Deputatla jurnalistlərin ev qalmaqalı böyüdü

Deputat Etibar Əliyevlə jurnalistlər arasında yaranan narazılıq böyüyür. Onun media nümayəndələri üçün tikilən üçüncü binadakı mənzillərin ehtiyacı olan şəhid ailələri və qazilərə verilməsi təklifi ilə başlayan söz davası hər keçən gün daha eybəcər şəkil alır.

Həmin statusu bir daha xatırlatmağı vacib bilirik: “Ölkədə jurnalistlərə iki böyük bina inşa edilərək evlər verilib. Bu, jurnalist keyfiyyətini əsla dəyişməyib... Alimlərə heç belə qayğı göstərilməyib. Alimlərin bir binasındakı evlərin əksəriyyətini Akif Əlizadə və onun ətrafındakı yaxınları zəbt ediblər. İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız reklam və xəbərlər dərc etməklə məşğuldur və başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir. Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Jurnalist adı ilə katibələrə, sürücülərə evlər verilib. Bu sənət beləcə ucuzlaşdırılıb. Tanıdıqlarımızın bir neçəsi isə verilən evləri satıblar. Və belə hallar davam etməkdədir. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.

Deputat bir addım belə geri çəkilmək fikrində deyil və statuslarını, açıqlamalarını bir-birinin ardınca cilalayır.

Onun hədəfinə tuş gələn şəxslərdən biri də Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərlidir.

M.Ələsgərli “Yeni Müsavat”a bunları dedi: “Adamla əvvəllər heç bir konfliktim, ünsiyyətim olmayıb. Bu gün də konflikt yoxdur. Sadəcə, indi problemin bir kökü yaranıb. O, jurnalistlər üçün tikilən 3-cü binanın şəhid ailələrinə verilməsi təklifi ilə çıxış edib. Mən də məsələyə münasibət bildirdim ki, dövlət bu binanı jurnalistlər üçün tikib, cənab Prezidentin iradəsi ilə bina tikilib. Əgər dövlət səhəri gün görsə ki, daha zəruri təbəqə var, o istiqamətə yönələcək. Buna da heç kim etiraz edə bilməz. Sadəcə, burada söhbət kənar adamların bu məsələdən sui-istifadə etmələrindən gedir. ”Hamam suyu ilə dost tutmaq" atalar misalı onlara aiddir. Etibar Əliyev fikirlərini əsaslandırmaq əvəzinə, Azərbaycan mediasının aşağılanmasına yönəlik fikirlər işlədib. Məsələn, o deməyib ki, bu gün evlərin şəhid ailələrinə verilməsi daha zəruridir. Fikir işlədib ki, Azərbaycan jurnalistikası bu hədiyyəyə layiq deyil. Məsələnin mahiyyətində bu durur. Mən də dedim ki, deputat adamsan, danışığına fikir verməlisən. Bir fikri əsaslandırmaqdan ötrü başqasını aşağılamaq olmaz. Digər bir məsələ də odur ki, bu, dövlətin hədiyyəsidir və kimə istəsə verə bilər. Əgər qərar verilsə ki, mənzillər şəhid ailələrinə verilsin, biz bunu ürəkdən alqışlayacağıq. Bir sıra məsələlərə də toxunmuşdum. Onlardan biri bu idi ki, indiyə qədər jurnalist təşkilatları tərəfindən onlarla təkliflər paketi parlamentə göndərilib, Azərbaycan mediasının inkişaf etdirilməsi üçün. Etibar Əliyev hələ indiyə qədər onların heç birinə baxmayıb. Düzdür, o təkliflərin bir hissəsi deputat olmadığı dövrə təsadüf edib. Amma bir dəfə də olsun ki, bu təkliflər paketindən danışmayıb. Bunları fikirlərimdə qeyd etmişdim. İnsanın əlində səlahiyyəti var. İstəsəydi, bu istiqamətdə bəzi məsələləri qaldıra bilərdi".

M.Ələsgərli fikilərinə belə davam etdi: “Deputat olduğu dönəmdə medianın inkişafına yönəlik bir təklifi belə yoxdur. Necə olur ki, medianın qayğısına qalmayan, bu sahə üzrə bir təklif belə verə bilməyən birisi bu cür fikirlər irəli sürür. Bu adam belə fikirləri onun üçün səsləndirir ki, mediadan xəbəri belə yoxdur. O məsələni də önə çəkmişdim ki, Azərbaycan jurnalistləri cəbhə bölgəsində oldular, şəhidlərimiz oldu, öz fəaliyyətlərini yaxşı da yerinə yetirdilər. İndi Etibar Əliyev desin ki, 44 günlük müharibə dövründə harada idi? Ortalıqda belə görünmədi. Döyüş bölgəsində olmayan birisi nə anlaya bilər ki, şəhid ailəsi nədir, jurnalistlər nələr çəkiblər. Onun deputat olduğu ərazidə şəhid ailələri var. Onlarla nə zaman görüşüb, qayğılarına qalıb? Çoxlu sayda suallar göndərdim. Heç birinə cavab vermədi. Əksinə, şəxsiyyətimizə yönəlik fikirlər bildirməyə başladı. Biz onun şəxsiyyətini müzakirəyə çıxarmadıq, fəaliyyətini müzakirə edirdik. Şəxsiyyətimizi aşağılayan fikirlərə yol verdi. Ona dedik ki, deputat adamsan, elmi, mədəni, arqumentli danışmalısan. Adamın bütün çıxışları söyüş, qarğışla müşahidə olunur. Bəlkə tənqidlər çox oldu, ona görə adam çaşqın duruma düşdü, adekvat cavab verə bilmədi. Hər kəs haqqında danışır və sonuc olaraq mənim, Mətbuat Şurasının üzərinə gəldi. Başqalarından heç də artıq fikirlər səsləndirməmişdim. Nədənsə üzərimə daha çox gəldi. Sonrakı günlərdə bir neçə həmkarımız zəng edib açıqlama almaq istədi, amma müsahibə vermədim. Dedim qoy müzakirələr yatsın. Fikir versəniz görərsiniz ki, haqqımda 10-a yaxın yazı yazıb, amma bir dəfə ”Bakı Xəbər" qəzetində haqqında danışmışam. Sonda onu da qeyd edim ki, bu məsələdən sonra 200-ə yaxın jurnalist şərh yazaraq onun fəaliyyətini pisləyib, 30-dan artıq da məqalə gedib. Bu nəticəyə baxsın".

Etibar Əliyev: “Bu fikrə qarşı olan təhdidlər yolverilməzdir”

E.Əliyevin fikirlərinə bir daha ehtiyac duyduq. Musavat.TV-nin canlı efirinə tələsən deputat qısa şərh verdi: “Sosial şəbəkələrdə qəribə bir durum yaranıb. Şəxsi fikirlər səsləndirən birinin üzərinə hücumlar edilir. Təklif də vermişdim, müzakirə də qurula, dinləmələr də keçirilə bilərdi. Bu məsələ təkcə mənə aid deyildi. Fikirlərim bir tərəfdə qaldı, deputatlara, şəxsiyyətimə yönəlik xoşagəlməyən ifadələr işlədildi. Mən əslində demişdim ki, jurnalist kriteriyalarını ortalığa qoymaqla ən qabiliyyətli jurnalistlərlə yanaşı mənzillərin bir hissəsi şəhid və qazi ailələrinə verilsin. Məsələnin kökündə bu dururdu. Sonradan mənə məlum olan I və II jurnalistlər binasından katibələrə, sürücülərə, iki evi olanlara da evlərin verilməsindən çıxış edərək bu təklifi irəli sürdüm. Burada heç bir siyasi motivdən söhbət gedə bilməz. Sadəcə, siyasiləşdirməyə cəhdlər olundu. Bu fikrə qarşı olan təhdidlər yolverilməzdir”.

Mənbə:
0
154
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar