Almaniyanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının səbəbi məlum oldu - AÇIQLAMA

“Son vaxtlar Almaniyanın Kütləvi İnformasiya Vasitələri və müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı qərəzli bir kampaniyanın həyata keçirildiyini müşahidə edirik. Aparılan qərəzli kampaniyanın davamlı şəkil alması və həqiqəti əks etdirməməsi, Almaniya hökumətinin bu prosesdə maraqlı olduğunu deməyə əsas verir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında Tarix üzrə Fəlsəfə doktoru, politoloq Anar Əliyev səsləndirib. O bildirib ki, burada mühüm məsələlərdən biri də, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə yaratdığı reallıqlar və onun fonunda Almaniyanın maraqlarının kənara atılması, eləcə də region dövlətlərinin mövqelərinin daha çox qabardılması istiqamətində rəsmi Bakının atdığı addımların Berlinin istəkləri ilə uzlaşmamasıdır. Digər tərəfdən bu cür qarayaxma kampaniyasının həyata keçirilməsində mühüm səbəblərdən biri də, Azərbaycan dövlətinin işğaldan azad edilən Qarabağ bölgəsində ekoloji terror həyata keçirildiyini və bu məsələdə bir çox Qərbi Avropa ölkələri ilə yanaşı Almaniya şirkətlərinin fəal iştirakını faktlarla dünyaya çatdırmasıdır. Buna misal olaraq Oxçuçayın Almaniya şirkətləri tərəfindən çirkləndirilməsini göstərmək olar. Görünür Almaniya hökuməti Azərbaycanın haqlı mövqe sərgiləməsindən qəzəbini məhz bu cür qarayaxma kampaniyaları həyata keçirməklə ifadə edir”.

 

Politoloq əlavə edib ki, baş verən proseslərin digər bir səbəbi isə, Almaniya siyasi institutlarına qarşı insan hüquqları ilə bağlı məsələlərdə səsləndirilən ittihamlardan yayınmaq cəhdləridir: “Almaniya bu gün dünyaya demokratiya dərsi keçmək istəyən ölkələr içərisində insan hüquq və azadlıqlarının pozulmasına görə, Fransa ilə yanaşı ən öndə gedən dövlətlərdəndir. Bu sahədə çox ciddi problemlər mövcuddur. Eyni zamanda Almaniyada müxtəlif siyasi baxışlı insanların öz fikirlərini ifadə etməsinə kifayət qədər böyük təhdid və məhdudiyyətər mövcuddur. Siyasi və sosial hüquqlarla bağlı tələblərlə çıxış edən ayrı-ayrı şəxslər və qruplar Almaniya hakimiyyətinin represiyalarına məruz qalır. Bu gün Almaniya mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyasının həyata keçirilməsində digər bir məqsəd də, həmin ittihamlardan yayınmaq və diqqətdən kənar qalmaqla bağlıdır”.

Anar Əliyevin sözlərinə görə, Almaniyada seçkilər yaxınlaşır. Bu seçki ərəfəsində hakim partiya ona qarşı ünvanlanan ittihamları müəyyən qədər səngitmək üçün qərəzli şəkildə belə bir kampaniyaya start verib: “Hesab edirəm ki, Azərbaycanın apardığı haqq mübarizəsidir. Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət birmənalı şəkildə onu deməyə imkan verir ki, bu fəaliyyət yalnız Azərbaycan xalqının və dövlətinin maraqlarına deyil, bütövlükdə region ölkələrinin gələcək inkişafına istiqamətlənib. Bu addımlar həm regional, həm də beynəlxalq səviyyədə dəstək almalıdır. Hesab edirəm ki, demokratik ölkələr bu dəstəyi mütləq nümayiş etdirəcəklər”.

Müşviq Tofiqoğlu

Mənbə:
0
263
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar