“Onlara qarşı daha sərt cəzalar tətbiq olunmalıdır”

Məsuliyyətsiz və zalım valideynləra qarşı hansı tədbirlər görülməlidir?

Ana və atanın 5 yaşlı övladlarını dilənçiliyə məcbur edib, əldə edilən pulu narkotikə xərclənməsi barədə sosial şəbəkələrdə yayılan görüntülərdən çoxumuz məlumatlıyıq. Suraxanı rayonunda qeydə alınan bu hadisədən sonra hüquq mühafizə orqanları hərəkətə keçdi. Valideynlər barədə müvafiq tədbirlər görülməklə yanaşı, onların valideynlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət olundu.

Uşaqların bu dünyada cənnəti onların xoşbəxt ailə həyatı sayılır. Diqqət və qayğı göstərən, ona şəxsi həyatında və cəmiyyətdəki davranışında düzgün istiqamət verən valideyn övlad üçün həyatda ən vacib şərtdir. Ona görə də onlara qarşı bu münasibətdə olmamaq uşaqları hansı zərurətlərdən məhrum edir – bu, göz qabağındadır

Övladına qarşı məsuliyyətsiz davranan, ona zərər verən və ya pis örnək olan valideynləri hansı məsuliyyət gözləyir?

Vəkillər Kollegiyasının üzvü Gülnarə Xudabaxışovanın AYNA-ya dediyinə görə, valideynlik hüququndan məhruetmə ilə bağlı məsələ qanunla tənzimlənir: “Valideynlik hüququndan məhrumedilmə Ailə Məcəlləsinin 12-ci fəslində nəzərdə tutulub. Həmin fəsildə valideynlərin hüquq və vəzifələrindən bəhs edilir, onların digərləri ilə müqayisədə daha üstün hüquq və vəzifələrə malik olduğu qeyd olunur. Ailə Məcəlləsinin 64-cü maddəsində bildirilir ki, valideynlər öz vəzifələrini yerinə yetirmədikdə, yəni aliment ödəmək iqtidarında olduğu halda, qəsdən bu ödənişi həyata keçirmədikdə, valideynlik hüququndan məhrum edilirlər”.

“Valideynlik hüququndan sui-istifadə edilirsə, uşaqlara qarşı məişət zorakılığı olursa, tərəflərdən biri xroniki alkoqolizm və narkomaniyadan əziyyət çəkirsə, buna görə qeydiyyatdadırsa, uşaqlara, yaxud da valideynin biri tərəfindən digərinin sağlamlığına, yaxud da həyatına qəsd edilməklə cinayət törədilirsə, təqsirli şəxs valideynlik hüququndan məhrum edilə bilər. Bununla bağlı isə təbii ki, məhkəmənin qərarı olmalıdır”, – deyə həmsöhbətimiz bildirib.

Vəkil söyləyib ki, bir şəxsin valideynlik hüququndan məhrum edilməsi onu vəzifələrindən azad etmir: “Valideynlik hüququndan məhrum edilmə ilə bağlı qərar olsa da, həmin şəxs aliment ödəməlidir. Valideynlik hüququndan məhrum olma cəza alan şəxsin övladı üzərində hüquqlarından məhrum edilmədir. Belə olan halda o, övladı ilə münasibətdə hansısa hüquqdan istifadə edə bilmir”.

Xudabaxışova yuxarıda qeyd olunan hadisədən dolayı valideynlərin valideynlik hüququndan məhrum edilmələrini tamamilə doğru yanaşma hesab edir: “Çünki bu hadisədə valideynlik hüquqlarından məhrumetmənin əsaslarından biri də uşağa qarşı valideynin öz hüquq və vəzifələrini yerinə yetirməməsidir. Yəni 5 yaşlı uşaq diləndirilməli deyil, bağçaya getməli, ictimaiyyət üçün fayda verəcək fərd kimi yetişdirilməlidir. Həmin yaşda uşaqda bu işlərin təməli qoyulmalıdır. Valideyn uşağı diləndirmək azmış kimi, dilənçilikdən əldə etdiyi pulu narkotik üçün xərcləyib ki, bunun özü də bilavasitə Ailə Məcəlləsinin qeyd etdiyim maddələri ilə uyğunluq təşkil edir. Təbii ki, uşağın bu cür valideynlərlə yaşaması gələcəkdə həmin uşağın normal fərd kimi yetişməsinə mane olacaq. Və hesab edirəm ki, həmin şəxslərin valideynlik hüququndan məhrum olunmaları barədə verilən qərar tamamilə doğru bir qərardır”.

Bəs, uşaq hər iki valideynindən məhrum edildikdə, onun sonrakı aqibəti qanunla necə tənzimlənir? AYNA-nın bu sualına cavab verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib ki, həmin uşaq yerli icra hakimiyyəti orqanlarının qəyyumçuluq, himayəçilik qurumlarının səlahiyyətinə verilir: “Qəyyumluq və himayə orqanları həmin uşağın yerləşdirilməsi ilə bağlı tədbirlər görür. Altı aydan sonra həmin uşağın övladlığa götürülməsi ilə bağlı qərar çıxarıla bilər. Sonradan valideynlikdən məhrumetmə hüquqlarını bərpa etmək mümkündür. Bu hal məhkəməyə müraciət etməklə təmin edilə bilər. Lakin bu proses qəyyumluq münasibəti iştirakı ilə həyata keçirilir. Uşaq 10 yaşa çatıbsa, valideynlik hüququndan məhrum edilən şəxsin valideynliyinin bərpası həmin uşağın razılığı ilə ola bilər. Lakin uşaq övladlığa götürülübsə və həmin övladlığa götürülmə ləğv edilməyibsə, valideynlik hüquqlarının bərpası mümkün deyil”.

Komitə rəsmisi qeyd edib ki, sözügedən hadisəyə bənzər hallar baş verərkən, AQUPDK-ya siqnal daxil olan zaman dərhal və operativ şəkildə həmin məsələyə reaksiya verirlər: “Həmin prosesə, xüsusilə də psixoloq, sosial işçilər, hüquqşünaslar cəlb edilir. Daxili İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə də əlaqə saxlanılır. Hər bir qurum öz səlahiyyətləri daxilində tədbirlər görür. Uşaq sağlam, zərərsiz, risksiz mühitə yerləşdirilir. Uşağa psixoloqlar, sosial işçilər dəstək olurlar”.

“Dövlət Komitəsi bu sahədə valideyn məsuliyyəti ilə bağlı Ailə Məcəlləsində və digər qanunverici sənədlərdə təkmilləşdirməyə dair sənəd və təkliflər də hazırlayır. Bununla bağlı valideyn məsuliyyəti artırılmalıdır. Nəinki yalnız valideynlik hüququndan məhrumetmə, eləcə də məsuliyyətə cəlb edilməsi ilə bağlı Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində daha da sərt dəyişiklər edilməlidir. Məsuliyyət növü çərçivəsində valideyn öz vəzifələrindən uşaqlara qarşı sui-istifadə etdikdə, yerinə yetirmədikdə, xüsusilə də narkotik, alkoqoldan istifadə ilə bağlı daha böyük məsuliyyət növləri təyin edilməlidir. Onu da qeyd edim ki, Azərbaycanda boşanma və məişət zorakılığının əsas səbəblərindən biri də narkotik, alkoqol içkilərdən istifadə ilə bağlıdır. Bu da həm boşanmalara, həm də məişət zorakılığına gətirən amillər kimi göstərilir”, – deyə Səfərov vurğulayıb.

 

Mənbə:
0
416
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar