Daha bir xəstəxanada əməkhaqqı kartları ilə bağlı maxinasiya aşkarlandı

Daha bir xəstəxanada əməkhaqqı kartları ilə bağlı növbəti maxinasiya ifşa edilib.

"MediaPost"un xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Zinyət İsmayılovanın 13.04.2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən olunub.
İstintaq zamanı vurulmuş maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Hazırda cinayətlərin törədilməsində hər-hansı formada iştirak etmiş digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulmuş maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Xəbərlər departamenti

Mənbə:
0
796
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar