İnsan hüquq və azadlıqlarının qorunması ölkədə həyata keçirilən hüquqi islahatların əsas istiqamətini müəyyən edir

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmamışdır. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşamışdır. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi səbatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi.

Hüquqşünas Əli İbrahimov deyir ki, müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Onun sözlərinə görə, məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır: "İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna imkan yaradır. Ölkəmizdə sözün əsl mənasında demokratik dəyərlərə əsaslanan hüquq sisteminin formalaşdırılması insanların hüquq və azadlıqlarını müdafiə etməyə, azad, müstəqil ədalət mühakiməsinin bərqərar olmasına yönəlmiş məhkəmə-hüquq islahatlarının həyata keçirilməsini zəruri etmişdir. Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir".

Əli İbrahimov bildirib ki, müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olmuşdur: "1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlamışdır. Hüquqi, demokratik və dünyəvi dövlətin əsaslarını yaratmaq məqsədilə ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanın ilk Konstitusiyası hazırlanır və 1995-ci il noyabrın 12-də referendumda xalq tərəfindən qəbul edilir. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilməsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir. Hüquqi islahatların həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradılır. Bu Komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatlarının prioritetlərini müəyyən edir və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirir. Azərbaycanda aparılan hüquqi islahatların özülünə ümumbəşəri demokratik prinsiplər, qanunun aliliyi və insan hüquqlarının müdafiəsi kimi fundamental dəyərlər, ədalət mühakiməsinin prinsipləri qoyulur. Eyni zamanda xalqımızın dövlətçilik tarixi və ənənələri, inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi nəzərə alınır.

Bundan əlavə, hüquqi islahatların aparılması, habelə ölkəmizin Avropa təsisatlarına inteqrasiyası məqsədilə 1996-cı il iyunun 8-də Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramı qəbul olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasıchr("39")chr("39")nın müddəaları nəzərə alınmaqla yeni qanunlar hazırlanır".

Hüquqşünas onu da qeyd edib ki, mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir: "Qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı dəyişikliklərin aparılmasına, bu sistemin daha mütərəqqi olmasına, təkmilləşməsinə və müstəqil fəaliyyət göstərməsinə imkan yaratmışdır. Ölkəmizdə məhkəmələr ədalət mühakiməsi ilə bərabər həm də yeni səlahiyyətlər kimi məhkəmə nəzarəti funksiyasını həyata keçirirlər. Belə ki, hər kəsin azadlıq, mənzil və şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və kommersiya sirrini özündə əks etdirən məlumatlar ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həmçinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətləri və ya qərarları üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə nəzarəti həyata keçirilir. İlk dəfə olaraq qanunverici həbs olunmuş və tutulmuş hər bir şəxsin tutulmasının qanuniliyi məsələsinin həll edilməsini məhkəmələrə həvalə edir. Yeni qanunvericilik cinayət təqibi ilə bağlı hər hansı ayrı-seçkiliyi istisna edir, təqsirsizlik prezumpsiyasına təminatlar yaradır. Beləliklə, ölkəmizdə məhkəmə hakimiyyəti həm qanunverici, həm də icra hakimiyyəti tərəfindən hüquq normalarının, ilk növbədə konstitusion normaların pozulmasının qarşısını alaraq dövlətlə vətəndaş arasında hüquq münasibətlərinin tənzimlənməsində saxlayıcı, tarazlayıcı rol oynayır. Başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş 1997-ci ildə qəbul edilən "Konstitusiya Məhkəməsi haqqında" Qanun və sonrakı dəyişikliklər Konstitusiya Məhkəməsinə Konstitusiyanın və qanunların şərh edilməsi, qanunların və digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, dövlətlərarası və hökumətlərarası müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması, insanların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı fərdi şikayətlərə baxılması, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi, Konstitusiyanın müdafiəsinə imkan yaradan digər səlahiyyətlər verilir. Hüquqi islahatlar çərçivəsində həyata keçirilən tədbirlərdən biri də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun qəbul olunmasıdır. Bu qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaradır.

Bundan əlavə, qanun vəkillərin hüquqi statusunu müəyyən edir, ittiham və müdafiə tərəflərinin hüquq bərabərliyini təmin edir, hüquqi müdafiə üzrə konstitusion hüquqlara, məhkəmədə ədalətli araşdırma hüququna və vəkilin müstəqilliyinə təminat verir".

Süleyman İsmayılbəyli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Mənbə:
0
313
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar