Fransa V Respublikasının Milli Assambleyasının 16-cı çağırış deputatlarının ilk sessiyası keçirilib. Yeni deputatlar tarixdə ilk dəfə Milli Assambleyaya qadın namizədi sədr seçiblər.

AZƏRTAC xəbər verir ki, 51 yaşlı xanım deputat Yael Bron-Pive (Yael Braun -Pivet) iki tur səsvermədən sonra 462 deputatdan 242-sinin səsi ilə Fransa Milli Assambleyasının sədri vəzifəsinə seçilib. Assambleyanın hüquq komitəsinin keçmiş rəhbəri Yael Bron-Pive siyasi karyerasına 2017-ci ildə başlayıb.

Milli Assambleyanın əsas maliyyə komitəsi də daxil olmaqla, qurumun əsas komitə sədrlərinin növbəti günlərdə seçiləcəyi bildirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Məşhur “Succession” serialının dördüncü mövsümünün çəkilişlərinə başlanılıb.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, on bölümlük serialda Roy ailəsinin yeni hekayəsindən bəhs ediləcək.

Qeyd edək ki, serial ilk iki mövsümə görə HBO-nun “Emmi” mükafatına layiq görülüb.

Gürcüstanda turistləri daşıyan iki mikroavtobus toqquşub. Nəticədə bir turist həyatını itirib, 10 nəfərə yaxın adam yaralanıb.

AZƏRTAC xəbər verir ki, hadisə Gürcüstanın Mtsxeta bələdiyyəsinin Nataxtari kəndi yaxınlığında baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis hadisə yerinə cəlb olunub.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Madrid şəhərində Türkiyə, Finlandiya və İsveç liderləri arasında keçirilən görüşdən sonra memorandum imzalanıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.

Müzakirələrdən sonra Finlandiya və İsveç terror təşkilatları tərəfindən Türkiyəyə qarşı həyata keçirilən hücumları açıq və birmənalı şəkildə pislədiklərini, həmçinin terror təşkilatları ilə əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdələrinə götürdüklərini bəyan ediblər.

Bundan başqa, Finlandiya və İsveç Türkiyənin təqdim etdiyi faktlar və kəşfiyyat məlumatları əsasında terrorda şübhəli bilinən şəxslərin deportasiya və ya ekstradisiya tələblərini anında icra etməyə vəd veriblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Konya

Basketbol üzrə milli komandamız Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, A qrupunda yer alan yığmamız birinci turda ev sahibləri ilə üz-üzə gəlib.

Malta basketbolçularına 71-73 hesabı ilə məğlub olan yığmamız növbəti qarşılaşmasını iyunun 29-da Andorra komandası ilə keçirəcək.

İngiltərənin "Liverpul" klubunun hücumçusu Takumi Minamino "Monako"ya keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Monako təmsilçisinin saytı məlumat yayıb.

Yaponiyalı futbolçu ilə 2026-cı ilin iyun ayınadək müqavilə imzalanıb.

2020-ci ildən "Liverpul"da çıxış edən futbolçu İngiltərə Premyer Liqasının 2021-2022-ci il mövsümündə 11 oyunda meydana çıxıb və 3 qol vurub.

Qeyd edək ki, "Monako" klubu ötən mövsümü Fransa Liqa 1-də dördüncü pillədə başa vurub.

Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası iyunun 28-də panel və müzakirələrlə davam edib.

AZƏRTAC xəbər verir ki, şəhər və yaşayış məskənlərinin müasir yanaşma üsulları ilə yenidən qurulması və bərpasına dair panel müzakirələrdə çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ərazilərin bərpası və yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb.

Emin Hüseynov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycanın Qarabağda apardığı bərpa-quruculuq işləri həm UN HABITAT qurumu, həm də Ümumdünya Şəhər Forumunun iştirakçıları üçün yeni perspektivlər açır. Azərbaycan 9-u şəhər olmaqla tamamilə dağıdılmış yüzlərlə yaşayış məskənin sıfırdan bərpa prosesinin necə aparıldığını bütün dünyaya əyani şəkildə nümayiş etdirir. Bu gün Azərbaycanın apardığı bərpa-quruculuq işləri dünyada presedenti olmayan meqalayihədir.

“Azərbaycan hökumətinin ilyarım ərzində həyata keçirdiyi işləri təqdim edəndə tədbir iştirakçıları bir daha şahid oldular ki, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə son dərəcə iddiali layihələr həyata keçirməkdədir, Qarabağda aparılan bərpa-quruculuq işlərini tamamilə ayrı müstəvidə qiymətləndirmək lazımdır”, - deyə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünya üçün nümunədir. Emin Hüseynov deyib: “Heç kim müharibə və dağıntılar arzulamır, lakin təəssüf ki, müasir dövrümüzdə müharibə və münaqişələrin sayı azalmaq bilmir. Total dağıntı və vandalizm aktlarından sonra ölkələr ərazilərin bərpasını həyata keçirməkdə Azərbaycan təcrübəsindən bəhrələnə bilərlər”.

Qeyd olunub ki, belə tədbirlərdə iştirak və təqdimatlar BMT-nin Məskunlaşma Proqramı və digər qurumlarının Azərbaycanda aparılan bərpa-quruculuq işlərinə diqqət və marağını artıra bilər. Eyni zamanda Azərbaycanın təcrübəsini öyrənməklə fərqli ölkələrdə yerli şəraitə uyğunlaşdırılmış uğurlu modellərin tətbiqi üçün də imkanlar açılır: “Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu ilin payız aylarında Milli Şəhərsalma Forumunun keçirilməsi və bu sessiyada iştirak edən təşkilat və ölkə nümayəndələrinin tədbirə dəvət edilməsi planlaşdırılır.“

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Katovitse

İyunun 28-də Heydər Əliyev Mərkəzində “Rezanın daxili Odisseyası” adlı fotosərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkil etdiyi sərgi Azərbaycanla Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.

Açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov sərginin həm mənəvi, həm siyasi dəyərlərini yüksəldən bir sıra məqamları qeyd edib. Bildirib ki, ölkələrimiz arasındakı münasibətlərin tarixi və bugünkü potensialı gələcəkdə ikitərəfli münasibətlərin inkişaf perspektivi üçün böyük imkanların olduğunu sübut edir. Fransanın səfiri Azərbaycanda Türkiyə səfirindən sonra fəaliyyətə başlayan ikinci diplomat olub. Soltan Məmmədov çıxışında, həmçinin 1993-cü ildə Prezident seçilmiş ulu öndər Heydər Əliyevin ilk xarici səfərinin, eləcə də 2003-cü ildə Prezident İlham Əliyevin səfərinin Fransaya olduğunu xatırladıb, bütün bunların Azərbaycanın Fransa ilə münasibətlərə necə önəm verdiyinin bariz nümunəsi olduğunu bildirib.

Qeyd edib ki, dünyaşöhrətli fotoqraf Reza Deqati otuz il əvvəl, eləcə də işğaldan azad edilmiş torpaqlarda bu gün həyata keçirilən quruculuq işlərinin təsvirini, mənzərəsini fotoyaddaşa köçürən bir sənətkardır. Bu işləri Reza Deqati, həmçinin dünya ictimaiyyətinə çatdırır.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxışında Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərin inkişaf etdiyini bildirib. Vurğulayıb ki, bu gün iki ölkənin münasibətləri siyasi, iqtisadi və elmi sahələrdə güclüdür və etimada əsaslanır. Səfir sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Dünyaşöhrətli fotoqraf Reza Deqati çıxışında 13 yaşından etibarən fotoqrafiya ilə məşğul olmasından danışıb. Qeyd edib ki, indiyədək gəzdiyi ölkələrdə insanların müharibədən çəkdiyi əzab-əziyyətin şahidi olub. Vurğulayıb ki, o özünü hərbi fotojurnalist deyil, sülh carçısı hesab edir.

Reza Deqati bildirib ki, bu gün Fransa və Azərbaycanı bu sərgi vasitəsilə bir araya gətirmək onun üçün çox önəmli bir mövzudur. Əslən azərbaycanlı olduğunu deyən Reza Deqati Fransa xalqını da yaxşı tanıdığını bildirib. O, bu sərginin vasitəsilə həm azərbaycanlılara, həm də fransızlara bu iki xalq və ölkə arasında çox-çox yaxınlıq olduğunu göstərmək istədiyini, bu sərginin bir körpü olduğunu deyib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə fotoqraf Reza Deqatinin müxtəlif illərdə Azərbaycana və Fransaya səyahətləri zamanı çəkdiyi fotolar yer alıb. Bu əsərlər ziyarətçilərə Azərbaycan və Fransaya poetik və duyğulu səyahət təklif edir.

Qeyd edək ki, Reza Deqati bugünədək 100-dən çox ölkəyə səyahət edib. Onun işləri kitablar, sərgilər, “National Georaphic” jurnalı, eləcə də digər beynəlxalq mətbuatda yer alıb.

Tanınmış fotoqrafın əsərləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bir sıra layihələrdə də təqdim edilib. Fondun təşkilatçılığı ilə Reza Deqatinin əsərləri Parisdə, UNESCO-nun mənzil-qərargahında, Moskvada, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Brüsseldə Avropa Parlamentində nümayiş olunub.

Heydər Əliyev Mərkəzindəki “Rezanın daxili Odisseyası” adlı fotosərgi iyulun 27-dək davam edəcək.

İyunun 28-də Mingəçevir Dövlət Universitetində (MDU) Kiber təhlükəsizlik laboratoriyasının açılış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, MDU-nun rektoru Şahin Bayramov və digər qonaqlar iştirak ediblər.

Qonaqlar laboratoriyada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, laboratoriya Təhsil Nazirliyinin qrantı əsasında həyata keçirilən “Mingəçevir Dövlət Universitetində kiber təhlükəsizliklə bağlı fənlərin tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Cari ilin yanvar-iyun aylarında icra edilən layihənin əsas məqsədi İnformasiya texnologiyaları təhsili sahəsində MDU-nun potensialını artırmaqdan, kiber təhlükəsizlik üzrə modern təhsil modeli yaratmaqdan, tələbə, müəllim, məzun və tərəfdaşlar arasında kiber təhlükəsizliklə bağlı maarifləndirmə işini gücləndirməkdən ibarətdir. Laboratoriya kiber təhlükəsizlik və bütövlükdə İnformasiya texnologiyaları üzrə yüksək ixtisaslı mütəxəssis-mühəndislər hazırlamağa imkan verəcək və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən platforma rolunda çıxış edəcək. Laboratoriyanın yaradılmasında Qazi Universitetinin MDU-da fəaliyyət göstərən professorları Ercan Nurcan Yılmaz və Cemal Yılmaz yaxından iştirak ediblər. Laboratoriyada mövcud olan 22 kompüter kiber təhlükəsizliklə bağlı müvafiq proqram təminatına malikdir.

İnformasiya texnologiyaları, informasiya təhlükəsizliyi və kompüter mühəndisliyi ixtisasları üzrə seçilmiş fənlərin tədrisinin həyata keçiriləcəyi laboratoriya müvafiq istiqamətlər üzrə tədqiqatların aparılmasına da imkan verəcək.

İsveçin Baş naziri Maqdalena Andersson, Finlandiyanın Prezidenti Sauli Niinistö və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə görüşündə NATO-ya üzvlüklə bağlı razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, üç ölkə başçısının görüşündə əldə olunan razılıq nəticəsində Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı veto hüququndan imtina edib.

İsveçin Baş naziri Maqdalena Andersson görüşlə bağlı deyib: "Görüş uzun çəkdi. Finlandiya Prezidenti Sauli Niinistö və mən terrorla mübarizə qanunvericiliyi çərçivəsində gördüyümüz bütün tədbirlər haqqında məlumat verdik. Diqqətə çatdırdıq ki, iyulun 1-dən biz bu qanunvericiliyi həqiqətən sərtləşdiririk. Bununla yanaşı, ölkələrimizin NATO-ya nə töhfə verə biləcəyini də bildirdik."

NATO-nun Baş katibi Yens Stoltenberqin yaxın saatlarda daha ətraflı məlumat verəcəyi gözlənilir.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

2022/2023-cü il mövsümündə Azərbaycanı Çağırış kuboku yarışında təmsil edəcək kişi voleybolçulardan ibarət “Murov” klubunun rəqibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, mübarizəyə birinci mərhələdən başlayacaq komanda Xorvatiyanın “Kitro Varazdin” klubu ilə qarşılaşacaq.

Mərhələnin ilk oyunları oktyabrın 11-13-də, cavab qarşılaşmaları isə 18-20-də keçiriləcək. Azərbaycan çempionu ilk sınağına səfərdə çıxacaq.

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ikinci günündə - iyunun 28-də 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb - 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb - 1:9. Təmsilçimiz bürünc medal uğrunda güləşəcək.

Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi (3:2), səkkizdəbir finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. Dörddəbir finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub - 1:4. K.Abdullazadə bürünc medal görüşünə çıxacaq.

Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. Güləşçimiz rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, idnançımız norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Q.Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gələcək.

Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub - 3:0. Ancaq dörddəbir finalda gürcü Açiko Bolkvadze keçilməz olub - 1:6. Rəqib finala yüksəldiyi üçün R.Əliyev təsəlliverici görüşə çıxacaq. Mingəçevir güləş məktəbinin yetirməsi ukraynalı Ruslan Abdiyevlə qarşılaşacaq.

Qeyd edək ki, bu çəki dərəcələrində təsəlliverici və medal görüşləri iyunun 29-da keçiriləcək.

İyunun 28-də təhsil naziri Mingəçevir Dövlət Universitetində (MDU) olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Emin Əmrullayev əvvəlcə MDU-un cari il üzrə magistratura məzunlarının dissertasiya işlərindən ibarət “Poster sessiyası”na baxış keçirib. Mühəndislik, iqtisadiyyat və təhsil istiqamətləri üzrə magistratura məzunları ilə səmimi söhbət edən nazir onların tədqiqat işlərinin nəticələri ilə tanış olub və məmnunluğunu ifadə edib.

Sonra təhsil naziri universitetin professor-müəllim və tələbə heyəti ilə görüşüb. Təhsil naziri Prezident İlham Əliyev və birinci xanim Mehriban Əliyevanın ölkəmizdə ali təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğıdan bəhs edib. Emin Əmrullayev MDU-un son illərdəki uğurlu inkişafından danışaraq, ali təhsilin əlçatanlığının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Nazir təhsilin səviyyəsinin keyfiyyətinin daha da yüksəldilməsi üçün nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. O sonda iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Emin Əmrullayev MDU-un “Məzun günü – 2022” tədbirində də iştirak edib. Məzunları təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlara fəxri fərmanlar təqdim edən nazir məzunlarla xatirə şəkilləri çəkdirib.

Sonda MDU-un yeni kampusunun tikiləcəyi əraziyə baxış keçirilib və layihə haqqında nazirə məlumat verilib.

NATO-nun Madrid Sammiti çərçivəsində Türkiyə, Finlandiya və İsveç heyətləri arasında görüş keçirilib.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Andersson bir araya gəliblər.

Dördtərəfli görüşdə Finlandiya və İsveçin hərbi alyansa üzvlük müraciəti müzakirə olunub.

Qeyd edək ki, bu məsələdə Türkiyənin mövqeyi dəyişməzdir. Prezident Ərdoğan dəfələrlə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, alyansın 70 ildir üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar.

Baş katib Yens Stoltenberqin timsalında NATO rəhbərliyi Türkiyənin mövqeyini və qətiyyətini tam haqlı sayır.

Finlandiya və İsveç isə PKK başda olmaqla Türkiyəyə təhdid edən terror təşkilatlarına bu və ya digər formada dəstək verir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Konya

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda 55 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb - 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) N.Quluzadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.

Milli komandamızın üzvü Laçın Vəliyev (87 kq) səkkizdəbir finalda ukraynalı Nikita Alekseyevi üstələyib - 8:5. L.Vəliyev dörddəbir finalda isveçli Alqot Kaellmana gücünü göstərib - 4:1. İdmançımız yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabı ilə qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordana 3:1 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə U-20 millimiz Avropa çempionatına 2 qızıl medalla başlayıb.

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının deputatları partiya sıralarını tərk ediblər.

AZƏRTAC xəbər verir ki, onlar hakim partiyanın aparıcı simaları və kifayət qədər nüfuzlu şəxslərdir.

Deputatlar Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze parlamentdəki vəzifələrindən də istefa veriblər. Onların istefasına parlament çoxluğunun bugünkü iclasında müzakirə edilən məsələlər zamanı ciddi fikir ayrılığı səbəb olub.

Qeyd edək ki, S.Subari, M.Kavelaşvili və D.Xundadze deputat mandatlarını saxlayırlar.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyası çərçivəsində nazirlər səviyyəsində dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirdə çıxış edib. O, bu il Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 30 illik yubileyinin keçirildiyini diqqətə çatdırıb və bu münasibətlə Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində böhranlardan sonra bərpa və yenidənqurmaya həsr olunmuş beynəlxalq tədbirin baş tutduğunu söyləyib.

Qeyd olunub ki, dayanıqlı urbanizasiya üçün beynəlxalq sənədlər olan 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik və Yeni Şəhər Gündəliyi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dünyada Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasına dair üç Könüllü Milli İcmal təqdim etmiş azsaylı ölkələr sırasında yer alır. DİM-lərə nailiyyət indeksi üzrə mümkün 100 baldan 73,5 bal toplayan Azərbaycan Davamlı İnkişaf Hesabatında 163 ölkə arasında 50-ci yerdədir.

Azərbaycan təmsilçisi diqqətə çatdırıb ki, bu gün şəhər əhalisi Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir. Son illərdə şəhər idarəçiliyinin gücləndirilməsi, şəhərsalma planlarında proqnozlaşdırma və ardıcıllığın təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, sosial müdafiənin gücləndirilməsi, nəqliyyat, ekoloji və su idarəetmə sistemlərinin təkmilləşdirilməsi, aztəminatlı ailələrə və digər həssas sosial qruplara dəstək verilməsinə yönəlmiş müvafiq qanunvericilik aktları qəbul edilib, əhatəli və səmərəli siyasət həyata keçirilib.

Bildirilib ki, dayanıqlı şəhərsalma Azərbaycan öz ərazilərini 30 il boyu davam edən işğaldan azad etdikdən sonra daha da dəyər qazanıb. İşğal zamanı urbisid, kulturesid və ekosid nəticəsində 300-dən çox şəhər və kənd, mədəniyyət və dini obyektlər tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi və dəqiq mina sahəsi xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır.

Bu çağırışlara baxmayaraq, Azərbaycan müasir şəhərsalma mexanizmlərini tətbiq etməklə və “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji və sıfır emissiya zonası” əsasında şəhərlərin yenidən qurulmasına başlayıb və artıq nəzərəçarpacaq nəticələr əldə edib. Buraya ən qabaqcıl texnologiyalar vasitəsilə əsas xidmətlərin göstərilməsi, yeni avtomobil yollarının, tunellərin, dəmir yollarının və üç yeni beynəlxalq hava limanının tikintisi daxildir.

Qeyd edilib ki, Azərbaycanın davam edən yenidənqurma və bərpa səyləri BMT-nin Məskunlaşma Proqramı ilə tərəfdaşlığına verdiyi əhəmiyyəti nümayiş etdirir. Qurumun icraçı direktoru xanım Maimuna Mohd Şərifin bu yaxınlarda Azərbaycana səfəri əməkdaşlıqda yeni səhifə açıb.

“Biz qurumun Azərbaycanda Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində oynadığı mühüm rolu yüksək qiymətləndiririk. İllik Milli Şəhər Forumunun bu il Ağdam şəhərində təşkili ilə bağlı müzakirələr son mərhələdədir. Biz bunu bu ilin oktyabrında təşkil etmək niyyətindəyik və fürsətdən istifadə edərək hamınızı münaqişədən sonrakı yenidənqurma prosesləri ilə bağlı geniş spektrli məsələlərin müzakirəsi üçün əla fürsət təqdim edəcəyimiz bu forumda iştiraka dəvət etmək istərdim”, - deyə Anar Quliyev bildirib.

Diqqətə çatdırılıb ki, Azərbaycan da UN HABITAT-ın səylərini qlobal səviyyədə dəstəkləyir. Məhz bu dəstəyin ruhuna uyğun olaraq Azərbaycan beynəlxalq quruma 1,5 milyon ABŞ dolları ayırıb.

Anar Quliyev çıxışının sonunda Azərbaycanın hazırda müasir tarixin ən mürəkkəb və iddialı yenidənqurma- bərpa fəaliyyətini həyata keçirdiyini tədbir iştirakçılarını sessiya çərçivəsində təşkil edilmiş sərgidəki Azərbaycan stendinə baş çəkməyə, orada şəhər planlaması da daxil olmaqla, münaqişədən sonrakı bərpa səylərində əldə edilmiş irəliləyişlərlə tanış olmağa dəvət edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Katovitse

Mərakeşin nüfuzlu “Əl-İslah” qəzetində “Azərbaycan Silahlı Qüvvələri yaranma gününü qeyd edir” başlıqlı məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun ilk nizami hərbi hissəsinin yaradıldığı, 1991-ci ilin oktyabrında isə ölkəmizin öz müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə mərkəzi siyasi hakimiyyətin zəifliyinin dövlət institutlarına, o cümlədən orduya da öz təsirini göstərdiyi və nəticədə Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu qeyd edilir.

Məqalədə, həmçinin Ermənistanın Azərbaycan Respublikasının əhalisinə qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra nizami ordu quruculuğuna başlamasından bəhs olunur.

Qəzet 2016-cı il Aprel döyüşləri, Azərbaycanın yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalması, Azərbaycan Ordusunun gözlənilməz hücumları dəf edərək Tərtər istiqamətində düşməni yüksək dağlıq ərazilərdən çıxarması, Lələtəpənin azad edilməsi barədə söhbət açır.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində müasir hərbi infrastruktur yaradılıb, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, 30 illik erməni işğalından sonra Azərbaycan əraziləri azad edilib.

Oxucuların diqqətinə çatdırılır ki, hazırda bu ərazilərdə genişmiqyaslı tikinti-bərpa layihələri həyata keçirilir, işğal nəticəsində evlərini tərk etməyə məcbur olmuş məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi istiqamətində işlər görülür.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

İyunun 28-də Landau şahmat festivalının açılış mərasimi keçirilib. “Landau School"un, "Nine Senses" İncəsənət Mərkəzi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə dəstəyi ilə təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Şahmat Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Elnur Məmmədov yeniyetmələr arasında şahmat festivalının keçirilməsini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev yay tətili günlərində yeniyetmə uşaqların şahmat turnirində iştirakını onların qədim oyuna olan marağı kimi dəyərləndirib və iştirakçılara uğurlar arzulayıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov yeniyetmələr arasında yarışların təşkilinin federasiya qarşısında əsas vəzifələrdən biri olduğunu söyləyib. “Landau School” rəhbərliyinə minnətdarlığını bildirən federasiya prezidenti turnirin əsl şahmat bayramı kimi yadda qalacağını vurğulayıb.

“Landau School”un baş icraçı direktoru Timur Leznik yarışın keçirilməsinə dəstək olan qurumlara təşəkkürünü bildirib. O, şahmat festivalının yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüldüyünü söyləyib və ilk dəfə təşkil edilən turnirin hər il davamlı keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Rəsmi şəxslər müxtəlif şahmat taxtalarında ilk gedişi etdikdən sonra 2-ci tura start verilib.

Qeyd edək ki, "Landau School"un "Sea Breeze" korpusunda keçirilən festivalda 4 müxtəlif yaş qruplarında 8, 10, 12, 14 yaşadək oğlan və qızlar qüvvələrini sınayırlar. 155 yeniyetmənin iştirak etdiyi turnir İsveçrə sistemi ilə keçirilir və 8 turdan ibarətdir.

Qızlar və oğlanlar arasında hər yaş qrupunda ilk üç yeri tutacaq iştirakçılara qiymətli hədiyyələr və diplom təqdim olunacaq.

Şahmat festivalına iyulun 3-də yekun vurulacaq.

Monteneqronun Baş naziri Dritan Abazoviç ölkəsinin payızda enerji böhranı ilə üzləşə biləcəyi barədə narahatlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu barədə dəfələrlə həyəcan təbili çaldığını diqqətə çatdırıb. O, bütün nazirlərin mövzunu diqqətdə saxladığını bildirib.

“Əgər Rusiya payızda Qərbi Balkan ölkələrinin ehtiyac duyduğu təbii qazı göndərməsə, bu ölkələr elektrik enerjisi istehsalına başlayacaqlar. Enerji böhranı zamanı maliyyə vəsaitimiz olsa belə, elektrik enerjisindən istifadə edə bilməyəcəyik. Ümid edirəm ki, belə bir vəziyyətlə qarşılaşmayacağıq”, - deyə Baş nazir qeyd edib.

D.Abazoviç, həmçinin bildirib ki, iyulun 31-dək gözlənilən irəliləyişə nail olunarsa, Monteneqro Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqların yekun mərhələsinə qədəm qoyacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Energetika naziri Pərviz Şahbazov İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Guiseppe Marinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə şirkətlə energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, “yaşıl enerji” layihələri və “yaşıl elektrik” ixracı planları haqqında danışıb. Ölkəmizdə təbii qazın elektrik enerjisi istehsalı ilə enerji resurslarının şaxələndirilməsi istiqamətində vacib rolunu qoruduğu bildirilib. Qeyd edilən bütün sahələrdə özəl şirkətlərlə əməkdaşlığın prioritet istiqamətlərdən olduğu vurğulanıb.

Baş icraçı direktor Cuzeppe Marino isə şirkətin fəaliyyəti, başa çatdırılmış qlobal layihələri və son illərdə əldə edilmiş uğurları haqında məlumat verib, ənənəvi elektrik stansiyaların qurğu və avadanlıqlarının təbii qazla yanaşı hidrogen istifadəsi üzrə modifikasiyası istiqamətində nailiyyətləri barəsində danışıb.