"Xəstəliyimin müalicəsi yoxdur, amma əlillik pensiyamı ləğv ediblər"

Ötən ilin sonlarından aprel ayına kimi təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb. Yüzlərlə əlilliyi olan şəxs isə pensiya müddəti başa çatdığı üçün yenidən sənəd toplamalı olub və həmin şəxslər əlillik təyinatı olana qədər pensiya almaq hüququndan məhrum olurlar.

Aylardır bu məsələ üzərində iş getməsinə baxmayaraq, hələ də yenidən əlillik təyinatı verilməyən, təyinat verilənə qədər pensiya ala bilməyən vətəndaşlar arasında narazı olanlar var.

Redaksiyamıza Gəncə şəhər sakini Hüseynova Lətifə Ağəli qızı tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, xanım ümumi xəstəliyə görə, 12 il müddətində əlillik pensiyası alıb, lakin indi əlillik dərəcəsi ala bilmir.

“Ümumi xəstə kimi, yəni, revmatoid artrit, polo artrit, oynağın funksiyasının pozulması, ostexondroz, belimdə 10 mm-lik yırtıq, bütün böyük və kiçik oynaqların deformasiyası və s. kimi xəstəliklərdən əziyyət çəkdiyim üçün illərdir dövlət tərəfindən pensiya alırdım. Mənim xəstəliklərim artıq xronikiləşdiyi üçün müalicənin heç bir xeyri yoxdur. Lakin mənə əlillik təyinatından imtina gəlib. Mən ağrıkəsicilərlə yaşayıram. Dərmanların, ağrıkəsicilərin qiymətləri isə çox bahadır.

Rayona Bakıdan həkim gəlmişdi. Qəbulunda oldum və mənə bildirdi ki, yalnız oynaqlarıma kök hüceyrə köçürməklə düzələ bilərəm. Belimə, boynuma, çiynimə, ayaqlarıma, hamısına kök hüceyrə köçürmək lazımdır. Onun isə qiyməti çox bahadır. Təkcə ayağa 3 min manata başa gəlir. Mən isə o pulu ödəyə biləcək maddi durumda deyiləm. Evdə işləyən, maaş alan yoxdur. Yoldaşımın 70 yaşı var. Onun aldığı pensiya ilə çətinliklə dolanırıq. İndi də pensiyamı ləğv ediblər. Bəs mən dərmanlarımı necə alım? Hara müraciət edirəmsə, xeyri yoxdur. Artıq üç aydır ki, əsəblərim də xarab olub. Biz dərdimizi kimə deyək? Bizim axırımız necə olacaq?”, – deyə məktubda bildirilir.

Qeyd edək ki, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildikdən sonra əlillik pensiyaları kütləvi şəkildə ləğv edilməyə başlayıb. Vətəndaşların sorğuları da kütləvi qaydada cavabsız buraxılır.

Leyla Mirzə

Mənbə:
0
432
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar