Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Almaniyanın “NRW Global Business” şirkətinin nümayəndələri arasında görüş keçirilib.
AZPROMO-dan bildirilib ki, görüşdə ölkəmizin investisiya mühiti və mövcud layihələr barədə məlumat verilib, “NRW Global Business” şirkətinin Azərbaycan məhsullarının Almaniyada daha çox tanıdılması istiqamətində işlərin aparılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
İyunun 28-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 11,6 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
2022-ci ilin yanvar-may ayları ərzində iqtisadiyyatın sahələri üzrə verilmiş güzəştli kreditlərin layihə sayı üzrə 97,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 1,8 faizi sənaye məhsullarının istehsalı və emalı, 0,3 faizi logistika, 0,8 faizi isə digər sahələrin (turizm, tibb və sair) inkişafına yönəldilib.
Sahibkarlığın İnkişafı Fondundan bildirilib ki, kreditlərin məbləğ üzrə 72,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 7,6 faizi sənaye məhsullarının istehsalı və emalı, 15,6 faizi logistika, 4,1 faizi isə digər sahələrin (turizm, tibb və sair) payına düşür.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 28-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.
Nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 9.000 manata olan “Honda Accord” markalı avtomobilə edilən ən son təklif 11.900 manat olub. Bundan başqa, ilkin satış qiyməti 4.500 manata olan “Chevrolet Niva” markalı maşın 5.200 manata özəlləşdirilib. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3yqruGw)
27 iyun dünyada mikro, kiçik və orta sahibkarlar günüdür. Bununla bağlı Nyu-Yorkda BMT-nin Baş Qərargahında Kiçik Biznes üzrə Beynəlxalq Şuranın təşkilatçılığı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), Sənayenin İnkişafı Təşkilatının (UNIDO) və digər qurumların dəstəyi ilə “Davamlılıq və yenidənqurma: davamlı inkişaf üçün KOB-lar” mövzusunda konfrans keçirilib. Tədbirdə ölkəmizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi təmsil edib.
Agentlikdən bildirilib ki, konfransdakı çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bütün dünyada olduğu kimi Azərbaycanda da KOB-ların məşğulluğa, iqtisadi artıma və davamlı inkişafa töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycanda sahibkarların 99 faizini KOB-lar təşkil edir. Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB-ların dəstəklənməsi üçün həyata keçirilən tədbirlər və dəstək alətləri barədə məlumat verib.
Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən 27 iyun tarixi “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.
ABŞ-a işgüzar səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Alhambra Palatasının həmtəsisçisi və idarəedici partnyoru xanım Anjum Malik ilə görüşüb. BMT-nin Baş Qərargahında təşkil olunmuş görüşdə palata və KOBİA arasında mümkün əməkdaşlığa, KOB-ların dəstəklənməsinə, Azərbaycan və ABŞ-ın biznes dairələri arasında yeni əlaqələrin qurulmasına dair fikir mübadiləsi aparılıb.
KOBİA-nın nümayəndələri səfər çərçivəsində Nyu-Yorkda yerləşən Türk evində olublar. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür arasında keçirilmiş görüşdə Azərbaycan və ABŞ-da fəaliyyət göstərən Türkiyə iş adamları arasında əməkdaşlıq imkanlarına, bu sahədə konsulluğun dəstəyinə dair fikir mübadiləsi aparılıb.
Səfər zamanı, həmçinin Orxan Məmmədov Kiçik Biznes üzrə Beynəlxalq Şuranın prezidenti və baş icraçı direktoru Ayman ElTarabişi ilə görüşüb. Görüşdə əməkdaşlıq imkanları, təşkilat çərçivəsində biznes üzrə təlim-tədris proqramlarında KOBİA-nın təcrübəsinin tətbiqi və gələcəkdə təşkilata üzv qurumların iştirakı ilə KOB-ların dəstəklənməsinə həsr olunmuş tədbirlərin birgə təşkili imkanları nəzərdən keçirilib.
Mayda nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 17,9 milyon ton yük daşınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Xatırladaq ki, apreldə daşınan yüklərin həcmi 18 milyon ton olub.
Pakistanın baş naziri Şahbaz Şərif inflyasiyanın artması fonunda yoxsul təbəqəni dəstəkləmək üçün iri sənaye sahələrinə əlavə 10 faiz vergi tətbiq etməyi planlaşdırdıqlarını bildirib.
Yerli mətbuatda yayılan xəbərlərə görə, Ş.Şərif iqtisadiyyat təmsilçiləri ilə görüşdükdən sonra televiziya ilə çıxışında iri sənaye müəssisələrinə gətirəcəkləri “yoxsulluğun azaldılması vergisi” ilə bağlı açıqlama verib.
Yeni vergi iri sənaye sahələrinə, o cümlədən sement, dəmir, şəkər, neft və qaz, gübrə, avtomobil, tütün, tekstil, kimya, hava yolları və içkilərə şamil ediləcək. Banklar da əlavə verginin ödəyiciləri sırasında olacaq.
Baş nazir Ş.Şərif həmçinin bəyan edib ki, illik gəliri 150 milyon rupidən (1000 rupi= 8,16 manat) çox olanlardan 1 faiz, illik gəliri 200 milyon rupidən çox olanlardan 2 faiz, illik gəliri 250 milyon rupidən rupidən çox olanlardan 3 faiz, illik gəliri 300 milyon rupidən çox olanlardan isə 4 faiz vergi tutulacaq.
Bu addımların yoxsulların yükünü azaltmaq üçün atıldığını dilə gətirən Ş.Şərif, zənginlərin də üzərinə düşəni yerinə yetirməli olduqlarını qeyd edib.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təşkilatçılığı ilə “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarına mediatur təşkil edilib.
İlk olaraq media mənsubları Tovuz ərazisində yerləşən aqroparkın fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, hazırda aqroparkda 4 nasos stansiyası və 105 pivot suvarma sistemi fəaliyyət göstərir ki, bu da ümumilikdə 7078 hektardan çox ərazinin suvarılmasına imkan verir.
Bu il aqroparkda 613 hektarda arpa, 5179 hektarda buğda, 1039 hektarda şəkər çuğunduru, 147 hektarda erkən qarğıdalı və 72 hektarda isə soya əkilib. Hazırda aqroparkda arpa biçini aparılır və hər hektardan 8 tondan çox məhsul əldə edilir. Aqroparkın şəkər çuğunduru sahələrində də əvvəlki illərdə olduğu kimi, yüksək məhsuldarlıq - hər hektardan 70 ton və daha çox məhsul gözlənilir.
Sonra media nümayəndələri Samux ərazisində yerləşən aqroparkda olublar. Aqroparkın 60.000 tonluq silo kompleksi, 5000 m³ tutumlu anbar binası, su nasos stansiyası fəaliyyət göstərir. Hazırda aqroparkda 3 nasos stansiyası və 48 pivot suvarma sistemi quraşdırılıb və bu da ümumilikdə 2992 hektardan çox ərazinin suvarılmasına imkan verir.
Cari ildə aqroparkda 221,7 hektarda arpa, 2416 hektarında buğda, 295,6 hektarda yonca və 58,6 hektarda soya əkilib. Artıq biçilmiş 150 hektar sahənin hər hektarından 8,4 tondan çox arpa əldə olunub.
Qeyd edək ki, “Agro Dairy” MMC-nin Tovuz (Ceyrançöl) və Samux ərazisində yerləşən aqroparklarına indiyədək 182.6 milyon manatdan çox investisiya yatırılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi sayəsində şirkət Tovuz (Ceyrançöl) və Samux layihələri üzrə texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 2,88 mln. manata qənaət edib.
Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq “Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunur.
Qanun layihəsi parlamentin iyunun 28-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində müəyyən edilir.
Dəyişikliklərlə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri şəhər və rayonlar üzrə gəlirlər 11 740 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 120 500 000,0 manat, yerli xərclər 1 070 116 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 10 589 324 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 39 940 000,0 manat məbləğində müəyyənləşdirilir.
Qanun layihəsi 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndələri ilə görüş keçirilib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatı sahələrində aparılan institusional islahatları diqqətə çatdırıb. Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin önəmini vurğulayan Xidmət rəisi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib.
TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, MÜSİAD-ın İdarə heyətinin üzvü Alim Şentürk Dövlət Xidməti ilə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər, bu baxımdan keçirilən görüşlərin və aparılan müzakirələrin faydalı olacağını bildiriblər.
Görüşdə dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlığın inkişafı, sahibkarların iştirakı ilə görüşlərin keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır
Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, vergilər nazirinin 6 mart 2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başlanılan “Məşğulluq marafonu”na ötən dövrdə 649 işəgötürən qoşulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4563 vakansiya təqdim ediblər.
Həmin vakansiyalar üzrə 2411 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2016 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.
“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyaları barədə məlumatları https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciət ünvanlaya bilərlər.
“Nağdsız hesablaşmalar haqqında” Qanuna 3 dekabr 2021-ci ildə edilmiş dəyişikliklərdən biri 3.4-cü maddəyə aiddir. Həmin maddəyə əsasən, bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:
- ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
- pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər.
Misal 1: “AA” MMC-nin həm topdansatış, həm də pərakəndə ticarətdən gəlirləri vardır. Şirkət 2022-ci ilin iyun ayında pərakəndə qaydada bir müştəriyə 3.500 manatlıq, digər fiziki şəxsə isə 6.000 manatlıq mal satıb. Bundan əlavə, topdansatış qaydasında bir hüquqi şəxsə 20.000 manatlıq, başqa bir hüquqi şəxsə isə 30.000 manatlıq mallar təqdim edilib. Bu əməliyyatlarda “AA” MMC pul vəsaitini nağd ala bilərmi? Əməliyyatlar necə rəsmiləşdirilməlidir?
“Nağdsız hesablaşmalar haqqında” Qanundakı dəyişikliklərdən biri pərakəndə ticarətdən əldə olunan vəsaitlərin nağd formada qəbul edilməsinin məhdudlaşdırılmasıdır ki, bu limit bir əməliyyat çərçivəsində 4.000 manat müəyyənləşdirilib. Yuxarıdakı nümunədə “AA” MMC birinci müştəridən 3.500 manatı nağd formada qəbul edə bilər və bu zaman alıcıya normal formada kassa çeki təqdim etməlidir.
İkinci müştəriyə pərakəndə formada təqdim edilmiş mallar üçün 6.000 manat pul nağdsız formada alınmalıdır. Pul nağd formada alınsa, Vergi Məcəlləsinin 58.7-1.9-cu maddəsinə əsasən, vergi ödəyicisinə maliyyə sanksiyası tədbiq ediləcək.
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə aşağıdakılar nəzərdə tutulur:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
- ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.
Deməli, 6.000 manatlıq mal alan müştəriyə normal kassa çeki verilməlidir və həmin şəxs vəsaiti qanunun 3.1.-ci maddəsində göstərilən ödəniş formalarından istifadə etməklə həyata keçirməlidir.
“AA” MMC topdansatış qaydasında təqdim etdiyi mallar üçün 20.000 manat və 30.000 manat vəsaiti nağd formada qəbul edə bilər. Çünki qanunda bu cür əməliyyatlarda pulun nağd formada qəbul edilməsinə limit qoyulmayıb.
Onu da qeyd edim ki, təcrübədə topdansatış formasında təqdim edilən mallar üçün vəsaitlərin nağd qəbul edilməsinə az hallarda rast gəlinir. Belə ki, topdansatışda əməliyyatlar elektron qaimə-faktura təqdim edilməklə aparılır. Topdansatış ilə məşğul olan şəxslərin, demək olar ki, hamısı ƏDV ödəyiciləridir və ödənişlərin qarşı tərəfə nağd aparılması onlara sərf etmir, onlar ödənişi nağd apardıqda ƏDV-ni əvəzləşdirə bilmirlər. Bundan əlavə, alışa limit olmasa da, ödənişə limit qoyulub və limit pozularsa, ödənişi həyata keçirənlərə maliyyə sanksiyası tədbiq edilir.
Misal 2: Avtonəliyyat vasitələrinin satışı ilə məşğul olan hüquqi şəxs satış üçün aldığı avtonəqliyyat vasitəsini 70.000 manata satıb. Bundan əlavə, şirkət özünün xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat vasitəsini də 35.000 manata satıb. Bu satışlardan əldə olunan vəsaitlər nağd formada qəbul edilə bilərmi?
Əvvəlki misalda açıqladığımız kimi, limit və ya qadağa qoyulmuş əməliyyatlar zamanı məbləğlər nağd formada qəbul edilsə, bu, qanun pozuntusu olacaq və vergi orqanları tərəfindən müvafiq hallar üçün 10%, 20%, 40% maliyyə sanksiyaları tətbiq ediləcək.
Şirkət avtomobili 70.000 manata pərakəndə qaydada satdığına baxmayaraq, pul vəsaitini nağdsız qaydada qəbul etməlidir. Çünki şirkətin fəaliyyəti sırf avtonəliyyat vasitələrinin satışı üzrə ixtisaslaşıb. Pul vəsaitinin qəbulu ilə bağlı bu qayda avtosalonlara da aiddir.
İkinci halda şirkətin xidməti məqsədlər üçün istifadə etdiyi avtomobilin 35.000 manata satışı isə avtonəliyyat vasitəsinin istisaslaşmış fəaliyyət üzrə satışı sayılmır. Buna görə də qanunun 3.4.11.-ci maddəsinin tələblərinə əsasən, bu satış zamanı pul nağd formada limitsiz qəbul edilə bilər.
27 iyun - dünyada mikro, kiçik və orta sahibkarlar günü kimi qeyd edilir. Dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.
Bütün dünyada olduğu kimi Azərbaycanda da mikro, kiçik və orta biznes (KOB) iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Azərbaycanda sahibkarların təqribən 99,6%-ni KOB subyektləri təşkil edir. Bunun 93,3%-i mikro, 4,5%-i kiçik və 1,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, tikinti, emal, kənd təsərürfatı, logistika və s. sahələrdə fəaliyyət göstərirlər. Ötən il 2020-ci illə müqayisədə KOB subyektlərinin dövriyyəsi orta hesabla 85% artıb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində hazırlanan ortamüddətli sosial-iqtisadi inkişaf strategiyasında kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi strateji hədəflərdən biri olaraq müəyyən edilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin göstərilməsinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, onların bilik və innovasiyalara, bazarlara və maliyyəyə çıxışının yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir, KOB-lara bir sıra dəstək və xidmətlər təqdim edir. KOBİA fəaliyyətini biznes sektoru ilə sıx əməkdaşlıq əsasında, onların ehtiyaclarının öyrənilməsi və qarşılanması istiqamətində qurub.
İndiyədək KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən KOB-ların biznes biliklərinin artırılması üçün ödənişsiz olaraq təqribən 32 min KOB subyektinin faydalandığı 2400-dən çox təlim keçirilib, 4500-dək sahibkarın yararlandığı 22 min saatdan artıq məsləhət xidməti göstərilib. 500-ə yaxın KOB subyekti üçün ödənişsiz biznes plan hazırlanıb. Biznesə başlamaq və mövcud fəaliyyətin genişləndirilməsində önəmi nəzərə alınaraq sahibkarların müraciəti əsasında 15, Agentlyin təşəbbüsü ilə isə 25 daxili bazar araşdırması aparılıb. KOB-ların rəqəmsallaşması və innovativ ideyalarının dəstəklənməsi üçün 42 “Startap” şəhadətnaməsi verilib ki, bu sənəd onları 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edib. KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətlərində layihələrinin maliyyələşdirilməsi mexanizmi çərçivəsində 27 KOB subyektinə 500 min manatdan çox qrant vəsaiti verilib. KOB-ların bazarlara çıxışının dəstəklənməsi üçün indiyədək Azərbaycanda və xarici ölkələrdə keçirilmiş 37 sərgi və yarmarkada 850-dən çox KOB subyektinin ödənişsiz olaraq iştirakı təmin edilib. Sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üçün indiyədək KOB evlərində 125 mindən çox “G2B” və 7400-ə yaxın “B2B” olmaqla ümumilikdə 132 mindən çox xidmət göstərilib.
Beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara və sahibkarlıq sahəsində dövlətin prioritetlərinə uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcəkdir.
Təbrikdə deyilir: "Bu gün Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü qeyd olunur. Bu biznes subyektlərinin ölkədə məşğulluğun təmin olunması, iqtisadiyyatımızın güclənməsi və dayanıqlığının təmin edilməsində mühüm rolu var. Sahibkarlarımızı təbrik edir və işlərində uğurlar diləyirəm".
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ötən ilin müvafiq dövrünə nəzərən 3,9 faiz bəndi azalaraq 41,2 faiz təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından verilən məlumatda bildirilir.
Hörmətli izləyicilərimiz!
XX əsrin əvvəllərindən elm, sənət və siyasət adamlarına parlaq elmi araşdırmalar, inqilabi səciyyəli ixtira və kəşflər, eləcə də dünya mədəni irsinə və cəmiyyətin inkişafına verilən misilsiz töhfələr üçün hər il müxtəlif nominasiyalar üzrə Nobel mükafatları verilir.
Tərcümeyi-halı və karyerası Azərbaycanla bağlı olan Alfred Nobelin (1833-1896) vəsiyyəti ilə onun mirasından yalnız beş sahənin nümayəndələrinə mükafatlar üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdu:
- fizika (1901-ci ildən İsveçdə təqdim olunur);
- kimya (1901-ci ildən İsveçdə təqdim olunur);
- fiziologiya və ya tibb (1901-ci ildən İsveçdə təqdim olunur);
- ədəbiyyat (1901-ci ildən İsveçdə təqdim olunur);
- dünyada sülhün təşviqi (1901-ci ildən Norveçdə təqdim olunur).
İqtisadiyyat elmləri üzrə Nobel mükafatı isə xeyli sonra - 1969-cu ildə təsis olunub. Bu, İsveç Milli Bankının Alfred Nobelin xatirəsinə həsr etdiyi xüsusi mükafatdır. İqtisadiyyat elmləri sahəsində nailiyyətlərə görə verilən bu mükafat ildə bir dəfə İsveç Kral Elmlər Akademiyası tərəfindən təqdim olunur. Nobel mükafatı mərasimində verilən digər mükafatlardan fərqli olaraq iqtisadiyyat elmləri üzrə mükafat Alfred Nobelin mirası deyil.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları barədə yığcam məlumatları diqqətinizə çatdırırıq. Dünyanın taleyini dəyişən, tarixin gedişatına təsir göstərən bu insanları tanımağın sizin üçün maraqlı və əhəmiyyətli olacağını düşünürük...
Görkəmli amerikalı iqtisadçı, 1970-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Samuelson 1915-ci ildə İndiana ştatındakı Qari qəsəbəsində əczaçı Frank Samuelson və Ella Liptonun ailəsində anadan olub.
Valideynləri Polşadan ABŞ-a köçmüş yəhudi mühacirləri olan P.Samuelson 1935-ci ildə Çikaqo Universitetini bitirib. Əvvəlcə Harvard Universitetində, 1940-cı ildən isə Massaçusets Texnologiya İnstitutunda (MTİ) çalışıb. 1941-ci ildə Harvardda fəlsəfə doktoru elmi dərəcəsini alıb, 1947-ci ildə MTİ-də professor səviyyəsinə yüksəlib. İkinci Dünya Müharibəsi illərində və müharibədən sonrakı dövrdə bir sıra dövlət qurumlarında çalışıb, o cümlədən ABŞ-ın Maliyyə Nazirliyində planlaşdırma ilə məşğul olub. Federal Ehtiyatlar Bankının “RAND” korporasiyasında məsləhətçi işləyib.
P. Samuelson Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1956-1959), Ekonometrik Cəmiyyətin prezidenti (1952) və Amerika İqtisadiyat Assosiasiyasının prezidenti (1961) olub. 1960-cı illərin əvvəllərində isə ABŞ prezidenti Con Kennedinin müşaviri kimi fəaliyyət göstərib.
MTİ-nin dünyaya böyük elm adamları bəxş etmiş iqtisadiyyat kafedrasını faktiki olaraq o, yaradıb, həyatı boyu burada işləyib, sonradan dünyada tanınacaq şəxsiyyətlərin yetişməsində böyük rolu olub. Onun tələbələrindən Robert Merton və Cozef Stiqlits iqtisadiyyat sahəsindəki parlaq nailiyyətlərinə görə Nobel mükafatına layiq görülüblər.
P.Samuelson MTİ-dən təqaüdə çıxandan sonra da elmi fəaliyyətini davam etdirib.
Riyaziyyatı iqtisadçılar üçün “təbii dil” adlandıran P.Samuelson “İqtisadi təhlilin əsasları” kitabı ilə iqtisadiyyatın riyazi əsaslarına mühüm töhfələr verib. Onun ilk dəfə 1948-ci ildə nəşr olunmuş “İqtisadiyyat: giriş təhlili” kitabı bütün dövrlərin ən çox satılan iqtisadiyyat dərsliyi hesab olunur.
O, “neoklassik sintez”in (neoklassik mikroiqtisadiyyatın və Keyns makroiqtisadiyyatının bir konsepsiyada birləşdirilməsi) təşəbbüskarı və neokeynesçiliyin banilərindən biridir.
Onun elmi maraqları müasir iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Əldə etdiyi elmi nəticələr müəyyənlik və risk altında istehlakçı seçimi nəzəriyyəsi, ekonometriya və maliyyə iqtisadiyyatından tutmuş makroiqtisadiyyat, kapital nəzəriyyəsi, beynəlxalq ticarət, ümumi tarazlıq və rifah iqtisadiyyatına qədər müxtəlif fənlər üzrə dərsliklərə daxil edilmişdir. Bir sözlə, iqtisadiyyatın elə bir sahəsini tapmaq çətindir ki, P.Samuelson orada öz sözünü deməmiş olsun.
İqtisadiyyatın Paqanisi və intellektual ekvilibrist adları ilə tanınan P.Samulson 1970-ci ildə “Statik və dinamik iqtisadi nəzəriyyəni inkişaf etdirən elmi əsərinə görə” Nobel mükafatına layiq görülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənildi.
Fondun mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Beləliklə, iyun ayının sosial təminat növləri üzrə bütün sosial ödənişləri bu gün yekunlaşıb. İyunun 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əmirliklər Milli Neft Şirkətinin (ENOC) sədri Saeed Məhəmməd Əhməd Əl Tayerlə görüş keçirilib.
Görüşdə neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, SOCAR və ENOC arasında əməkdaşlıq, investisiya imkanlarının müəyyənləşdirilməsi və birgə layihələr üzrə perspektivlər müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber ilə görüşüb.
Görüşdə iqtisadiyyat naziri ölkəmizin təmiz ətraf mühit və “yaşıl” enerji ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğunu vurğulayıb, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, alternativ enerji mənbələrinin yaradılması istiqamətində ölkəmizin potensialı böyükdür və Azərbaycan bu sahədə “Masdar” şirkəti ilə uğurlu əməkdaşlıq edir. Enerji istehsalının bərpa olunan mənbələr hesabına şaxələndirilməsinin əsas hədəflərdən olduğu, şirkətlə əməkdaşlığın dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərimizin reallaşdırılmasına töhfə verəcəyi qeyd edilib.
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, ADNOC şirkətlər qrupunun baş direktoru, “Masdar” şirkətinin sədri Sultan Əl Caber rəhbərlik etdiyi şirkətin fəaliyyəti, müxtəlif ölkələrdəki təcrübəsi barədə danışıb, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib, ölkəmizin əlverişli coğrafi mövqeyinin, təbii potensialının və inkişaf etmiş infrastruktura malik olmasının “Masdar” şirkəti ilə əlaqələrin genişləndirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Görüşdə ölkələrimiz arasında uğurlu iqtisadi əlaqələr, neft-qaz hasilatı və neft-kimya üzrə layihələr, “yaşıl” enerji istehsalı üzrə əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb.
Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Əbu-Dabi İnkişaf Holdinqinin (ADQ) baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə də görüşüb.
Görüşdə neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəlinib.