Çətinər Çətin

“Habertürk”, Türkiyə, 08 mart 2021-ci il

Papa Fransisk xristianlarla müsəlmanlar arasında körpü qurmaq üçün getdiyi İraqda ən təsirli şiə lideri olan böyük ayətullah Əli əl-Sistani ilə bir araya gəldi. Sistaninin Nəcəfdəki evində reallaşan bu görüş bir Papa ilə bir şiə lider arasında keçiriən ilk görüş idi.

Papanın Ərbildə kürd siyasətçilərlə keçirdiyi görüşlər və Mosulu ziyarət etməsi isə öz daxilində bir çox məna daşıyırdı.

Bu tarixi səfər, liderlərindən birinin qlobal səhnədə tanındığını görmək baxımından, şiələr üçün də çox önəmli idi. Çünki görüş ABŞ-la İraqdakı İran dəstəkli şiə milis qrupları arasında qarşıdurmanın şiddətləndiyi bir vaxta təsadüf etdi.

Papa Fransisk “hamımız qardaşıq” mesajı ilə “sizə hacı olaraq gəldim” dedi. Peyğəmbərlərin babası İbrahimin şəhəri Urda dua edərək də dünyaya və 3 səmavi dinin mənsublarına bir mesaj verməyə çalışdı.

Əslində, Ur əsrlərdir unudulmuş bir şəhərdir. İlk dəfə 2003-cü ildə bu şəhərə getdiyim zaman necə sahibsiz qaldığına şahid oldum. Daha sonra 11 dəfə getdiyim bu şəhərdə Səddamdan sonra da bir şey dəyişməmişdi.

İbrahim peyğəmbərin şəhəri olan və əhalisi bütlərə ibadət etməyi rədd edən Ur, Papanın ziyarəti, belə bir böyük ziyarət sürprizi olana qədər, 6 min il boyunca, elektrik və təməl xidmətlər görməyən bir şəhər idi. Ziyarət səbəbilə yollar asfaltlandı, elektrik kabelləri döşəndi, divarlar boyandı, küçələr təmizləndi və şəhər, on illər ərzində hökumətlərin gündəliyinə belə girməməsinə rəğmən, 3 gün içində işıqlandı.

Papa yaşının irəliləməsinə, yoluxucu xəstəliyin olmasına, hava limanlarına, bazalara və həssas nöqtələrə raketlərin yağış kimi yağmasına baxmayaraq 20 ildir təxirə salınmış olan bu ziyarəti reallaşdırmaq məsələsində israrçı davrandı. Məncə, yaxşı etdi…

Ziyarətin əsil məqsədi 2003-cü il sonrası xristian azlığın iztirablarına işıq tutmaq olsa da, ümumi məqsədi ölkədə dini azlıq mövqeyində olan katolik kəldanilərdən assuriyalılara, böyük qismi İŞİD istilası öncəsi çörəkpulu qazanmaq üçün İraqdan xaricə qaçan ermənilərdən İŞİD-in zülmünə məruz qalan yezidilərədək, müxtəlif məzhəblərdən olan xristianları rahatlatmaq idi.

Xülasə, Papa, Vatikanın assuriyalılara və kəldanilərə xüsusi önəm verdiyi məlum bir durum olsa da, xristianların öz torpaqlarını tərk etməsini istəmir. Doğrusu, Həzrəti İsanın (ə.s.) danışdığı arami dilində söylənən mahnılarla qarşılandığı zaman çox duyğulandığı müşahidə edilirdi.

Papanın İraq ziyarətinin son dayanacağı olan Qaraquş, Ninova düzündəki köklü xristian ailələrinin sıx yaşadığı bir bölgə idi. 2014-cü ildə İŞİD terror təşkilatının bura girməsilə birlikdə, illərlə hüzur içində yaşayan və ölkənin əsas hərəkətverici qüvvəsi mövqeyində olan xristianlar da yezidilər kimi bu dünyanın ən barbar təşkilatının hədəfi olmuşdular. Bu torpaqların tarixində şiddət və qorxu bir daha özünü İŞİD timsalında göstərirdi. Minlərlə xristian ailə Zaho və Dohuka qaçmağa məcbur olmuşdu. O dövrdə dünya onlardan danışırdı, amma onlara ilk çadır və humanitar yardımı məhz Türkiyə çatdırmışdı.

2014-cü ildə İŞİD bölgədə irəliləməyə başlayarkən bura ilk yetişən də yenə Türkiyə idi. Bir ovuc xristian gənc əllərində olan köhnə silahlarla ailələri qorumağa çalışırdı. O dövrdə xristian gənclərin bir çoxu ailələrinin yaşayışını təmin etmək üçün Avropaya işləməyə getmişdi. Burada əsasən qadınlar və uşaqlar qalmışdı…

O zamanlar amerikanlar əliaçıq deyildilər. Nəinki bu xristian azlığa, hətta kürd administrasiyasına belə, hazırda YPG-yə verdikləri kimi, silah dəstəyi vermədilər.

Bölgədəki müxtəlif etnik və məzhəbçi qruplara mənsub yüz minlərlə insan, bu coğrafiyada minlərlə məğlubiyyətin, xəyanətin və məyusluğun formalaşdırdığı bir tarixin öyrətdiyi kimi, səbrlə gözləyirdi.

Tarix 18 avqust 2014-cü ili göstərirdi. İŞİD Mosulda irəliləyərkən, biz də bölgəyə getmişdik. Kəldani xristianlarının kiçik şəhəri olan Alkoşa doğru getdim. Çünki Mosulun içindəki 17 kilsə və xaricindəki bütün xristian ibadət mərkəzləri yağmalanmış və partladılmışdı. Alkoşda təqribən 7 min xristian ailə yaşayırdı. Amma şəhər boş idi. Qəbiristanlıqdakı ölülər belə, yalnız qalmışdılar. “Kəldanilərin Vatikanı” kimi tanınan antik monastırın o kədərli görüntüsü isə qorxunc idi.

O gün yollara tökülən ailələri idarə olunan şəkildə şəhərdən çıxaran rahib Qabriel İbrahim, rahib Qassan Hadiri və rahib Rafael Hudami ilə bir az söhbət etmişdim. Qabriellə Qassanın etdiyi o dualar heç yadımdan çıxmadı. Qabriel “Beş il sonra burada artıq xristian qalmayacaq. Tariximiz başa çatdı. Bizi istəməyən dünyada yalnız qaldıq. Roma da bizi tərk etdi” demişdi.

Əslində, Qabrielin mövqeyi dəqiq idi, açığı, verdiyi reaksiya Papaya qarşı idi…

O dövrdə Papanın İraqa, III minilliyin yaşandığı bir dövrdə dünyanın ən böyük ağrılarının yaşandığı coğrafiyaya gəlməli olduğunu mən də kürdlərin vəzifəli şəxslərinə söyləmişdim. Aradan 7 il keçəndən sonra Papa orada qalanlara, yəni, qaçmayanlara Tanrının daima mövcud olduğunu göstərmək üçün gəldi.

Papa İraqdakı bütün xristianların sığındığı kürd bölgəsinə də xüsusi bir təşəkkür etmək üçün getdi. Çünki 2003-cü ildən bu yana İraqlı assuriyalı, kəldani və ermənilərin sığına bildikləri yeganə bölgə bura idi. Kürd administrasiyası, xristianların öz azad həyatlarını yaşamağa davam etmələri üçün Ərbil, Süleymaniyyə və Dohukda bölgələr ayırdı. Papa Ərbilə bu səbəblə xüsusi təşəkkür etmək üçün getdi.

Adam məyus olmaya bilmir. Kaş biz də Türkiyə olaraq 2014-cü ildə yerini-yurdunu tərk edən xristianların həyatlarını necə xilas etdiyimizi, onların təhlükəsizliyini təmin etmək üçün necə silah verdiyimizi və humanitar yardım etdiyimizi dünyaya çatdıra, anlada bilsəydik… Çünki onların köməyinə ilk gedən, onlara ilk əl uzadan biz idik.

Tərcümə Strateq.az-ındır

Türkiyədə daha 67 nəfər koronavirusdan vəfat edib.

Strateq.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.

Nazir bildirib ki, son 24 saatda 14556 nəfərdə isə koronavirus aşkarlanıb, 9193 xəstə isə sağalıb.

Əziz Rzazadə

Strateq.az, 10.03.2021

Bu ilin iyun ayında İranda keçiriləcək prezident seçkiləri Bayden administrasiyasının Tehranla nüvə danışıqlarını necə davam etdirmək haqqında qərarIna təsir etməyəcək. Bu, ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi elçisi Rob Mallinin vəzifəsinin icrasına başladıqdan sonra “Axios”-a verdiyi ilk eksklüziv müsahibəsində bildirilib.

Açığı, Mallidən belə bir açıqlama gözlənilmirdi. Daha çox ehtimal olunan təxminən 5 ay ömrü qalmış Həsən Ruhani hökumətinin gedişindən sonra Bayden administrasiyasının Tehrandakı yeni administrasiyanı əvvəlcə dişə vurması və nəticəyə əsasən hərəkət etməsi idi.

2015-ci il nüvə sazişini imzalayan və ABŞ-la diplomatik əlaqəni dəstəkləyən hazırkı İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərifi mühafizəkar qrupun əvəzləyəcəyi əksəriyyətdə şəkk doğurmur. Buna görə də, növbəti İran prezidentinin ABŞ-la nüvə diplomatiyasına şübhə ilə yanaşacağı daha çox ehtimal olunur.

Tehranda hətta alınları qırışdıran çağırışlar səslənir: sazişdən tam imtina və nüvə silahına yiyələnmə. Bəlkə də məhz bu çağırışlar Ağ Evin gözünü qorxudub.

Rob Malli bildirib: “Müzakirələrimizi İran seçkiləri müstəvisində qurmaq niyyətində deyilik. Onun tempi ABŞ-ın öz milli təhlükəsizlik maraqlarını qoruması ilə təyin ediləcək. Başqa sözlə, İran seçkilərinə görə nə tələsəcək, nə də işləri ləngidəcəyik”.

Beləliklə, Robert Malli ABŞ-ın İranla nüvə sazişinə qarşılıqlı qayıdışa nail olmaq üçün ciddi diplomatik prosesə hazırlığını açıq şəkildə bildirib.

Malli deyib: “Bizcə, birbaşa danışıqlar daha təsirlidir, çünki bu, anlaşılmazlığın aradan qalxmasına yol açır, üstəlik, bizim üçün məzmun formatdan daha vacibdir”.

Bayden administrasiyası İran üçün bəzi sanksiyaların yüngülləşdirilməsini yalnız tərəflər arasında danışıqların bərpasından sonra və yalnız qarşılıqlı prosesin başlayacağı halda hazır olacaq.

“ABŞ-ın sanksiyalarla bağlı mümkün addımları masada ola bilər, ancaq istənilən halda İranla birbaşa və ya dolayı söhbətə başlamalıyıq”. Bunu Dövlət Departamentinin anonim qalmaq istəmiş digər rəsmisi söyləyib. O əlavə edib: “Prezident sanksiyaların ləğvi məsələsində birtərəfli addımlar atmayacaq”.

Qarşı tərəfdə ABŞ-la yenidən təmas artıq soyuq cavabla qarşılanıb.

İranlılar məhz ABŞ-dan ilk addımı atmağı tələb edirlər, lakin prezident Bayden İranın nüvə sazişinə tam uyğunlaşması olmadan, təktərəfli qaydada sanksiyaların yüngülləşdirilməsi tələbinin icrasına meylli deyil.

Tramp administrasiyası üzvləri də vaxtilə iranlı vəzifədaşları ilə görüşmək üçün bir neçə dəfə müraciət edib, lakin İran sanksiyaların yüngülləşdirilməsinə qədər ABŞ rəsmiləri ilə ünsiyyətə “yox” deyib.

Bununla belə, Co Bayden seçkiöncəsi vədinin yerinə yetirilməsinə qərarlıdır.

Yaxşı, bundan sonra nə olacaq?

Hələlik bunu demək çətindir, amma Dövlət Departamentinin İran komandası yavaş-yavaş formalaşır. Rob Malli 2015-ci il sazişinə səbəb olan danışıqlar zamanı ABŞ danışıqlar qrupunun üzvü olmuş sanksiya mütəxəssisi Riçard Nefyunu özünə köməkçi götürüb. Komandanın digər üzvü Barack Obama dövründə müqavilənin həyata keçirilməsinə rəhbərlik edən Carret Blankdır. Komandaya yeni üzvlərin əlavə ediləcəyi gözlənilir.

İran prezidenti Həsən Ruhani martın 10-da bir daha bildirib ki, “öhdəliklərimizi ətraflı şəkildə yerinə yetirməyə hazırıq, lakin məhz ABŞ sazişin icrasına doğru ilk addımı atmalıdır”. O, yəqin ki, İrana 2015-ci ilin nüvə sazişini bəxş etmiş şəxs kimi, vəzifəsindən gedişini də müqavilənin bərpası və sanksiyaların ləğvi ilə yaddaşlara həkk etmək istəyir.

İndi Tehranda qulaqlar daha çox prezidentliyə mümkün namizədlərin açıqlamalarına şəklənib. Ehtimal olunan namizədlərdən biri – Məsləhət Şurasının katibi Möhsün Rezayi bildirib: “Sanksiyaların təsirsiz hala gətirilməsi və ləğvi Ali Rəhbərinin təlimatları çərçivəsində aparılmalıdır və yalnız bu çərçivədə qəbul edilə bilər”.

Rezayi “ABŞ və Avropa İttifaqının müqavilə şərtlərini pozduğuna görə hər iki tərəfdən beynəlxalq məhkəməyə şikayət edilməsinə çağırış edib.

“Bir şokolad verməklə, etimad geri qaytarılmır”, – deyə Möhsün Rezayi ABŞ-ın açıqlamaları ilə Tehranın şirniklənməyəcəyinə eyham vurub.

“İstər Azərbaycan biznesinin Macarıstanda və ya Macarıstan biznesinin Azərbaycanda qurulması, istərsə də qarşılıqlı inam üzərində qurulan siyasi münasibətləri götürsək, iki ölkə arasında iqtisadi və biznes əməkdaşlıq baxımından heç bir maneə yoxdur”.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, ötən illər ərzində Macarıstan şirkətlərinin Azərbaycanda bir çox uğur imza atıb: “Azərbaycanda lider mövqelərə yiyələnməyə çalışan şirkətlər arasında Macarıstan şirkətləri də var. Azərbaycana gəlmək üçün əlavə viza ilə bağlı olan tələblərin aradan qaldırılması, təbii ki, əlaqələrin bir qədər də rahat qurulmasına xidmət edir”. /APA

Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib.

Bunu hökumət başçısının mətbuat katibi Mane Gevrokyan bildirib.

Xatırladaq ki, A.Davtyan martın 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının xüsusi tapşırıqlar üzrə baş zabiti vəzifəsi təyin edilmişdi.

Qeyd edək ki, A.Davtyan 2018-2020-ci illərdə Silahlı Qüvvələrin Baş Qərargahının rəisi olub. O, koronavirusla bağlı tətbiq edilən fövqəladə vəziyyət rejimində – 2020-ci il iyunun 7-də oğluna toy edib. Ölkədə fövqəladə vəziyyət olmasına baxmayaraq, təşkil olunan toy mərasimində 100-dən çox qonaq iştirak edib. Koronavirus pandemiyasına görə ağır vəziyyətlə üzləşən ölkədə Baş Qərargah rəisinin bu addımı ictimaiyyətdə rezonans doğurub. Etirazlara cavab olaraq onun Baş Qərargah rəisi vəzifəsindən istefa verdiyi ehtimal edilirdi.

Ötən ilin iyulun 17-də o, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyi Hərbi Sənaye Komitəsinin sədri təyin olunmuşdu. Ancaq bu vəzifədə də çox işləməyib. A.Davtyan 2020-ci il noyabrın 16-da bu vəzifədən də azad olunub. /Report

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyət göstərir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən verilən məlumata görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin fevral ayında 8 hadisə nəticəsində 18 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Nəticədə iki hərbçi və beş mülki şəxs həlak olub, dörd mülki şəxs və yeddi hərbçi yaralanıb.

2021-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Füzuli, Ağdam, Tət-tər və Cəbrayıl rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ilk iki ayında 28 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”, məlumatda qeyd edilib.

2020-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən məhsul istehsalının ümumi həcmi 368,8 milyon manat (ƏDV-siz) təşkil edilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd edilib ki, bu da 2019-cu illə müqayisədə 42,2 faiz çoxdur.

Əvvəlki ilə nisbətən müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcminin artımı 111,4 milyon manat və ya 44,9 faiz olub.

Bütövlükdə istehsal olunan məhsulun 359,7 milyon manatını (97,5faizi) müdafiə və xüsusi təyinatlı məmulatlar, 9,1 milyon manatnı (2,5 fazini) isə mülki təyinatlı məhsullar təşkil edib.

Hesabat dövründə nazirlik üzrə büdcəyə 18,1 milyon manat, DSMF-yə 7,8 milyon manat, işsizlik müavinəti üzrə isə 320,5 min manat vəsait ödənilib.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin xüsusi nümayəndəsi “Twitter”də bildirib.

Aİ diplomatı Moskvadakı görüşləri tamamladığını və Bakıya səfər etdiyini yazıb.

“Azərbaycanda substantiv görüşləri səbirsizliklə gözləyirəm”, o qeyd edib.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerdəyişməsi və şəxsi heyətin yerləşməsi ilə bağlı maddi-texniki təminat tədbirləri davam etdirilir”.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına əsasən, Silahlı Qüvvələrin maddi-texniki şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin hərbi hissələrində müxtəlif təyinatlı bina və qurğular tikilib istismara verilib, bir sıra obyektlərin tikintisi isə davam etdirilib.

Bakı şəhərinin Baş Planının hazırlanması ilə bağlı hesabat dövrü ərzində aidiyyəti qurumlardan məlumatların toplanması işləri həyata keçirilib.

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Baş Planın 1:10000 miqyasında tərtib edilmiş ilkin layihəsi üzrə icraçı şirkətin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzazkirələr təşkil edilib. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq Baş Planın ilkin layihəsi üzrə 60 gün müddətində ictimaiyyətin tanış edilməsi üçün bu layihə Azərbaycan, rus və ingilis dillərində rəsmi internet səhifəsində yerləşdirilib, ictimaiyyət tərəfindən təqdim edilən rəy və təkliflər nəzərə alınması üçün layihəçiyə təqdim edilib/APA.

İcra sənədi üzrə icraata xitam verilməsinin əsasları və qaydasına dəyişiklik edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.

Qeyd edək ki, qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar hazırlanıb. Belə ki, həmin qanunla məcəlləyə edilən dəyişiklikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdiyi halda, ümidsiz borclar olaraq vergi orqanları tərəfindən silinir. Qanuna təklif edilən dəyişiklik də uyğunlaşdırma xarakteri daşıyır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib/APA.

Gürcüstan Çinin “Sinopharm” şirkətinin istehsal etdiyi yeni növ koronavirusa (COVID-19) qarşı vaksinlərinin istifadəsini nəzərdən keçirir.

Bu barədə ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, martın sonlarında Ümumdünya Səhiyyə Təşkilatının (üST) təsdiqləməyi planlaşdırdığı Çin vaksininin Gürcüstanda istifadəsinin nəzərdən keçirilməsinə yerli qanunvericilik imkan verir.

T. Qabunia qeyd edib ki, hazırda diplomatik kanallar vasitəsi ilə Hindistandan “AstraZeneca” vaksinlərinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır. O vurğulayıb ki, Hindistan vaksin ixracını sərt qaydalarla tənzimlədiyinə görə yüksək səviyyəli səfərə ehtiyac olub və bu məqsədlə ölkənin xarici işlər nazirinin müavini Hindistanda bir həftəlik səfərdə olub.

T. Qabunia onu da qeyd edib ki, yaxın günlərdə “Pfizer” vaksininin ilk dozasının da Gürcüstana gətirilməsi və martın sonlarından etibarən ölkədə vaksinasiyaya başlanılması planlaşdırılır/APA.

Türk ordusu İraqın Kandil bölgəsində PKK qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

Strateq.az NTV kanalına istinadla bildirir ki, bu barədə Müdafiə naziri Hulusi Akar açıqlama verib.

O bildirib ki, əməliyyat zamanı biri sözdə lider olmaqla 25 terrorçu öldürülüb: “Artıq PKK terrorçularının qaçacaq yeri qalmayıb”.

İranda daha 8554 nəfər koronavirusa yoluxub.

Strateq.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, son sutkada 81 nəfər isə vəfat edib.

“Bələdiyyələrin statusu ilə bağlı kifayət qədər qanun və iş mexanizmi var”.

bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bölgələrdə millət vəkilləri qarşısında kifayət qədər məsələ qaldırılır: “İndi görün, bələdiyyələrin qarşısında nə qədər məsələ qaldırılır. Belə bir fikir formalaşıb ki, bələdiyyə ancaq torpaq satmaqla məşğuldur. Bələdiyyələr üçün verilən torpaq sahələri bölünüb? Əkin üçün, örüş üçün və s. Əkin üçün olan torpaqda ev tikməyə icazə vermək cinayət sayılır. Bunun üçün Nazirlər Kabineti qərarına dəyişiklik etməlidir.

Burda qeyd olundu ki, Azərbaycandan başqa, Avropa Şurasına daxil olan bütün ölkələrdə şəhər bələdiyyələri yaradılıb. Bu, yanlışdır. Avropa Şurasına daxil olan bir çox ölkədə hələ də bununla bağlı problem qalmaqdadır. Yüz illər boyu bələdiyyə təcrübəsi olan ölkələr bunu yaratmayıbsa, biz bunu necə yaradaq. Biz bələdiyyələrlə bağlı problemi həll etməliyik.

Birincisi, bələdiyyələrin sayı azaldılmalıdır. İkincisi federasiya, konfederasiya və unitar dövlətlərdə olan bələdiyyələri səhv salmamalıyıq. Bunlar tamam başqa anlayışlardır. Üçüncüsü, bələdiyyə sədri də insanlar tərəfindən seçilməlidir.

İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” yaradılması layihələri var. “Ağıllı bələdiyyə” anlayışını da tətbiq etməliyik. Bələdiyyə seçkilərini ümumölkə üzrə etməməliyik. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Bələdiyyə seçkilərinin formatını dəyişməli, bunu ümummilli seçki formatından çıxarmalıyıq. Fərdi qaydada hər kənd öz bələdiyyəsinin seçimini etməlidir. Bələdiyyələrin kifayət qədər vəsaiti var. Bu vəsaiti kifayət qədər istifadə etsələr təbii ki...”/APA

Rusiyada son bir gündə daha 336 nəfər koronavirusdan ölüb.

Strateq.az Rusiya mətbuatına istinadla bildirir ki, bununla yanaşı, 9445 nəfər isə koronavirusa yoluxub.

Ermənistanda daha 182 nəfər koronavirusa yoluxub.

Strateq.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada daha 7 nəfər ölüb.

Azərbaycanın “Azeri LT CIF” markalı neftinin qiyməti 0.12 dollar bahalaşıb.

Strateq.az xəbər verir ki, hazırda “Azeri Light”in bir bareli 69.38 dollara satılır.

ABŞ-da daha 40340 nəfərdə COVİD-19 aşkarlanıb.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins universiteti məlumat yayıb.

Bildirilib ki, son sutkada daha 669 nəfər isə virusdan vəfat edib.

İranda daha 8313 nəfər koronavirusa yoluxub.

Strateq.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, son sutkada 99 nəfər isə vəfat edib.

ABŞ iqtisadi sanksiyalarını ləğv etsə, İran 2015-ci il nüvə sazişinin ölçülərinə uyğun addımlar atacağını bəyan edib.

“ABŞ qanunsuz sanksiyaları ləğv, təhdid və təzyiq siyasətindən imtina etdikdə, İran nüvə anlaşmasına əsaslanan kompensasiya tədbirləri görməyə və öhdəliklərini yerinə yetirməyə hazırdır” – deyə, İran Prezidenti Həsən Ruhani martın 7-də bildirib.

Ruhani bunları İrlandiyanın xarici işlər naziri Simon Coveneyi nüvə anlaşmasını canlandırmaq üçün diplomatik səylər çərçivəsində qəbul edərkən deyib.

İrlandiya müqavilə tərəfi olmasa da, Dublin nüvə razılaşmasının həyata keçirilməsində vasitəçi roluna malikdir.

Ruhani müqaviləni imzalayan İngiltərə, Fransa və Almaniyanı öhdəliklərinə qarşı hərəkətsizlikdə günahlandırıb. O, İranın “bunun üçün hesab ödəyən yeganə tərəf olduğunu” bildirib.

2015-ci ildə ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya İranla nüvə silahını inkişaf etdirməsinin qarşısını almaq üçün nüvə proqramını məhdudlaşdırmaq barədə razılığa gəlib.

Bunun qarşılığında nüvə proqramının dinc məqsəd daşıdığını deyən İrana qarşı sanksiyalar yüngülləşdirilib.

ABŞ-ın sabiq Prezidenti Donald Tramp 2015-ci ildə sazişin İranın raket proqramını və Yaxın Şərqdə artan nüfuzunu məhdudlaşdırmadığını iddia edərək, İran və dünya qüdrətlərinin imzaladığı razılıqdan geri çəkilmiş və İrana qarşı sanksiyaları bərpa etmişdi.

İran müqavilədəki öhdəliklərini Trampın razılaşmadan geri çəkilməsindən və ABŞ-ın bu ölkəyə qarşı iqtisadi sanksiyalarını bərpa etməsindən təxminən bir il sonra, 2019-cu ildə pozmağa başlayıb və son aylar bunu daha da sürətləndirib.

ABŞ Prezidenti Co Bayden sazişə qayıda biləcəyini deyib.