“ASAN xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verib

Ölkəmizin bu intellektual məhsulu dünyada tanınır

Hər bir insanın mütəxəssis kimi yetişdirilməsinə, formalaşdırılmasına və cəmiyyətdə rolunun artırılmasına qısa vaxtda nail olmaq mümkün deyil. Təbii ki, bunun üçün ilk növbədə münbit şərait yaradılmalıdır. Bu istiqamətdə görülən işlərin əsas məqsədini açıqlayan ölkə başçısı demişdir: “İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət göstərir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir”.

 

Bəli, ölkə başçısının rəhbərliyə başladığı ilk dövrlərdə söylədiyi bu fikirlər artıq həyatda öz təsdiqini tapmaqdadır. İllər sonra “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur” - deyən Prezident fikrini əsaslandıraraq Ağcabədi rayonunda “ASAN həyat” mərkəzinin açılışında belə söyləmişdir: “Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiya və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur... o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır”.

 

Dövlət başçısının dediyi kimi, “ASAN xidmət” mərkəzlərinin yaradılması innovasiyadır və təbii ki, ölkədə formalaşan bacarıqlı, təcrübəli mütəxəssislərin intellektinin məhsuludur. “ASAN xidmət” Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərdir. ASAN sözünün açılışı ingiliscə “Azerbaijan Service and Assessement Network”, azərbaycanca “Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi” deməkdir və o, bir qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk “ASAN xidmət” mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb.

 

Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsini, vətəndaşların sosial təminatlarının əhatə dairəsinin genişləndirilməsini hədəfləyən kompleks tədbirlər həyata keçirilir. Elə respublikamızda inklüzivliyin artırılmasına, sosial xidmətlərə əlçatanlığın təmin olunmasına geniş imkanlar açan “ASAN xidmət” mərkəzlərinin yaradılması bunun əyani sübutudur.

 

Bu xidmət vasitəsilə vətəndaş məmnunluğuna yönələn şəffaf və elektron xidmətlərin tətbiqi getdikcə genişləndirilir. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti cəmiyyətimizdə, eləcə də beynəlxalq aləmdə təqdir olunur və bu təcrübə Azərbaycan modeli kimi böyük maraq doğurur.

 

Operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində kadrların bilik və bacarıqlarının, peşəkarlığının yüksəldilməsi, etik qaydalara dönmədən əməl olunması, ixtisaslarının artırılması daim diqqətdə saxlanılır. Agentliyin yaradılması ilk növbədə vətəndaş-dövlət qulluqçusu” münasibətlərinin inkişafı, vəzifəli şəxslərdə yeni düşüncə tərzinin və fəaliyyət üslubunun formalaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dünyada nadir təcrübə olan “ASAN xidmət” məhz Azərbaycan brendi kimi dünyada ad çıxarmış, bir sıra ölkələrdə bu mütərəqqi təcrübənin tətbiq edilməsi müzakirə mövzusuna çevrilmişdir.

 

“ASAN xidmət” mərkəzlərində innovasiyaların tətbiqinə geniş meydan verilir ki, bu da Azərbaycan dövlətinin gələcəyə baxışı ilə tam uzlaşır. Həmin mərkəzlərdə müasir texnologiyaların tətbiqi bir tərəfdən göstərilən xidmətlərə əlçatanlığı artırır, digər tərəfdən isə vətəndaş-məmur təmasları minimuma enir, şəffaflıq yüksək səviyyədə təmin edilir. Bütün bunlar isə son nəticədə ölkədə vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin olunmasını şərtləndirir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur və onun fəaliyyəti Azərbaycanda innovasiyaların inkişafına da çox böyük təkan verir.

 

“ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. Bu qurumun əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

 

Hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox, “ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərindən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

 

“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir” - deyən Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərini yaratmaqla dünyada analoqu olmayan bir addım ataraq bürokratik əngəlləri aradan qaldırmaqla insanların daha rahat yaşamasını təmin etdi. Bu, dünyada öyrənilən şəffaflığın Azərbaycan modelidir.

 

Onu da qeyd edək ki, “ASAN xidmət”in timsalında ölkəmizin ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər baş verdi. Bu addımdan sonra Azərbaycanda ictimai münasibətlərin yeni fəlsəfəsi formalaşdı. Xidmətin istifadəyə verilməsinə qədər vətəndaşlar ictimai xidmət sahəsində tez-tez rüşvətxorluqla, korrupsiya ilə qarşılaşırdı. Məhz “ASAN xidmət” vətəndaşları bu bəladan xilas etdi və onlara yüksək səviyyəli xidmətin göstərilməsinə başlanıldı.

 

Prezident İlham Əliyev qeyd edir ki, “harada güclü iradə, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq”. “ASAN xidmət” məhz belə bir nəticənin əldə olunmasıdır. Dövlət başçısının “ASAN xidmət” sadəcə bir xidmət mərkəzi deyil, tamamilə yeni bir təfəkkürün ortaya qoyulması, ictimai münasibətlərdə tamamilə yeni fəlsəfənin tətbiq edilməsidir” sözləri də təsadüfi deyil. Çünki bu xidmətin fəaliyyətə başlaması rüşvətxorluğa qarşı ən effektiv addımlardan biridir.

 

“ASAN xidmət”in tərkibinə “ASAN Kommunal”, “ASAN həyat”, ABAD - Ailə Biznesinə ASAN Dəstək layihəsi də daxildir. ABAD layihəsi dövlət ailə təsərrüfatlarının inkişafında xüsusi rol oynayır: respublikanın müxtəlif yerlərində fəaliyyət göstərən ailə təsərrüfatları öz məhsullarını bazara çıxarır, eyni zamanda, ixrac etmək imkanı qazanırlar. ABAD xətti ilə yaradılan kiçik istehsalat sahələri də özünüməşğulluq proqramına böyük dəstəkdir. Ölkədə ictimai münasibətlərin tamamilə yeni formasının tətbiqi olan “ASAN xidmət” beynəlxalq müstəvidə Azərbaycan haqqında düzgün təsəvvürün yaranmasında da xüsusi rol oynayır.

 

Bu gün dünyanın 8 ölkəsi “ASAN xidmət” milli brendinin tətbiqi ilə bağlı Azərbaycanla müqavilə imzalayıb. “ASAN xidmət” həm də BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi, dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi beynəlxalq səviyyədə tanınır.

 

BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə “Dövlət xidmətlərinin göstərilməsi sahəsində araşdırılma aparılmış “Vahid məkan prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi modeli: Azərbaycanın nümunəsi” adlı analitik araşdırmanın nəticələri hazırlanmışdır. Araşdırmada Azərbaycanın “ASAN xidmət” modelinin yaradılmasının əsasları, konsepsiyası, fəaliyyət prinsipləri, innovativ üstünlükləri və əsas nailiyyətlərinin nəzəri və praktiki aspektlərindən bəhs edilir, dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir. BMT-nin İnkişaf proqramının Avropa və MDB ölkələri üzrə regional direktorunun müavini və direktor vəzifələrinin müvəqqəti icraçısı Rastislav Vrbenski deyib: “Azərbaycan “ASAN xidmət” modelini yaratdığı üçün qürur duymalıdır”.

 

Ölkə başçısının Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvanda tikilməkdə olan “ASAN xidmət” mərkəzində görülən işlərlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Bu gün “ASAN xidmət” mərkəzinin tikintisi ilə tanış oldum. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Artıq göstəriş vermişəm ki, Naxçıvanda da DOST Mərkəzi yaradılsın. Bu da sosial təminat və pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir”.

 

Bütün bunlar onu göstərir ki, qazanılan uğurların təməlində iqtisadi inkişafın sosialyönümlü olması, hər bir vətəndaşın maddi rifahının yüksəldilməsi dayanır. Digər tərəfdən “ASAN xidmət”in beynəlxalq səviyyədə dəyərləndirilməsi isə Azərbaycanın intellektual məhsulunun dünyada tanınmasının nümunəsidir.

 

Zümrüd QURBANQIZI,

“Respublika”.

Mənbə:
0
576
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar