lüləli kəndində "it meydanı" adlandırılan ərazidən paylaşılan görüntülərdə keçirilən yarışa yüzlərlə insanın gəldiyi bildirilir. Xəbəri APA yayıb. Qeyd edilir ki, pandemiya qaydalarının pozulduğu qanunsuz yarışlara ölkənin müxtəlif bölgələrindən it döyüşdürmək üçün gələn insanlar iştirak edib və yarışların hər ay keçirilməsi planlaşdırılıb. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da heyvan hüquq müdafiəçilərinin səyi sayəsində it döyüşləri qadağan edilib.
Vəkil: "Görüşmüşəm, özünə xəsarət yetirməsi ilə bağlı məlumat doğru deyil" Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Niyaməddin Əhmədovun həyatının təhlükə altında olduğu bildirilir. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, sentyabrın 22-dən başladığı aclıq aksiyasını davam etdirir. Bu üzdən onun səhhətində ciddi problemlər yaranıb: "Niyaməddin Əhmədov hələ aclığın ilk günlərində aksiyanı dayandırması üçün ona təzyiq göstərib zorla qidalandırılacağıyla bağlı hədələyənlərə demişdi ki, belə bir hal baş versə, özünə xəsarət yetirəcək. Oktyabrın 12-də səhər saatlarında məlumat aldıq ki, aclıq nəticəsində onun durumu həddindən artıq pisləşib. Bakı İstintaq Təcridxanasında onu məcburi şəkildə yedirtmək istəyiblər. Niyaməddin Əhmədov buna görə özünə xəsarət yetirib. Neçə gündür ki, onun saxlandığı kameranın qarşısına xüsusi nəzarətçilər yerləşdirilib. Bütün bu məlumatları dəqiqləşdirməyə çalışırıq”. Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, oktyabrın 12-də Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin özünə xəsarət yetirməsi haqda məlumatı təkzib etsə də, onun sağlıq durumunun ağır olduğunu vurğulayıb: "Özünə qəsd etməsi barədə deyilənlər doğru deyil. Amma səhhəti pisdir. Buna baxmayaraq, aclığı davam etdirir. Üzvü olduğu Xalq Cəbhəsi partiyasının rəhbərliyinin, valideynlərinin xahişlərini çatdırıb, həm onların adından, həm də öz adımdan aclığı dayandırmasını istədim. Bildirdi ki, hələ dayandırmır, amma bu haqda düşünüb, sabah qərarını verəcək”. Zibeydə Sadıqova əlavə edib ki, oktyabrın 13-də yenidən istintaq təcridxanasına gedib, Niyaməddin Əhmədovla görüşəcək. Bakı İstintaq Təcridxanasındakı mənbə də Meydan TV-yə Niyaməddin Əhmədovun kamerasına xüsusi nəzarət olunduğunu təsdiqləyib: "Daim xüsusi nəzarət altında saxlanılır. Penitensiar Xidmətdən belə göstəriş verib”. Penitensiar Xidmətdən səslənən iddialara münasibət öyrənmək mümkün olmayıb. AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə karantin rejimi qaydalarını pozma ittihamıyla ona 1 ay inzibati həbs cəzası verilib. Mayın 15-də inzibati həbsdən buraxılmalı olduğu gün isə barəsində cinayət işi başlanıb. AXCP üzvünə qarşı ittihamda iddia olunur ki, Qabil Məmmədov siyasi mühacir kimi yaşadığı Almaniyadan terror məqsədilə Bakıya pul göndərib. Özü də sosial şəbəkələrdən terrora çağırışlar edib. Niyaməddin Əhmədova da pul göndərib ki, bu prosesdə iştirak eləsin. Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib. AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir. O, Əli Kərimlinin əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qaldığını bildirib.
Rafiq Bayramov: "Bir nəfər də məhkəmədə demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam” Bakı Apelyasiya Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini, 1.8 milyon manat rüşvət almaqda ittiham olunan Rafiq Bayramov haqqında hökmü dəyişib. Hakim Elmar Rəhimovun sədrliyilə çıxarılan hökmə əsasən, Rafiq Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib. Məhkəmə onun şəxsiyyətini, uzun illər yüksək dövlət vəzifələrində çalışmasını, həbsindən sonra 1.2 milyon manat vəsaitin dövlət nəfinə köçürülməsini nəzərə alaraq, ona Cinayət Məcəlləsinin 62-ci (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Rafiq Bayramovun ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Rafiq Bayramov məhkəmədə bildirib ki, özünü təqsirli bilmir, heç kimdən rüşvət almayıb: "Mən ömür boyu rüşvət almamışam. Bu, heç cür mümkün deyil. Bir nəfər də məhkəmədə demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam. Mənim 4 idarə rəisindən rüşvət aldığım iddia olunur. Halbuki, həmin şəxslərin işdən çıxarılması ilə bağlı rəhbərliyə təqdimat yazmışam. Mən bunlardan rüşvət alırdımsa, onlardan niyə təqdimat yazmışdım?" Rafiq Bayramovun sözlərinə görə, dindirilən idarə rəisləri rəhbərlik tərəfindən təyin ediliblər. Onun həmin şəxslərdən rüşvət alması mümkün deyildi: "Nazir müavini olsam da, həmin işlərin mənim razılığımla görülməsi mümkün deyildi".///Meydan.tv