Narkotikə və İŞİD-ə müharibə elan etmiş Taliban Əfqanıstanda nəyə nail olmaq istəyir?

Dünyanın diqqəti Əfqanıstana yönəlib.Taliban ölkədə hakimiyyəti tam şəkildə ələ keçirməkdədir. Maraqlıdır sivil dövlətlər tərəfindən qəbul ediləcəkmi? Bir zamanlar iki qütblü dünyanın cəhənnəmə çevirdiyi Əfqanıstanda Taliban cənnət yarada biləcəkmi? Sərhədlərini aşıb dünyaya daşacaqmı bu cərəyan?

Siyasi şərhçi Rəşad Mirzə Bakuvi ilə müsahibəmiz narkotikə və İŞİD-ə müharibə elan etmiş yeni gücə, Talibana həsr olunub.

 

Mirzə Rəşad Bakuvi

- Rəşad bəy, bir sox siyasətçilər, analitiklər qeyd edirlər ki, ABŞ Əfqanıstandan biabırçı məğlubiyyətlə çıxır, lakin bu gedişlə dünyanın siyasi mənzərəsini dəyişməyi də hədəfləyir. Məsələn Rusiyanın başına Taliban bəlasını sarmaq kimi. Siz necə düşünürsünüz?

- Co Bayden ABŞ prezidenti seçildikdən sonra dünyanın hərbi-siyasi cəhətdən bir çox qaynar nöqtələrində kardinal dəyişikliklərin olacağı barədə çeşidli ehtimallar müzakirə olunurdu. Xarici siyasətdə kifayət qədər ambisiyalı siyasətçi olan Bayden ABŞ-ın son zamanlar zəifləyən hərbi-siyasi, strateji mövqelərini özünə qaytaracağı barədə vədlər vermişdi. Blef deyilmiş. Gerçəkdən son 4-5 ayda dünyada, xüsusilə Rusiya və Çinin yerləşdiyi bölgələrdə ABŞ-ın fəal hərbi-siyasi aktivlik nümayiş etdirməsi, Ukrayna böhranı ilə bağlı qətiyyətli addımları və rəsmi Kremli müəyyən mənada yerində oturtması, Baydenin, az qala pərən-pərən düşmüş müttəfiq ölkələri təzədən NATO çətiri altında toplaması və ciddi geopolitik qərarların alınması, ABŞ ordusunun İraqda və Suriyada mövqeyini bir qədər də möhkəmləndirməsi işin hələ ki, görünən tərəfləridir. Ən sonda isə, Co Baydenin ABŞ ordusunu Əfqanıstandan çıxarmaq barədə qərarı Mərkəzi Asiyada son illər kövrək olan stabilliyə böyük bir zərbə vurmuş oldu. Hazırda məlum regionda hərbi-siyasi gərginlik ən üst səviyyədədir və bölgə artıq barıt çəlləyini xatırladır. Mərkəzi hakimiyyətin çox zəif olduğu Əfqanıstanda Taliban yenə meydan sulayır və hər gün sözügedən hərbi qruplaşma (BMT terror qruplaşması kimi sənədləşdirib) bir-birinin ardınca ölkənin ən iri vilayətlərini ələ keçirməkdə davam edir.

- Türkiyə Talibanla bacara biləcəkmi?

- ABŞ ordunu Əfqanıstandan çıxarsa da, Türkiyənin paytaxt Kabili və hava limanını mühafizə edəcəyi ilə bağlı qərarına isti yanaşıb. Əfqanıstanla əlaqələrin tamamilə qırılması Vaşinqtona sərf eləmir, ona görə Türkiyə ilə birlikdə vəziyyətə nəzarət edəcəyini götür-qoy edir. Türkiyənin isə asanlıqla Talibana baş əyəcəyi, mərkəzi hakimiyyəti onlara təhvil verəcəyi və Əfqanıstanı tərk edəcəyi son baş verənlər fonunda hiss olunmur. Ən son Türkiyə müdafiə naziri Hulusi Akarın Əfqanıstanda baş verənlərlə bağlı sərt açıqlamaları, daha sonra prezident R.T.Ərdoğanın "Türkiyənin təhlükəsizliyi artıq sərhədlərimizdən başlamır" şəklində bəyanatı qardaş ölkənin türklərin də çoxluq təşkil etdiyi Əfqanıstanı destruktiv qüvvələrin əlində oyuncağa çevrilməyə müsadə etməyəcəyinə işarə sayıla bilər.

Bu arada Böyük Britaniya da Əfqanıstanda Talibanın baş qaldırması və ölkəni ələ keçirməsinə qarşı çıxmaq niyyəti güdmür, əksinə, onlarla əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. Belə ki, Böyük Britaniyanın müdafiə naziri deyib ki, əgər Taliban Əfqanıstanda hakimiyyəti tam ələ keçirsə, ingilislər onlarla əməkdaşlıq etməkdə maraqlı olacaq. Hətta əlavə edib ki, bugünlərdə Britaniya rəsmiləri ilə Talibanın yüksək rütbəliləri arasında Qatarda görüşə hazırlaşırlar. Əfqanıstana son illər on milyardlarla yatırım etmiş, orada minlərlə iş adamı olan Çinin isə öz hesab-dəftəri var, əsasən də yatırımlarını mümkün qarışıqlıqda az itki ilə mühafizə etmək başlıca narahatedici qayğıdır rəsmi Pekin üçün.

Göründüyü kimi, Əfqanıstan uğrunda, az qalsın, ölüm-qalım savaşı gedir və qüdrətli ölkələrin fərqli baxışları, geosiyasi mövqeləri bu planda kəskin fərqlənir. Bu isə, Mərkəzi Asiyaya bu tezlikdə heç də xoş günlər vəd etmir.

- Bəs harda aş orda baş şimal qonşumuz Rusiya nə düşünür Mərkəzi Asiyanın bu başıbəlalı ölkəsi barədə?

- Xəbərlərdən öyrənirik ki, rəsmi Kreml bölgədə yaranmış gərginlik fonunda bu yaxınlarda paytaxt Moskvada Əfqanıstanın nəzarət altına alınan əyalətlər üzrə Əfqan-Taliban hərəkatı nümayəndə heyəti ilə rəsmi təmaslara başlayıb və danışıqlar aparılıb. Bəziləri, onsuz da "terrorçularla danışıq apara bilməzsiniz" deyərək hay-küy qaldırsalar da, Kreml strateqlərinin məsələ ilə bağlı öz dəsti-xətti var və Talibanı terrorçu elan etməyə tələsmir. Halbuki hər kəsə bəllidir ki, BMT Təhlükəsizlik Şurası bu təşkilatı Amerikanın təzyiqi altında, yalnız 2003-cü ildə, ABŞ ordusunun Əfqanıstana daxil olmasından sonra "terrorçu" elan edib. Hərçənd Taliban, onlara faktura kimi kəsilən 11 sentyabr 2001-ci il tarixində Nyu-Yorkdakı məşhur "Qoşa Qüllə" terror hücumlarını boyunlarına götürməkdən hər cəhətdən imtina etmişdi, yəni məlum olayın baş vermə şəklinin, Taliban öz dəsti-xəttinə xarakterik olmadığını bəyan etmişdi (Qısacası, məlum terror aktı terrorçular üçün tipik hesab olunmur).

- Maraqlıdır ki, əfqan xalqı özü də Talibanı qəbul edir, istəyir. Sizcə nə üçün? Və yuxarıda qeyd etdiniz ki, Britaniyadan da Talibana ilk dəstək siqnalı gəlib. Belə çıxır ki,

- Kraliçanın iradəsi çox şeyi onların xeyrinə həll edə bilər?

- Bəli, Taliban islam şəriətini ən qatı formada tətbiq edən, tarixi abidələri partladan, qadınlara burka geyindirən və oğurluq edənlərin əllərini kəsən, başqa məişət cinayətləri hesab etdikləri əməllərə bulaşanları edam edən, hətta toyda qol götürüb oynayan kişiləri şallaqladan cəsarətli fanatik saqqallı uşaqlardır. Ancaq gəlin razılaşaq ki, bununla bərabər üç çox faydalı xüsusiyyəti də var Talibanın.

- Birincisi, bir vaxtlar Amerikalılar tərəfindən Şüravilərə qarşı vuruşan "mücahidlər"in maliyyələşdirilməsi üçün yaradılmış heroin sənayesi ilə ciddi mübarizə aparırlar. Xatırlayırsınızsa, hələ 2001-dən öncə Talibanın hakimiyyətdə olduğu son 4 ildə Əfqan heroininin istehsalı 10 (!) dəfə azalmışdı. Böyük ehtimal var ki, "Nyu-Yorkda 11 sentyabr 2001-ci il terror hücumları"nın təşkil olunması Əfqanıstana daxil olmaqla yanaşı, həm də heroin biznesini yenidən dirçəltmək məqsədi daşıyıb.

İkincisi, "dünya xilafəti" uğrunda mübarizə aparan İŞİD-in əksinə olaraq, Talibanın iştahı hələ ki, Əfqanıstanın özü ilə məhdudlaşır. Əsas şüarları isə "ölkəmizdə bir dənə də olsun xarici əsgər qalmamalı"dır. Eyni zamanda, Taliban, əsasən Puştunlardan ibarətdir - hansı ki, Əfqanıstanda tarixən dominant etnik qrupdur, əhalinin haradasa 42%-ni təşkil edir və qonşu Pakistanda çox sayda köçəri qohumları var. Mövcud Əfqan rejimi isə ölkənin şimalında yaşayan taciklərin (bundan qabaq mövcud olmuş Əhməd Şah Maqsudun "Şimal Alyansı") və özbəklərin (General Rəşid Dostumun qruplaşması) dəstəyinə ümid bağlayır.

Ancaq Talibanın hazırda ora müdaxilə etmək barədə yekdil fikri yoxdur və hələlik buna ehtiyac da görmürlər. Hər bir halda, Taliban sabah Əfqanıstanda yeni bir güc amili kimi meydana çıxa bilsə, taciklərlə də, özbəklərlə də, xəzərlərlə də danışıqlar aparmalıdır (Bu üç etnik qrup birlikdə ölkə əhalisinin yarısını təşkil edir). Buradan da göründüyü kimi, Taliban mövcud şərtlərdə və hərbi-siyasi şəraitdə Orta Asiya dövlətləri ilə genişmiqyaslı bir müharibə təşkil etmək fikrində deyil. Buna baxmayaraq, gələcəkdə Talibanın "inqilab ixracı" təşkil etmək qərarına gəlməyəcəyi və ya ayrı-ayrı səhra komandirlərinin qonşularının sərhədlərinin gücünü sınamaq istəməyəcəyi gözardı edilə bilməz. Hər bir halda, Əfqanıstana qonşu dövlətlər öz sərhədlərini bu təhlükə vəd edən dalğaya qarşı gücləndirmək məcburiyyətindədir.

Və nəhayət üçüncüsü: Taliban, amerikalıların (Türkiyənin də adı hallanır) Talibanı məğlub etmək üçün intensiv olaraq Əfqanıstana nəql etdiyi İŞİD ilə qatı düşməndir. Rəsmi Moskvaya görə "İslam dövləti" (İŞİD) onlar üçün daha təhlükəlidir - onunla heç bir güzəştə getmək mümkün deyil. Taliban da onları eynilə "xarici işğalçılar" hesab edir (əslində, həqiqət olan da budur) və onlarla illərdir düşmən münasibətdədirlər. Məşhur bir məsəldə deyildiyi kimi, meşə yanarkən, bəzən yeganə çıxış yolu qarşı tərəfdən də bir yanğın təşkil etməkdir. Mümkündür ki, Taliban məhz elə həmin "qarşıdan gələn yanğın" ola bilər. Ən azından İŞİD-lə mübarizə apardıqları müddətdə, bu, Kremlə sərf edir.

- Talibanla danışıqlar aparmaq mümkündürmü?

İşin ən maraqlı tərəfi budur ki, Moskvadakı danışıqlarda Taliban Əfqanıstan sərhədlərini aşmayacağına, narkotik ticarəti ilə mübarizə aparacağına və qaçqın axınına səbəb olan qırğınlar törətməyəcəyinə dair müqəddəslərə and içərək söz verib. Bəllidir ki, Əfqanıstanda bu gün orta əsr qaydaları hökm sürür, qoy əfqanların özləri bunu öz aralarında həll etsinlər, nəyin səhv, nəyin mütərəqqi olduğuna qərar versinlər - Moskvada belə düşünürlər. Ən son ABŞ prezidenti Bayden də buna bənzər açıqlama vermişdi ki, ABŞ illər öncə Əfqanıstana ölkə qurmaq üçün girməmişdi. Rusiya o qənaətdədir ki, fərqli bir “mədəni və tarixi tip” olan bu ölkəni onlar artıq bir dəfə “müasirliyə” dəvət etməyə çalışıb və əfqan xalqından minnətdarlıq almaq əvəzinə, "mükafat" kimi ümumiölkə “cihad”ı ilə qarşılaşıblar. İngilislər bu planda ruslardan əvvəl özlərini sınamışdılar, bir nəticə hasil olmamışdı. Ruslardan sonra isə amerikalılar eyni bataqlığa düşdülər. Nəticə dəyişməz olaraq qalıb.

Elə bu səbəbdən ilkin taktiki bir tədbir kimi indiki zamanda danışıqlar olduqca məqbul hesab olunur. Rusiyanın mövqeyindən bu nəticəni çıxarmaq olar ki, rəsmi Moskva üçün Taliban işğalı təhdidindən istifadə edərək Orta Asiyada özünə yer tapmaq üçün vaxt qazanması lazımdır. Təbii ki, bu yerdə Əfqanıstana əsgər göndərməyə ehtiyac qalmır - 1979-

cu ildə ruslar bu səhvi artıq bir dəfə edib. Ancaq Kreml divarları arasında oturanlar o qədər də sadəlövh zatlar deyillər və anlayırlar ki, hər şeylə yanaşı Talibanın verdiyi sözə tam etibar etmək ağılsızlıq olardı: çünki ruslar taliblərə görə, ən azı, amerikalılar qədər eyni şəkildə “kafir”dirlər. Talibanın, bu gün genişlənməyə hazır deyilsə, sabah da eyni fikirdə və məramda olacağına zəmanət yoxdur. Hazırda məlumdur ki, Rusiyanın qarşısında duran ən ümdə vəzifə Türkiyə və ABŞ-ın Orta Asiyaya hakim olmasının qarşısını almaq, eyni zamanda keçmiş Şimal Alyansı ilə də təmasları qurmaqdır ki, Taliban verdiyi sözləri tutmayacağı təqdirdə, Əfqanıstan daxilində onlara qarşı birlikdə güc yolu ilə müqavimət göstərə bilsinlər. Çünki bu, Rusiyanın təkbaşına öhdəsindən gələ biləcəyi müqavimət deyil. Bir sözlə, məşhur siyasi deyimdəki kimi, Talibanla yola getməyin yalnız bir prinsipi qalır: sülh istəyirsinizsə, müharibəyə hazır olun! Yalnız bu yolla həqiqətən bölgədə ağlasığmaz miqyasda qanlı müharibənin qarşısını almaq mümkün ola bilər.

İlhamə Rəsulova

Mənbə:
0
477
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar