Ümumdünya Hepatit Gününə həsr edilmiş konfransın bağlanış mərasimi keçirilir - FOTOLAR

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı Ümumdünya Hepatit Gününə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı onlayn elmi tədbirin bağlanış mərasimi keçirilir.

 

Mərasimdə öncə Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov çıxış edərək tədbirin əsas məqsədinin hepatit xəstəlikləri və qaraciyər transplantasiyası ilə bağlı maarifləndirmə işlərinin aparılması və bu sahədə yeni tədqiqatların təqdim edilməsindən ibarət olduğunu dedi.

 

Bildirdi ki, COVID-19 pandemiyasına baxmayaraq Mərkəzi Gömrük Hospitalında tibbi biliklərin təkmilləşdirilməsində böyük rol oynayan bu kimi faydalı tədbirlər davamlı olaraq keçirilir.

 

O, konfransın keçirilməsində göstərdiyi dəstəyə görə Elmi-Təcrübi və Tədris Mərkəzi, eləcə də Florence Nightingale Xəstəxanalar Qrupununa təşəkkürünü bildirdi. “Qaraciyər transplantasiyasına multidissiplinar yanaşma” adlı paneldə təqdim olunacaq 12 məruzənin uğurlu olacağına əminliyini ifadə etdi.

 

Donor qrupunun rəhbəri Kamran Beydullayev “Kimlər donor ola bilər” mövzusunda məruzə ilə çıxış etdi. Qaraciyər transplantasiyasının kəskin qaraciyər xəstəliklərində istifadə olunan müasir müalicə metodu hesab edildiyini, bu əməliyyat üçün donorun vacib olduğunu qeyd etdi.

 

“Donor orqanları ölmüş insanlardan - meyitdən və canlı insanlardan alına bilər”,  deyən məruzəçi meyitdən əldə olunan donorların beyin ölümü olan və ürəyi döyünməyən donorlardan ibarət olduğunu dedi. Qeyd etdi ki, canlı donorlara xəstəyə genetik və ya emosional bağlılığı olan və alturistik donorlar aiddir.

 

O, müasir dövrdə transplantasiya zamanı beyin ölümü donorlarından geniş istifadə edildiyini söylədi. Qeyd etdi ki, bu zaman kliniki müayinələrlə diaqnoz qoyulur və beyin ölümü olanların orqanları cıxarılır. Canlı donorun üstünlüklərinə gözləmə müddətinin qısalması, marginal donurların daha az istifadə edilməsi, çox qısa işemiş vaxtın olması və s. aiddir.

 

Həkim canlı donorların etik aspektlərindən də söz açaraq, canlı donorun ziyan görə bilmək təhlükəsi, donorluğun hər hansı sosial təzyiqdən, maddi maraqdan və ya başqa təsirlərdən kənarda təminatın olmamasından danışdı.

 

Donorların klinik dəyərləndirilməsinə donordan xəstəyə keçə bilən xəstəliklərə görə müayinələr, donorun əməliyyatı üçün əlavə risklər, əməliyyatın texniki mümkünlüyünün təyin edilməsi üçün olan müayinələrin daxil olduğunu dedi. Bildirdi ki, əməliyyatın planlaşdırılması zamanı kompüter tomoqrafiyası, 3D proqramlarda volumetriya həyata keçirilir. Sağ payın çəkisi resipientin çəkisinə uyğun olmalıdır.

 

K.Beydullayev qaraciyər donor əməliyyatlarının ağırlaşmaları haqqında da məlumat verdi. Qeyd etdi ki, müxtəlif tədqiqatlarda qaraciyər donorlarında ölüm faizi 0.2-0.5 faizə qədər dəyişir. Ağırlaşmalar isə 10-40 faiz arasında olur.

 

Sonra Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d. Mircəlal Kazımi qaraciyər transplantasiyası ilə bağlı təcrübələrini bölüşdü. Qeyd etdi ki, hazırda ölkımizdə qaraciyər transplantasiyası yalnız canlı donorlardan istifadə ilə həyata keçirilir. Lakin gələn ilin yanvar ayından etibarən meyitdən oqran transplantasiyasının icrası mümkün olacaq.

 

O, Azərbaycanda ilk dəfə olaraq qaraciyər transplantasiyasının 2008-ci ildə həyata keçirildiyini də nəzərə çatdırdı.

 

Məruzəçi qaraciyər transplantasiyasının əksər hallarda xroniki qaraciyər xəstəliyi – sirroz və kəskin qaraciyər yetməzliyi zamanı icra edildiyini, həyatqurtarıcı əməliyyat olduğunu bildirdi. 2008-2021-ci illərdə qaraciyər transplantasiyası sahəsində əldə olunan nəticələrdən danışaraq, bu günədək qaraciyər transplantasiyası tətbiq edilmiş  293 xəstədən 248-nin böyük, 45-nin uşaq, 126-nın qadın, 167-nin kişi olduğunu diqqətə çatdırdı.

 

“Qaraciyər transplantasiyası zamanı anesteziya və reanimasiya” mövzusunda anestezioloq-reanimatoloq Qulam Rüstəmzadə çıxış edərək əməliyyata hazırlıq, əməliyyat prosesi və əməliyyatdan sonrakı mərhələlər haqqında ətraflı məlumat verdi. O, reanimasiya ilə bağlı təşkilati problemlərdən söz açdı, buraya xəstələrin cərrahi müalicə üçün gec müraciəti, müraciət etdikdən əməliyyata qədər olan müddətin adətən obyektiv-subyektiv səbəblərdən uzanmasının daxil olduğunu, bu faktorların xəstənin əməliyyat və anesteziya risklərini xeyli artırdığını bildirdi.

 

Onun sözlərinə görə, tibbi problemlərə pulmonar hipertenziya, kəskin tubular nekroz, serebral ödem, infeksion fəsadlaşmalar, mədə-bağırsaq qanamaları, anemiya, yanaşı xəstəliklər və s. daxildir.

 

Həkim, həmçinin anesteziyanın 3 mərhələdən ibarətdir olduğunu dedi: preanhepatik, anhepatik, neohepatik. Hər bir mərhələnin həyata keçirilməsi prosesini izah etdi.

 

Mərkəzi Gömrük Hospitalının infeksionist-həkimi Mədinə Abdullayeva  “Orqan transplantasiyası xəstələrində infeksiyanın qarşısının alınması və nəzarət” mövzusunda çıxış etdi. O, orqan transplantasiyasında infeksiya üçün risk faktorlarından danışdı. Əsas xəstəliyə bağlı orqan disfunksiyası - böyrək çatışmazlığı, qaraciyər və tənəffüs çatışmazlığı ilə bağlı məlumat verdi.

 

M.Abdullayeva antibiotikdən yanlış istifadə və dərmanların yan təsirlərinin orqan transplantasiyasında infeksiya üçün risk faktorlarından olduğunu söylədi.

 

Həkim transplant alıcılarında infeksiyaların qarşısının alınması üçün major infeksiya kontrol səyləri, ətraf mühitə nəzarət haqqında məlumat da verdi. Transplantasiya otaqlarında pozitiv təzyiqli otaqlara üstünlük verməyin vacib olduğunu bildirdi.

 

“Mən necə həyatda qaldım və hazırki həyat tərzim” mövzusunda çıxış edən, qaraciyər transplantasiyası əməliyyatını keçirmiş pasiyent Absələddin Əliyev öncə onun sağlamlığına qovuşmasında rolu olan bütün həkimlərə dərin minnətdarlığını bildirdi.

 

O, xəstəlikdən əvvəlki dövr, xəstəlik, transplantasiyaya hazırlıq və əməliyyat, reabilitasiya və sonrakı sağlam həyat dövrü haqqında məlumat verdi. Hər kəsə xəstəliklərin vaxtında aşkarlanması üçün mütəmadi olaraq müəyyən müayinə və analizlərdən keçməyi tövsiyə etdi.

 

Daha sonra İzmir Kənd Xəstəxanasının Qaraciyər Transplantasiyası Bölməsinin direktoru, professor Murat Kılıç çıxış edərək təqdim olunmuş bütün məruzələri yüksək qiymətləndirdi. Azərbaycanda orqan transplantasiyası sahəsində böyük uğurların əldə edilməsinin sevindirici hal olduğunu söylədi.

 

M.Kılıç “Qaraciyər transplantasiyası və qaraciyər transplantasiyasına müasir yanaşma” mövzusunda məruzəsini təqdim edərək öz təcrübəsində qaraciyər transplantasiyası keçirmiş pasiyentlərin xəstəlikdən əvvəlki və transplantasiyadan sonrakı vəziyyətləri barədə məlumat verdi. Qaraciyər transplantasiyasına müasir yanaşmaya dair nümunələr təqdim etdi. Türkiyədə həyata keçirilən orqan transplantasiyalarına dair əməliyyatların statistikasını diqqətə çatdırdı.

 

Tədbir öz işini məruzələrlə davam etdirdi.

 

Mənbə:
0
97
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar