Gəncədə partlayıcı maddələrin istehsalı zavodu 2022-ci ildə açılacaq

“AzerBlast” MMC (“AzerGold” QSC-nin törəməsi) 2022-ci ilin sonunadək Gəncədə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı zavodunu istismara verməyi planlaşdırır.

“Məlum olduğu kimi, “AzerGold” “AzerBlast” törəmə şirkətini təsis edib. Dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkətin səhmlərinin 51%-i “AzerGold” QSC-yə, 49%-i isə “DM Servis” MMC-yə məxsusdur. Biz 2022-ci ilin sonuna kimi qabaqcıl innovasiya texnologiyalarının tətbiqi ilə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı zavodunu istismara verməyi nəzərdə tuturuq”, - deyə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Real TV”-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, “AzerBlast” işə salındıqdan sonra iki il ərzində yeni zavodun məhsullarına daxili tələbatı tam həcmdə ödəməyə ümid edir.

“Gələcəkdə sənaye əhəmiyyətli partlayıcı maddələrin qonşu ölkələrə ixracını təşkil etməyi planlaşdırırıq”, - deyə Z.İbrahimov əlavə edib.

“AzerBlast” MMC 2021-ci il martın 9-da dövlət qeydiyyatına alınıb. Şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır. Sözügedən mülki partlayıcılar sənayedə müxtəlif partlatma əməliyyatlarında, tunellərin, magistral yolların, su bəndlərinin tikintisində, eləcə də mədənlərin istismarında geniş istifadə olunur.

“AzerBlast” MMC tərəfindən istehsal ediləcək məhsulların dağ-mədən və tikinti sənayesinin artım templəri fonunda əsas bazar Azərbaycan olmaqla beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır.

2013-cü ildə təsis edilmiş “DM Servis” MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.

Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

 

 

Mənbə:
0
133
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar