2,6 milyard avronun yaradacağı “baha nəticə”

İrəvanın inkişafı üçün sülh müqaviləsi, Azərbaycan və Türkiyə ilə əlaqələr lazımdır Ermənistana 2,6 milyard avroluq əvəzsiz yardım paketi ayıran Avropa İttifaqının qəfil və gözlənilməz qərarı müzakirələrlə yanaşı, ortaya çoxlu suallar qoyub. Ermənistana bu yardımın nəyin müqabilində təqdim edildiyi və ya hansı işlər üçün nəzərdə tutulduğu hər kəsi düşündürür. 30 ildən artıqdır ki, terror və separatizmi yayan bir ölkəyə bu həcmdə yardım ayrılması, sözsüz ki, Qərbin ikili standartların məngənəsindən çıxa bilmədiyini göstərir. Diqqət çəkən məqam odur ki, bu pulları Avropa İttifaqı müharibədən sonra bütöv regionun bərpasına, işğaldan azad olunan ərazilərlə bağlı layihələrə deyil, məhz Ermənistana ayırır.

Bu, Avropa İttifaqının nəyinə lazımdır?

Maraqlıdır ki, Rusiya mediası və ekspert dairələri də dərhal bu "yardım"la bağlı narahatlıqlarını ortaya qoyub, məsələ ətrafında öz mülahizə və fikirlərini ifadə etməyə, qərardan ehtiyatlanmağa əsas olduğunu söyləməyə başlayıb. Məsələn, "Vestnik Kafkaza”da Avropa İttifaqının Ermənistana 2,6 milyard avro "maliyyə yardımı” göndərməsi sərt tənqid olunur, pərdəarxası məqamlarına aydınlıq gətirilir. Ayrılan vəsait Ermənistanın büdcə kəsirini belə bağlayır, gələcək illər üçün maliyyə yastığını təmin edir. Maraqlıdır ki, avrointeqrasiya yolunu seçən Gürcüstan orta hesabla 130 milyon avro alır. Yəni Avropa İttifaqı Ermənistana Gürcüstana 20 ildə ayırdığı vəsait qədər vəsait ayırır. Bir faktı da qeyd edək ki, Avropa İttifaqının özünün büdcəsi problemlərlə üzləşdiyi halda, Ermənistana bu həcmdə vəsait ayırır. Və belə olan halda, ortaya belə bir sual çıxır – bu, Avropa İttifaqının nəyinə lazımdır? Bu addımın Rusiya, Türkiyə və Birləşmiş Ştatlara görə atıldığı gün kimi aydındır. Avropa strukturları əvvəlki tək Vaşinqtonun güclü təsiri altındadır və onun "Rusiyanı sakitləşdirmək” planını həyata keçirir. İndi də bura "Türkiyənin sakitləşdirilməsi” planı daxildir.

Moskvanı müttəfiqlərindən məhrum etmək hədəfi?

Görünən də odur ki, bu planlarına yenə də Ermənistanı daxil ediblər. Bəllidir ki, indiyə qədər "Rusiyanın sakitləşdirilməsi” ilə bağlı raundlar Qərb üçün uğursuz başa çatıb – insan haqlarının pozulması xətti üzrə hücumları, Belarusdakı kimi müxalifətin etiraz aksiyalarını təşkil etmək mümkün olmadı. Avropalı məmurların Rusiyanın ünvanına olan hücumları sərt diplomatik maneə ilə qarşılandı. Moskva ilə müasir cəbhədə - "Şimal Axını-2” layihəsinin reallaşmasında ABŞ elə həmin Avropanın təzyiqləri qarşısında sonda təslim oldu. Bu səbəbdən də ABŞ və Avropa İttifaqı Rusiyanın postsovet dövlətləri ilə əlaqələrinin dağıdılmasına qoşulub. Yəni Avrasiya inteqrasiya layihələrində olan dövlətlər hədəf götürülüb. Məqsəd isə bəllidir - Moskvanı müttəfiqlərindən məhrum etmək, NATO qoşunlarını onun sərhədlərinə doğru yaxınlaşdırmaq, perspektivdə isə Rusiyanı bütün mümkün istiqamətlərdə bloklamaq. Son nəticədə isə Rusiyanı daha çox zəiflətmək hədəflənib. Bununla yanaşı, Qərbə Qarabağ müharibəsi nəticəsində çıxarıldığı Cənubi Qafqaza dönmək lazımdır. Burada da əsas hədəflərdən biri Türkiyədir. Onun Cənubi Qafqazda nüfuzunu azaltmaq, regionun Ermənistanın köməyi ilə inteqrasiyasına mane olmaq hədəfi düşünülür. Qərbə Rusiya, həm də Türkiyə sərhədi yaxınlığında dağınıq, münaqişəli Cənubi Qafqaz gərəkdir.

Bəs nədən Ermənistan seçilib?

Rusiyalı analitik Andrey Petrov hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqı və KTMT üzvləri sırasında "daha tez alınması” (Belarus və Qazaxıstandan fərqli olaraq) realdır. Ermənistanı Qırğızıstan və Tacikistanla müqayisədə "almaq" effektivdir. Burada bir neçə səbəb var. Birincisi, Ermənistan böyük vəsait sərf etdiyi və məğlub olduğu Qarabağ müharibəsindən sonra fəlakətli səviyyədədir. Böyük həcmdə vəsaitə ehtiyacı var, onu da qazana bilmir, heç təsəvvürünə də gətirə bilmir. Ümid qalır geosiyasi xeyriyyəçiliyə - bu səbəbdən də istənilən ölkədən "maliyyə yardımı”na (əlbəttə, Azərbaycan və Türkiyədən başqa) ehtiyacı var. İkincisi, Nikol Paşinyanın rejimi üçün kapitulyasiyadan sonra Rusiyadan olan asılılıq xoş deyil. Yerevan Moskvadan, ona nə müharibə vaxtında, nə də sonra dəstək vermədiyinə görə narazıdır. Rusiya Azərbaycan və Ermənistanla münasibətlərdə balansı qoruyub saxlamağa çalışır və Türkiyə ilə konstruktiv əlaqələrə malikdir. Paşinyan rejimini isə bu, qane etmir, ona tərəfdaş və müttəfiqlər, daim onu müdafiə edən, Bakı və Ankaranı dəstəkləməyənlər gərəkdir. Bu iki səbəbin həcmi göstərir ki, Ermənistanın Avropa İttifaqına doğru əllərini açmış vəziyyətdə getmək və müttəfiqlik təklif etmək üçün motivləri var. Yəni demək istəyirlər ki, siz bizə kömək edin və Azərbaycanla müharibədən sonrakı qarşıdurmada pul verin. Biz isə sizə Rusiya orbitindən çıxmaq üçün dəstək veririk. Məhz bununla da Ermənistan Qırğızıstan və Tacikistandan fərqlənir. Orada da hakimiyyət puldan imtina etmir. Lakin anti-Rusiya razılaşmalarını həyata keçirmək istəməz. Üçüncüsü, əhali sayı 3 milyona çatan Ermənistanı başqaları kimi almaq elə də baha başa gəlmir.

Bəs bu anlaşmadan nə çıxa bilər?

Avropa İttifaqından pul və siyasi dəstək almaqla Ermənistan regionda gedən sülh proseslərini əminliklə tormozlaya bilər. Çünki Avropa İttifaqından asılılıq onun Rusiyadan asılılığını azalda bilər. Bununla da, Moskvanın Yerevan üzərində nəzarəti qismən azala bilər. Nikol Paşinyanın anlamında bu xarici siyasi əlaqələrin diversifikasiyası deməkdir. Yerevanın bundan sonra Moskva ilə müttəfiqlik münasibətlərinə sadiq qaldığı haqda daha bərkdən danışacağını gözləmək olar. Bununla yanaşı, daima Azərbaycanla sərhədləri niyə açmaması, minaladığı ərazilərin xəritəsini verməməsi, sərhədlərin delimitasiyası ilə məşğul olmamasının səbəblərini açıqlamadığı barədə yalanlar uydurmağa çalışacaq. Lakin üzərinə götürdüyü öhdəliklərin icrasını uzatmaqla heç nə əldə etməyəcək. Rusiyalı ekspert hesab edir ki, Yerevan Moskvanı özündən nə qədər çox uzaqlaşdırmağa çalışacaqsa, bir o qədər onu, onsuz da yaxşı münasibətdə olduğu Bakıya yaxınlaşdırmış olacaq. Əgər Nikol Paşinyan rejimi üçün Rusiyadan asılılıq xoş deyilsə, Kremlə də Yerevanın ABŞ və Fransanı yenidən regiona gətirməsi xoş gəlmir. Rusiyaya Ermənistanda Qərb lazım deyil. Qərbin də elə bu ölkədə geniş xeyriyyəçiliyinə baxmayaraq, nə isə irimiqyaslı layihə həyata keçirməsi gözlənilmir. Məsələ ondadır ki, Azərbaycan və Türkiyə ilə düşmənçiliyi qoruyub saxlamağa çalışan Ermənistanın Rusiyanı Fransa ilə əvəzləmək üçün fiziki imkanları yoxdur. Rusiya qərbli hərbçiləri 102-ci bazasının olduğu Ermənistana buraxmaz. Yerevan Rusiya ilə müttəfiqlik münasibətlərini kəsə bilməz. Dərhal da Azərbaycan və Türkiyə erməni sərhədlərini asanlıqla delimitasiya etməyə başlayacaq. Ermənistan Azərbaycan və Türkiyə ilə müharibə edə bilməz. Bu, ermənilər üçün çox baha başa gələ bilər.

Yerevan Qərblə "sevgi" həddini aşsa...

Bütövlükdə bütün regional oyunçular xarici qüvvələrin Cənubi Qafqaza qayıtmasının bölgəyə bəzi problemlər gətirəcəyini başa düşür. Ermənistan da bunu başa düşür, ancaq Azərbaycan və Türkiyə üçün problemlər yaratmaq onun xarici siyasətinin əsasını təşkil edir. Eyni zamanda, Yerevan Qərblə "sevgi" həddini aşsa, problemlə də üzləşəcəyini anlamalıdır. Nə qədər ki, Aİ Ermənistana pul verir və Ermənistan onu məmnuniyyətlə qəbul edir, lakin Rusiyaya birtəhər zərər verməyə çalışmırsa, vəziyyət ehtiyatlılıq və narahatlıq situasiyasında davam edəcək. Ancaq Rusiya Nikol Paşinyan rejimini bir sıra yollarla gerçəkliyə qaytara biləcək. Adi bir misal: Gürcüstan nümunəsi ortadadır - uçuşlara, mal idxalına qadağa, sərt viza rejimi, pul köçürmələrindəki məhdudiyyətlər tətbiq edilib. Ermənistan bütün sahələrdə Rusiya ilə çox sıx əlaqədədir və hər fasilə onun üçün ciddi bir travma olacaq. Buna görə də, bu gün Aİ-nin "maliyyə yardımı" ilə razılaşan Ermənistan 2.6 milyard avronun çox "baha” olacağını diqqətlə hesablamalıdır. Yəni ermənilər düşünməlidirlər: Brüssel və Vaşinqton bu pulun müqabillində onlardan daha çox şey tələb edəcəklərmi? Lakin bir məsələ də var. "Yardım" verən Avropa anlamalıdır ki, Ermənistanda sistemli dayaqdan məhrumdur. Doğrudan da, Avropa İttifaqı bu illər ərzində Ermənistanda müxtəlif məqsədlər üçün milyonlarla avro və ya dollar xərcləyib, lakin sistemli bir dayaq formalaşdıra bilməyib. Ən əsası odur ki, Ermənistan yardımla inkişaf etsəydi, indiyədək aldığı kifayət qədər yardımlarla inkişaf edərdi. Anlamalıdırlar ki, inkişaf üçün sülh müqaviləsi, həmçinin Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaq lazımdır.

Azər NURİYEV

Mənbə:
0
290
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar