Şeyxin açıqlamasına etiraz: “Gah Rusiyanı mədh edir, gah da İranı”

Sədrəddin Soltan: “İran istər müharibədən əvvəl, istər müharibə dövründə, istərsə də ondan sonra Azərbaycana dəstək verməyib”

Sərdar Cəlaloğlu: “Allahşükür Paşazadə getsin xütbə söyləsin, dini ayin icra etsin, ağzına gələn fikirləri səsləndirməsin”

“Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin bu açıqlaması cəmiyyətdə kəskin etirazla qarşlanıb. Ekspertlər, siyasi fəallar sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələri Paşazadəni istefaya səsləyirlər.

Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmaz da tvit yazaraq, Allahşükür Paşazadənin açıqlamasına kəskin ironik münasibət bildirib: “Xameneyi Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneyinin fətvası Xameneyinin silahını məğlub edib”.

AYNA-ya danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Şeyxin açıqlaması ziyanlıdır və buna aydınlıq gətirilməlidir: “Əvvəla, Allahşükür Paşazadənin söylədiyi fikirlər kökündən yanlışdır. O, tarixi faktları təhrif edir. Özü də uzaq tarixi yox, yaxın tarixi faktları təhrif edir. Bunu niyə edir, məqsədi və marağı nədir? Bu suallara aydınlıq gətirilməlidir. O bildirir ki, guya İran Azərbaycana dəstək verib. İran nəinki müharibə dövründə, hələ Azərbaycan torpaqları işğalda altında olduğu zamanlarda belə, bircə dəfə olsun ölkəmizə dəstək verməyib. Bir bəyanatı belə, yoxdur”.

“Əgər doğrudan da İran Azərbaycanı qələbəyə təşviq edibsə, o halda İran rəsmiləri, Prezident, Ali dini rəhbər niyə bu qələbə münasibətilə Azərbaycanı təbrik etməyib?! Ona görə ki, İran əvvəllər olduğu kimi, bu dəfə də Azərbaycanın yanında olmayıb. İndi hər hansı dini qurum rəhbərinin, qeyri-hökumət təşkilatı sədrinin mənasız fikirləri bizim mövqeyimizi ifadə etmir. Şeyx sadəcə nəyəsə görə həqiqəti əks etdirməyən fikirlər səsləndirir. Bu isə onun mövqeyinə və daşıdığı statusa uyğun deyil”, - deyə həmsöhbətimiz bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycanla İran arasında normal qonşuluq münasibətləri var: “Bu münasibətlər beynəlxalq hüquq normaları ilə tənzimlənir. Hansısa fətvalarla, sehrli dualarla yox. Təbii ki, Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən İranla münasibətlərin mehribançılıq şəraitində davam etməsində maraqlıdır. Dünyada və regionda baş verən hadisələr fonunda bəzən bu münasibətlərə aydınlıq gəlir. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistanın torpaqlarımızı işğal etdiyi və qızğın döyüşlərin getdiyi Vətən müharibəsi zamanı İranın heç bir dəstəyinə rast gəlmədik. Azərbaycan Ordusu qələbə qazandı və bu qələbədə bizim yanımızda olan əsas dövlət Türkiyə idi”.

“İndi kimlərsə İranın da adını bu siyahıya əlavə edirsə, bu, qaranlıq mətləblərdən xəbər verir. Müharibənin getdiyi dövrlərdə İran KİV-ləri Azərbaycan tərəfindən terrorçuların döyüşməsinə dair saxta xəbərlər yayırdı. Bu, özü çox şeyi deyir. Çünki İranda KİV-lər əsasən hökumətin mövqeyini ifadə edir. Düşünürəm ki, Allahşükür Paşazadənin fikirləri səmimi deyil və Azərbaycan-İran münasibətlərinin inkişafına xidmət etmir. Əksinə, onun bu açıqlaması fonunda İranın Qarabağla bağlı mövqeyi yenidən müzakirəyə çıxarılır”, - deyə Soltan vurğulayıb.

Mərkəzin rəhbəri əlavə edib ki, Azərbaycanın kiminsə fətvasına və humanitar yardımına ehtiyacı olmayıb: “Azərbaycan Ordusunun təchizatı yüksək səviyyədə idi. Bizim heç kimin dəstəyinə ehtiyacımız yox idi. Bu mənada hər hansı humanitar dəstəyin olmasına dair fikirlər də cəfəngdir. Yalnız mənəvi dəstəkdən söhbət gedə bilərdi ki, İran da bunu etməyib”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da AYNA-ya şərhində söyləyib ki, müəyyən qüvvələr Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana dəstəyini kiçiltməyə çalışır: “Allahşükür Paşazadənin də fikirlərinə bu kontekstdən yanaşıram. Əgər belə deyilsə, o, niyə saxta və heç bir əsası olmayan fikirlər səsləndirsin ki?! Hər kəsə bəllidir ki, İran 44 günlük döyüşlər zamanı Azərbaycana heç bir dəstək verməyib. Ermənistanın doğma torpaqlarımızı işğal altında saxlamasına, bir milyondan artıq soydaşımızın öz yurd-yuvasından didərgin salınmasına, Xocalıda misli görünməmiş soyqırıma məruz qoyulmağımıza susqun yanaşıb. Bununla bağlı bircə bəyanatı belə, olmayıb. Müharibədən sonra da təbrik mətni gəlməyib”.

“Bütün bunları bilə-bilə, qələbəmizdə İranın rolunun olmasına dair fikirlər bəlli məqsədlərə xidmət edir. Əsas məqsəd Türkiyənin rolunu kiçiltmək, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməkdir. Təəssüf ki, yaxınlaşan Azərbaycan-Türkiyə münasibətlərindən qıcıq olan qüvvələr var. Şeyxin son açıqlaması da onların maraqlarına xidmət edir”, - deyə siyasətçi qeyd edib.

ADP sədri Allahşükür Paşazadəni öz işi ilə məşğul olmağa çağırıb: “Adam dini rəhbərdir, ictimai birlik sədridir. Lakin bu günə qədər onun hər hansı dini şərhinə, İslam araşdırmasına rast gəlməmişik. Vaxtaşırı olaraq siyasi açıqlamalar verir. Gah Rusiyanı mədh edir, gah da İranı. Sanki ictimai yox, siyasi şəxsdir. Özü də bu siyasət daha çox xarici dairələrin mövqeyini ifadə edir”.

“Yaxşı olar ki, Paşazadə xütbə söyləsin, dini ayinləri icra etsin, ağzına gələn sözləri danışmasın. Məsuliyyət hissini unudan dini rəhbər necə başqalarına örnək ola bilər?! Biz qələbəmizi şəhidlərimizin canı-qanı bahasına əldə etmişik. Bu məsələdə Azərbaycana dəstək verən ölkələrin başında Türkiyə dayanır. Başqa dövlətlərdə var, amma İran hər hansı dəstək verməyib. Əksinə, uzun illərdir Ermənistana yardım edir”, - deyə müsahibimiz bildirib.

Cəlaloğlu hesab edir ki, Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən İranla əməkdaşlıqda maraqlıdır: “Azərbaycan-İran münasibətləri hər iki dövlətin maraqları çərçivəsində həyata keçirilir. Mehriban qonşuluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər Şeyxin dediyi kimi, İranın Azərbaycanın haqq işinə dəstək verməsi səviyyəsində deyil”.

Mənbə:
0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar