Sumqayıtda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində əlilliyi olan şəxslərin əl işlərindən ibarət "Vətən bağı al-əlvandır” adlı sərgi təşkil olunub.

Xeberle.com xəbər verir ki, 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan "Vətən bağı al-əlvandır” adlı sərgi çərçivəsində ədəbi-bədii kompozisiya da təşkil olunub. Tədbirdə Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri təqdim edilib.

20-dən çox əlilliyi olan şəxsin yaradıcılıq nümunələrinin təqdim etdiyi tədbirdə hökumət və qeyri-hökumət qurumlarından, Sumqayıt Şəhər İcra Hakimiyyətindən nümayəndələr, millət vəkilləri, qazilər, əlilliyi olan şəxslər iştirak ediblər.

Tədbirdə Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva bildirib ki, 2019-cu ildən bəri 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib və onlardan biri də Sumqayıt Reabilitasiya Mərkəzidir.

Mərkəzin rəhbəri onu da qeyd edib ki, əlilliyi olan şəxslər tibbi-sosial xidmətləri ilə təmin edilməklə, peşə-əmək reabilitasiyasına da cəlb olunurlar, həmçinin əlilliyi olan şəxslərin tətbiqi-sənət növləri üzrə bacarıqlara yiyələnmələri üçün xüsusi kurslar təşkil edilib.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova fiziki məhdudiyyətləri olan sakinlərlə bağlı analoji layihələrin həyata keçirilməsini bu istiqamətdə Azərbaycan Respublikasında aparılan dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicəsi kursu keçən əlilliyi olan şəxslərin Vətənə, dövlətə, ötən il Vətən müharibəsində ölkəmizin əldə etdiyi tarixi Zəfərə, milli-mənəvi dəyərlərimizə həsr olunan əl işləri və onların ifaları təqdim edildi.

Sərgi iştirakçısı, 1-ci qrup əlil Fəridə Seyfullayeva sərgiyə Sumqayıt şəhərinin 17-ci mikrorayonundan gəlib və əl işlərinə uşaq vaxtlarından həvəsi olduğunu deyir: "29 il əlillik həyatımda ilk dayağım doğmalar olsa da, bu müddət ərzində qolumdan tutan, mənə yaşamaq stimulu verən sənətim oldu. Özümüz həm sahibkar, həm də işçiyik, sevə-sevə toxuyuruq. 29 il az müddət deyil, bir igidin ömrüdür və təsəvvür edin ki, eyni məkanda oturub eyni nöqtəyə gözünü zilləmək qədər ikinci ağır iş xəyalıma gətirə bilmirəm. O ağırlığı özümüz hansısa sənətə, işə bağlanaraq aradan qaldıra bilərik”. Fəridə xanım rəssam-toxucudur, bununla belə, jurnalistika ilə də məşğul olduğunu deyir: "29 ilimin 3 ayını komada oldum, 1 il əllərim işləməyib, 7 il arxası üstə uzanıqlı qaldım, nəhayət, 21 ildir arabada oturandan çalışıram”.

Vətən müharibəsinin iştirakçısı, Qubadlının işğaldan azad edilməsi əməliyyatlarında ağır yaralanan 1-ci qrup Vətən müharibəsi əlili Camal Axasov yaralanandan sonra hər iki ayağını itirsə də, yaşamağa və həyata olan eşqini itirməyib: "Mərkəzdə müalicə-bərpa dövrünü keçdim, yaxınlarda ən müasir protezlə təmin ediləcəyəm, ondan sonra əmək fəaliyyətinə başlayacağam. Bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin diqqət və qayğısını hər məqamda hiss etmişəm”.

1-ci qrup əlil Aybəniz Rəsulova Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yaşayır və təşkil edilən sərginin onun üçün gözlənilməz olduğunu deyir: "Mənə zəng oldu ki, sərgi təşkil olunur və sizi də orada iştirak etməyə dəvət edirik. Çox sevindim, nə gözəl dedim, evdə otururuq, çölə çıxmırıq. İnsanların arasında olmaq çox xoşdur”. Sərgiyə əl işlərimi də gətirdiyini deyən Aybəniz xanım deyir ki, ailəlidir, oğlu, gəlini var. Oğlunun ADA universitetini bitirdiyini, həyat yoldaşının 2-ci qrup Qarabağ müharibəsi əlili olduğunu söyləyən Aybəniz Rəsulova əl işlərinin mövzuları barədə danışır: "Vətənimi çox sevirəm, mövzularımın böyük əksəriyyəti Vətənimizlə bağlıdır: Qız Qalası, Sarı gəlin, Cıdır Düzü, Şuşa Qalası...”.

Mənbə:
0
275
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar