Asim Mollazadədən enerji strategiyası ilə bağlı təklif: “Azərbaycanda günəş panelləri istehsal edilməlidir”

"Biz Qarabağı yenidən cənnətə çevirmək, oradakı yaşıl təbiəti qorumaq üçün mütləq alternativ bərpa olunan enerjidən istifadə etməliyik”.

Bu sözləri Milli Məclisin plenar iclasında millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara sürətli qayıdış üçün zəruridir.

Ölkə prezidentinin Qarabağa qayıdışla bağlı müvafiq göstəriş və strateji planlarını xatırladan millət vəkili, onların sürətlə həyata keçirilməsi üçün qanunvericilik bazasını yaratmağa məcbur olduğuqlarını qeyd edib.

"Çünki Qarabağa qayıdış Azərbaycan xalqının ən böyük hədəfi və istəyidir. Bununla yanaşı, "Yaşıl Azərbaycan” layihəsinin də böyük önəmi var. Biz çalışmalıyıq ki, tədricən dünyanın inkişaf etmiş digər ölkələri kimi konvensional enerjidən elektrikin istehsalını alternativ bərpa olunan mənbələrlə əvəz edək, - deputat deyib.

Azərbaycanın neft strategiyasının böyük uğur qazandığını vurğulayan Asim Mollazadə deyib:

"Britiş Petroleum şirkəti neft strategiyamızın qurulmasında, istər "Əsrin müqavilə”ndə, istərsə də kəmərlərin inşasında bizimlə birlikdə olub. İndi Britiş Petroleum şirkəti öz strategiyasının 2030-cu ilə qədər konvensional enerjidən alternativ enerjiyə keçid olduğunu bəyan edib. Bilirsiniz ki, bu yaxınlarda Britaniyanın İxracat naziri Qraham Styuart Azərbaycanda olmuşdu. Azərbaycanın dövlət başçısı onunla görüşdə də qeyd etdi ki, Azərbaycan konvensional enerji sahəsində uğurlu strategiyasına baxmayaraq, hazırda öz strategiyasını məhz bərpa olunan enerji mənbələri istiqamətində dəyişdirir. Bu, ölkəmiz üçün çox strateji bir istiqamətdir”.

Deputatın fikrincə, Azərbaycan alternativ enerji sistemlərinin istehsalına başlamağa çalışmalıdır: "Əgər artıq fermerlərimiz öz təsərrüfatlarında günəş panellərindən istifadəyə başlayıbsa, hətta evləri günəş panelləri ilə təchiz ediriksə, deməli, bu panellər Azərbaycanda istehsal edilməlidir. Bunun texnologiyaları o qədər də çətin deyil”.

Asim Mollazadə əlavə edib ki, indi pilot layihələr var, beynəlxalq şirkətlərlə onların icrasına başlayırıq. Gələcək planlar Azərbaycanda bərpa olunan enerji mənbələrinə əsaslı keçid üzərində qurulmalıdır.

Odur ki, millət vəkili "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunun çox mühüm, ölkənin strategiyasını müəyyənləşdirən qanunlardan biri olduğunu deyib.

Mənbə:
0
629
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar